Əgər bir xalqın dövlətçilik ideyaları yalan əsasında qurulursa, o zaman həmin xalqın mövcud olduğu bütün tarixi dövrlərdə onu təmsil edən millətin də bütün həyatı yalanlar və uydurmalar üzərində keçəcək. Əlbəttə, müəyyən vaxtlarda bu xalq öz yalanlarına hətta dünyanı belə inandırmağa müəyyən qədər nail ola bilər. Lakin belə hallar hər zaman müvəqqəti olacaq və həqiqət gec-tez öz yerini tapacaq. Necə ki, Azərbaycanın möhtəşəm Zəfərlə başa vurduğu Vətən müharibəsi ermənilərin bir çox yalan və uydurmalarını, eləcə də uzun illər boyu bütün dünyanı inandırmağa çalışdıqları miflərini ifşa etdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.
Deputat vurğulayıb ki, Ermənistanın hərbi-siyasi rejimi bir çox digər epizodlarda olduğu kimi, Hadrut qəsəbəsinin işğaldan azad edildiyi ilk günlərdə də özünü bütün beynəlxalq təşkilatlar və dünya birliyi qarşısında olduqca gülünc vəziyyətə qoydu. “Yenilməz erməni ordusu” mövzusunda nağıllar çox güman, erməni təbliğatında “böyük Ermənistan” mifoloji konsepsiyasından sonra ikinci yerdə dururdu. Lakin Azərbaycan Ordusu onların bir çox digər yalanları kimi, bu uydurmalarını da Vətən müharibəsinin ilk günlərindəcə darmadağın etdi. On min nəfər fərarisi olan işğalçı ordunun hansı “yenilməzliyi”ndən, hansı “şücaəti”ndən danışmaq olar? Lakin erməni təbliğatı ağ yalanlarını Vətən müharibəsinin gedişində də səngitmirdi. O cümlədən müzəffər Ordumuz tərəfindən artıq Hadrut qəsəbəsi işğaldan azad olunduqdan sonra belə erməni informasiya vasitələri bu faktı danmağa və təkzib etməyə çalışırdılar. Çünki Hadrut əməliyyatı həqiqətən də Vətən müharibəsinin gedişində xüsusi əhəmiyyət kəsb edirdi. Məhz Hadrutun götürülməsindən sonra artıq Qarabağın işğal olunmuş digər ərazilərinin də tezliklə azad ediləcəyi ilə bağlı heç kimdə şübhə qalmamışdı. Ermənistan rəhbərliyi və bu ölkənin Müdafiə Nazirliyi isə hələ də bəyan edirdi ki, Hadrut ermənilərin əlindədir. Guya onlar Azərbaycan əsgərlərini Hadrutdan çıxarıblar. Bütün bu yalanları müşahidə edən beynəlxalq ekspertlər də təəccüblənir və rəsmi İrəvanın mövqeyini başa düşmürdülər. Çünki bütün dünya uzun illər boyunca erməni təbliğatının bir çox uydurma cəfəngiyyatlarını qəbul edib və onlara inanıb. Prezident İlham Əliyevin oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüş zamanı etdiyi çıxışında vurğuladığı kimi, Ermənistan təbliğatı istər işğal dövründə, istər müharibə dövründə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulub. Onların tarixi də saxtadır, keçmişi də saxtadır, dövlətçiliyi də saxtadır, mifologiyası da saxtadır. Sadəcə olaraq, dünya erməniləri yaşadıqları ölkələrdə elə bir yalan rəy yaratmağa müyəssər olmuşdular ki, guya Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb. Halbuki, Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər. O vaxta qədər burada ermənilər əlbəttə ki, yaşamayıblar.
Aqiyə Naxçıvanlı qeyd edib ki, ermənilərin işğal olunmuş ərazilərdə, o cümlədən Hadrut qəsəbəsində 30 il ərzində heç bir quruculuq işləri aparmamaları da onların bu torpaqlara heç zaman sahib olmadıqlarının və bundan sonra da ola bilməyəcəklərinin əyani sübutudur. “Hadrut qəsəbəsinə baxdıqda hər kəs bir daha görür ki, ermənilər bu torpaqları özləri üçün doğma torpaq saymırdılar. Burada 30 il ərzində kütləvi səfalət hökm sürüb, heç bir quruculuq işi aparılmayıb. Əksinə, azərbaycanlıların illər əvvəl burada tikdikləri evlər, binalar, məktəblər, səhiyyə və mədəniyyət obyektləri də dağıdılıb, talan edilib. Halbuki, 30 il ərzində Ermənistan dövləti xarici ermənilərdən milyonlarla pul alıb. Bəs yığılan bu pullar hara gedib? Deməli, Ermənistan rəhbərliyi, onun keçmiş oğru rəhbərliyi, sadəcə olaraq, dünyanın zəngin ermənilərini aldadaraq, marafonlar düzəldərək o pulları cəlb edib özləri üçün bildikləri kimi xərcləyiblər. Əlbəttə, torpağın əsil sahibləri belə etmir. Artıq Hadrut işğaldan azad olunandan dərhal sonra Azərbaycan digər ərazilərdə olduğu kimi, burada da irimiqyaslı bərpa-quruculuq işlərinə başlayıb. Prezident İlham Əliyevin Xocavənd rayonuna səfəri zamanı baş tutan təməlqoyma mərasimləri və digər tədbirlər də bu işlərin vüsətindən xəbər verir”, - deyə deputat bildirib.
Yeni yaradılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında yol infrastrukturu layihələrinin mühüm rol oynayacağını vurğulayan Aqiyə Naxçıvanlı deyib: “Dövlət başçımızın oktyabrın 9-da Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işlərinin gedişi ilə tanış olması da bir daha bu işlərin dövlət tərəfindən xüsusi diqqət mərkəzində saxlandığını göstərir. Xüsusilə Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun öz başlanğıcını Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməsi Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun əhəmiyyətini daha da artırır. Eyni zamanda Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla, sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək. Həmçinin layihəyə görə Füzuli-Hadrut avtomobil yolu da öz başlanğıcını Zəfər yolundan götürməklə Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşəcək. Bütün bu işlər bir daha onu nümayiş etdirir ki, bu torpaqlara artıq onların əsil sahibləri geri dönüblər və bu qayıdış əbədidir, dönməzdir”.