Nəsib Məhəməliyev: “Rusiya sülhməramlıları erməni terrorçunu dərhal fiziki olaraq məhv etməli idilər”
Son vaxtlar ermənilər tərəfindən təxribat xarakterli addımların sayı artmaqdadır. Laçın və Şuşada baş verən son olaylar erməni təxribatlarının sistemli xarakter almağa başladığını göstərir.
Maraqlıdır, Vətən müharibəsində hərbi potensialının 80%-ni itirən Ermənistanın yeni qarşıdurmaya cəhd etməsi nə dərəcədə anlaşılandır? Məğlub Ermənistan özündə bu cəsarəti haradan alır?
Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Erməni separatçısının hərbçilərimizin xidməti postuna əl qumbarası atması terror hadisəsidir və ən ağır şəkildə cəzalandırılmalıdır. Əks halda, yeni terror hadisələrinin törədiləcəyi şübhəsizdir. Burada məsuliyyət Rusiya sülhməramlılarının üzərinə düşür və onlar terrorçunu dərhal fiziki olaraq məhv etməli idilər. Terrorla mübarizədə effektiv İsrail təcrübəsi var. Heç bir halda terrorçulara güzəşt olunmur.
Nəzərə almaq lazımdır ki, Ermənistan, dünyanın bir çox ölkələrində diplomatları, siyasətçiləri, qətlə yetirən terror dövlətidir və bu sahədə geniş təcrübəyə malikdir. İnsanlıq əleyhinə ən ağır cinayətlər törətmiş qatı terrorçuları milli qəhrəman səviyyəsinə qaldıran toplumdur.
Heç kimə sirr deyil ki, hər bir terrorun arxasında siyasi məqsədlər dayanır. Mənə elə gəlir ki, bu terrorun da əsas məqsədi, 44 günlük müharibədə darmadağın olmuş və psixoloji baxımdan sındırılmış və alçaldılmış erməni əsgərinin döyüş ruhunu qaldırmaqdır.
Eyni zamanda, nizamlama prosesini əngəlləmək, 10 noyabr üçtərəfli bəyanatla razılaşdırılmış bəzi müddəaların icrasından yayınmaq məqsədi daşıyır. Bu yaxınlarda, Rusiya prezidentinin sözcüsü Dmitri Peskov dövlət başçılarının yaxın vaxtda görüşünün baş tutacağını bəyan etdikdən dərhal sonra, bir çox erməni siyasətçiləri, politoloqları bunun əleyhinə çıxdıqlarını, hər hansı sülh müqaviləsinin bağlanmasına imkan verməyəcəklərini bildirdilər.
Digər tərəfdən, düşünürəm ki, Türk dünyasının güclənməsi, inteqrasiya proseslərinin sürətlənməsi, bir çox dairələrin narahatlığına səbəb olur. Bu istiqamətdə müvəffəqiyyətlər əldə olunduqca, bədxahların ,,sürprizlərinə ,, hazır olmalıyıq.
Ermənistanın gücü haradan alması, bəlli məsələdir. Ermənistan bu gücü ilk növbədə regionda maraqları olan ənənəvi geosiyasi güclərdən və biabırçı məğlubiyyətlə barışa bilməyən daxili millətçilərdən alır. Erməni cəmiyyəti yekdil deyildir. Cəmiyyətin daxilində müxtəlif xarici orqanlara xidmət edən destruktiv qüvvələr var. Onlar istənilən an, öz xəstə ideyalarını yeritmək naminə cinayət işlətməyə hazırdırlar. 1999-cu ildə parlamentdə baş nazirin, parlament rəhbərliyinin güllələnməsi və s. buna sübutdur. Amma Ermənistanın yaxın illərdə Azərbaycanla qarşı-qarşıya gəlməsi, genişmiqyaslı müharibə aparması qeyri-mümkündür”.