Ermənistan sülh gündəliyini qəbul etməlidir

İlk növbədə onu qeyd etmək lazımdır ki, Ermənistanın 30 illik işğalına, etnik təmizləməyə və kütləvi dağıntılara baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsindən az sonra xoş niyyət nümayiş etdirərək ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında sülh gündəliyini irəli sürmüşdür. Ölkə Başçısı dəfələrlə vurğulamışdır ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqlar və Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar bir-birindən tamamilə ayrı iki xətdir.

Xatırladım ki, bununla bağlı Azərbaycan tərəfi hələ 2020-ci ildə əsas mahiyyəti ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınmasından ibarət olan və sülh müqaviləsinin əsasını təşkil edəcək məşhur 5 prinsipini Ermənistana təqdim etmişdir. 2022-ci ilin oktyabr ayında Praqa və Soçidə keçirilmiş görüşlərdə Azərbaycan və Ermənistan 1991-ci il Almatı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı şəkildə tanıdıqlarını bəyan etmişdir. Ermənistan lap əvvəldən Qarabağ məsələsinin sülh sazişində yer almasına çalışırdı, lakin bu yanaşma Azərbaycan üçün qəbuledilməzdir. Biz 2022-ci ilin sonuna qədər sülh sazişinin imzalanmasına ümid edirdik. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə buna nail ola bilmədik. 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın müddəaları Ermənistan tərəfindən kobudcasına pozulur. Ermənistan ordusunun qalıqları hələ də Azərbaycan ərazilərindən tam olaraq çıxarılmayıb. Bizdə olan məlumatlara əsasən, Qarabağ bölgəsində təxminən 10 minlik şəxsi heyət qalmaqdadır. Qanunsuz erməni silahlı dəstələri yeni postlar və mühəndis-istehkam qurğuları yaradır, ərazilərimizi 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalarla çirkləndirir, Azərbaycan ordusunun mövqelərini atəşə tutur. Faktiki olaraq yeni “təmas xətti” qurmağa çalışırlar.

Qarabağ münaqişəsi həll olunub. Qarabağ Azərbaycan ərazisidir. Azərbaycan üçün Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxıb. Təsadüfi deyil ki, Brüssel, Moskva, Praqa, Soçi görüşlərində qəbul edilən sənədlərdə Qarabağa istinad yer almır. Qarabağda yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyinin müzakirə olunması üçün hər hansı bir beynəlxalq mexanizmin yaradılmasından söhbət gedə bilməz və biz heç zaman buna razılıq verməmişik. Ermənistanın bununla bağlı iddiaları tamam məntiqsizdir və süni gərginlik yaratmaq məqsədi daşıyır.

Qarabağda yaşayan erməni sakinlərin hüquq və azadlıqlarına gəlincə, ilk növbədə qeyd etmək istəyirəm ki, fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir və Azərbaycan özünün suverenliyinə aid olan məsələləri digər üçüncü tərəflə müzakirə etməyəcək. Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun həll olunacaq. Erməni sakinlərə heç bir xüsusi imtiyazın verilməsi nəzərdə tutulmur. Dediyim kimi, bu məsələnin Ermənistana və digərlərinə heç bir aidiyyəti yoxdur. Ermənistanla olan sərhəddə hərəkət etmək azadlığı bloklanmayıb. Ermənistanla sərhədimizdə sərhəd-keçid məntəqəsinin qurulması bizim legitim hüququmuzdur və heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmir. Aprelin 23-dən etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib. Qarabağda yaşayan ermənilərə seçim hüququ veriləcəkdir. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar və onlar onsuz da Azərbaycanın çox zəngin olduğu digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər

Ermənistan məqsədli şəkildə prosesi pozaraq Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınır və vaxt udmağa çalışır. Ermənistan rəsmilərinin “Qarabağın ətrafında demilitarizasiya olunmuş zonanın yaradılması”, “BMT-nin fakt-araşdırıcı missiyasının Qarabağa, Laçın yoluna göndərilməsi” kimi açıqlamaları qəbuledilməzdir.

Ermənistan başa düşməlidir ki, onun gələcəyi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçir. Buna görə, Ermənistan ərazi iddialarından, müxtəlif narrativlər adı altında Azərbaycanın daxili işlərinə müdaxilədən əl çəkməli, Prezident İlham Əliyevin sülh gündəliyini qəbul etməlidir.

 

Əminə Ağzadə,

Millət vəkili