Regionda sülh yaranmasına bütün vasitələrlə mane olmağa çalışan Ermənistan məkrli niyyətini bu və ya digər formada gizlətməyə çalışsa da, faktlar hər şeyi ortaya qoyur. Fevralın 21-də Ermənistan silahlı birləşmələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun Naxçıvanın Sədərək rayonundakı və Tovuzdakı mövqeləri, həmçinin Kəlbəcərin Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri, Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub. Ermənistan bu təxribatla nəyə nail olmaq istəyir?
İkinci Qarabağ müharibəsində məğlub olmuş Ermənistan yenə də özünə yığışmır, işğalçılıq siyasətini davam etdirməkdədir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva söyləyib.
Avropa İttifaqının missiyasının bu günlərdə Ermənistanda fəaliyyətə başlamasına münasibət bildirən deputat deyib: “Azərbaycan dəfələrlə bildirib ki, Avropa İttifaqının missiyasının gəlişi regionda vəziyyətin sabitləşməsinə deyil, gərginləşməsinə xidmət edəcək. Missiyanın fəaliyyətə başlanmasından bir gün sonra mövqelərimizin atəşə tutulması bunun təsdiqidir. Missiyanın fəaliyyətə başlamasından cəmi bir gün sonra Ermənistan ordusuna məxsus silahlı dəstələr həm Ermənistan ərazisindən, həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdən Azərbaycan ərazilərini atəşə tutub. Ermənistan kimə və nəyə arxayındır? Təcavüzkar ölkə unutmasın ki, sirkə nə qədər tünd olsa, öz qabını çatladır. Ermənistana elə gəlir ki, avropalı müşahidəçilərin regionda olması ona “təhlükəsizlik mühiti” yaradır.
Avropa İttifaqı bu missiyanı “mülki missiya” adlandırsa da, fəaliyyətə başladığı gün yaydığı açıqlamada ilk dəfə etiraf etdi ki, missiyada iştirak edən 100 nəfərdən 50-si silahsız müşahidəçidir. Bəs qalan 50 nəfəri? – onlar silahlı şəxslərdir. Maraqlıdır, Ermənistan rəhbərliyi ölkəyə Aİ-nin silahlı missiyasını buraxdığını indiyədək ictimaiyyətindən niyə və nə məqsədlə gizlədib? Bəs İran hansı maraqlara görə sərhədinə avroplılardan ibarət silahlı missiyanın gəlişini sükutla qarşılayır. Rusiya isə Aİ missiyasının Ermənistanda yerləşdirilməsinə neqativ münasibətini gizlətməsə də, onu regiondan sıxışdırıb çıxartmaq cəhdlərinə qarşı təsirli tədbirlər görmür”, - deyə deputat qeyd edib.
Azərbaycanın haqq yolunda olduğunu bildirən Səbinə Xasayeva vurğulayıb ki, ölkəmiz üçün erməniliyə xidmət edən silahlıların hansı ölkənin, hansı missiyanın arxasında gizlənməsinin heç bir əhəmiyyəti yoxdur. Ermənistan təxribatlara cavab verməli olacaq və ciddi şəkildə cəzalanacaq.