Son bir neçə həftə ərzində Vaşinqtonda, Brüsseldə, Moskvada və Kişinyovda keçirilən danışıqlar Azərbaycan - Ermənistan arasında münasibətlərin və mövqelərin anlaşılmasına imkanlar yaradır, tərəfləri sülh sazişinin imzalanmasına yaxınlaşdırır. Əgər Ermənistan siyasi iradə nümayiş etdirib xarici təsirlər buxovundan xilas ola bilərsə o vaxt sülhün tənin olunmasına heç bir şübhə ola bilməz. Ancaq çox təəssüflər olsun ki, Nikol Paşinyan taleyüklü məsələlərin həllində, xüsusilə sülh sazişinin imzalanmasında qətiyyətli mövqe sərgiləmir və son məqamda xarici dövlətlərin, ona himayədarlıq edənlərin diktəsinə, fikirlərinə arxalanır. Bu gün Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır, separatizmi dəstəkləmir, milli azlıqların hüquqlarına hörmətlə yanaşır, başqalarının torpaqlarında gözü yoxdur və müstəqil siyasət yürüdür. Ermənistanda isə bunun tamamilə əksinədir. 44 günlük müharibədə ağır, sarsıdıcı zərbə almasına baxmayaraq Ermənistan dövləti, onun rəhbərləri, siyasi dairələri yenə də torpaq iddiasında, müharibə əhval - ruhiyyəsindədirlər. Onlar separatizmə və terrora dəstək verməklə, başda Fransa olmaqla bəzi dövlətlərin köməyinə arxalanmaqla, digərlərinin diktəsi ilə hərəkət etməklə müstəqilliklərini tamamilə güdaza vermişlər. Baş nazir Paşinyanın mövqeyi anlaşılan deyil və o, bir neçə dövlətdən asılı vəziyyətdədir. Çünki onu hakimiyyətə gətirən həmin dövlətlər qarşısında öhdəlikləri vardır və onların dediklərini etməlidir. Bu sırada Azərbaycana, Türk dünyasına düşmən kəsilən Fransanın mövqeyi hər birimizə aydındır. İran da təcavüzkarlara öz dəstəyini əsirgəmir və əlaqələrin möhkəmləndirilməsi daha sürətlə davam edir. Qərbin təsiri, Rusiyanın mövqeyi Paşinyanı iflic vəziyyətinə salmışdır. Əlbəttə bu vəziyyət onun xəyanətkar əməllərindən, bir yox bir neçə dövlətə sığınmasından, ona uzun müddət arxa olanları satmasından, öz dostlarına arxa çevirməsindən qaynaqlanır. Ancaq Azərbaycanın dünyada artan nüfuzu, dövlətimizin rəhbəri İlham Əliyevin düşünülmüş siyasi gedişləri Ermənistanı sülhə gəlməyə, götürdüyü öhdəlikləri, imzalanmış bəyanatlardan, danışıqlardan irəli gələn vəzifələri yerinə yetirməyə məcbur edəcəkdir.
Tahir Rzayev
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri