"Qələbəmiz Azərbaycan tarixinin qızıl səhifəsidir"

Milli Məclisin deputatı Nəsib Məhəməliyevin Pravda.az-a müsahibəsi:

- Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənədi necə qiymətləndirirsiniz?

- İşğalda olan torpaqlarımızın azad edilməsi münasibəti ilə başda Ali Baş Komandan İlham Əliyev olmaqla xalqımızı təbrik edirəm. Doğrudan da, tarixin müəyyən obyektiv səbəblərindən çox keşməkeşli yol keçmişik. Müxtəlif imperiyaların tərkibində olsaq da, milli kimliyimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, dinimizi, mili-mənəvi dəyərlərimizi saxlamışıq. Qələbəni tam təsəvvür etmək üçün söz acizdir. Çünki bunu danışmaqla deyil, hiss etməklə qiymətini vermək olar. Xalqımızın sevinci hər şeyi deyir. Hesab edirəm ki, minilliklər keçsə də, Azərbaycan xalqının qazandığı qələbə yaşacaq. Bu, tarixin qızıl səhifəsidir. Gələcək nəsillər tariximizlə qürur hissi keçirəcəklər, fəxrlə danışacaqlar...Razılaşmanı birmənalı dəstəkləyirəm. Hesab edirəm ki, razılaşma indiki vəziyyətdə xalqımızın maraqlarına tam cavab verir. Bununla son 30 ildə yaranmış gərginliklər aradan qalxır. Xəyallarımızda canlandırdığımız, ölkənin ictimai-siyasi həyatında önəm kəsb edən Şuşaya qayıdırıq. Razılaşma ilə işğal altında olan torpaqlarımız azad olunur, məcburi köçkünlər yurd-yuvalarına qayıdırlar. Ən önəmlisi odur ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri bərpa olunur. Bunu yuxu kimi qəbul edirdik, amma həqiqətdir ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla dəhliz əldə edirik. Bu, həm Azərbaycan, həm də Türkiyə üçün çox önəmlidir. Zaman keçdikcə bunun qiymətini yaxşı verəcəyik.

- Atəşkəsə nəzarət mexanizmi necə olacaq? Sənəddə qeyd edilənlərin icrası mümkün olacaqmı?

- Əldə olunan razılaşmaya görə Laçın dəhlizinə, Naxçıvan dəhlizinə Rusiya sülhməramləları nəzarət edəcək. Bildiyiniz kimi, Rusiya və Türkiyənin müdafiə nazirləri Sergey Şoyqu və Hulusi Akar Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzin yaradılması barədə memorandum imzalayıblar. Birgə monitorinq mərkəzinin yaradılması qərarı tərəflərin hərbi əməliyyatların dayandırılması rejiminə uyğunluğuna etibarlı nəzarət etməyə imkan verəcək, həmçinin münaqişənin həlli üçün möhkəm zəmin yaradacaq. Mərkəz Azərbaycan ərazisində, atəşkəs rejiminə əməl olunması barədə məlumat toplayacaq, ümumiləşdirəcək və yoxlayacaq. Qurum müqavilələrin pozulması ilə bağlı hər hansı şikayət, sual və ya narahatlığın araşdırılması ilə məşğul olacaq.

- Azərbaycan müxalifəti hesab edir ki, Rusiya qoşunlarının Azərbaycana ərazisinə daxil olması milli maraqlarımıza ziddir. Siz necə düşünürsünüz?

- Əgər Azərbaycanda Rusiya hərbi bazasının, o cümlədən Rusiya Silahlı Qüvvələrinin yaradılmasından söhbət gedirsə, burada Milli Məclisin qərarı olmalı idi. Hazırda isə söhbət sülhməramlılardan gedir. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Burada Rusiyanın hərbi bazasının yaradılmasından söhbət getmir. Ona görə də müxalifət nümayəndələri ilə razı deyiləm. Hesab edirəm ki, uzun illərin düşmənçiliyindən sonra hansısa bir qüvvə münasibətləri tənzimləməli idi. Etiraf etmək lazımdır ki, nə erməni, nə də Azərbaycan xalqı dostluq münasibətlərinə riayət etmək iqtidarında deyil. Çünki ötən müddət ərzində körpülər yandırılıb, düşmənçilik təbliğatı aparılıb. Bu da təbiidir. Çünki qan tökülüb, xeyli sayda şəhid verilib... İnsan psixologiyası bu baryerləri aşmaqda acizdir. Ona görə də üçüncü qüvvənin iştirakı labüd idi. Rusiya sülhməramlılarının orada yerləşdirilməsi baş verə biləcək toqquşmaların qarşısını almaq üçün olduqca əhəmiyyətlidir. Türkiyə Cümhuriyyətinin prosesdə iştirakı isə bizə əlavə güc verir.

- Birgəyaşayış mümkün olacaqmı?

- Reallıqla barışmaq lazımdır. Nə vaxtsa, barışmalıyıq. Tale belə gətirib ki, biz ermənilərlə qonşuyuq. Nə biz, nə də ermənilər köçüb gedəcək. Bu, reallıqdır. Belə bir deyim var, zaman bütün yaraları sağaldır. Təbii ki, barışıq birdən birə baş verə bilməz. Hər iki tərəfdən həqiqi istək olarsa, barışıq mümkün olar. Hesab edirəm, Azərbaycan xalqı ermənilərdən fərqli olaraq bütün millətlərlə yaşamaq iqtidarındadır. Azərbaycanda multikultural cəmiyyət mövcuddur. Prezident İlham Əliyev "BBC News”a müsahibəsində bildirdi ki, hətta əli Azərbaycan xalqının qanına bulaşmış Ermənistanın sabiq Müdafiə nazirinin bacısı Azərbaycanda yaşayır. Dünyada ikinci belə bir dövlət təsəvvür etmək mümkün deyil. Ermənistan monoetnik dövlətdir, bu, onların bədbəxtliyidir. Xalqlar birgəyaşayış nəticəsində zənginləşirlər, mədəniyyətləri qarışır... Erməni xalqı xəstə ideologiyalarına görə məhv oldu. Xalqların bir-birinə yaxınlaşmasında ciddi problem görmürəm. Amma müəyyən nüanslar var ki, diqqət yetirməliyik. Erməni diasporu, lobbisi, kilsəsi qızışdırıcı mövqe tutmasalar, düşmən münasibət bəsləməsələr, böyük güclərin əlində alət olmağı tərgitsələr, barışıq mümkündür. Belə olan halda, qonşu ölkələrlə münasibətləri normal qura bilərlər. Ermənistan tərəfdən siyasi iradə olmalıdır. Onlar xəstə "Böyük Ermənistan” xülyasından əl çəkməlidirlər. O cümlədən Konstitusiyalarındakı Türkiyə Cümhuriyyətinin əleyhinə olan Ağrıdağla bağlı maddələr çıxarılmalıdır. Erməni siyasətçilərindən çox şey asılıdır. Birgə yaşayış mümkündür.

- Müzakirələrə səbəb olan məqamlardan biri də imzalanan sənəddə Xankəndi, Xocalı, Xocavənd rayonlarının adlarının olmamasıdır...

- Bu sənəd əsasən müharibənin dayandırılmasına hesablanıb. Bu, yol xəritəsidir. Burada Dağlıq Qarabağla bağlı hər hansı statusdan söhbət getmir. Yəni status məsələsi, artıq gündəlikdə yoxdur. Azərbaycan unitar dövlətdir, Xankəndi Mingəçevir və digər şəhərlərimiz kimi eyni statusa malikdir. Orada yaşayanlar Azərbaycanın pasportunu qəbul etməlidirlər, kimsə qəbul etmirsə, vətəndaşlıqdan çıxarılmalıdır. Digər tərəfdən, xaricdən həmin ərazilərə köçürülənlər çıxarılmalıdır. Faktiki çıxıblar... Biz işğala qədər orada yaşayan erməni ailələrini əsas götürməliyik. Düşünürəm, idarəetmə ilə bağlı yeni qaydalar müəyyənləşəcək. Reallıq ondan ibarətdir ki, muxtariyyət yoxdur! Xankəndidə də, Xocavəndə də, Xocalıda da Azərbaycan bayrağı dalğalanacaq. Belə olan halda, digər məsələlər texnikidir. Keçid dövrü üçün əsasnamə hazırlana bilər.

- Həmin ərazilərdə yaşayanlar seçkili orqanlarda iştirak edə bilər...

- Bəli. Keçid dövrü üçün bəzi məsələlər nəzərə almalıdır...

- Bu sənəd imzalanmasaydı, nə baş verirdi?

- Razılaşma olmasaydı, çox yaxın zamanda Ermənistan ordusunu darmadağın edəcəkdik! Təbii ki, hər iki tərəfdən itkilər ola bilərdi. Konkret olaraq, razılaşma olmasaydı, baş verənlər ermənilərin həmin ərazilərdən çıxması ilə nəticələnəcəkdi. Amma nəzərə almalıyıq ki, dünya XXI əsrdə belə şeyləri qəbul etmir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə Azərbaycan vətəndaşları olan erməni əhalisinin orada daha yaxşı yaşaması üçün şəraitin yaradılacağını bildirib. Azərbaycan xalqı özünü dünyaya multikultural, humanist cəmiyyət kimi göstərib, sübut edib. Digər məqam isə ondan ibarətdir ki, qarşıdan qış gəlir, dağlara qar yağır... Bu baxımdan razılaşma itkilərin qarşını aldı. Tarixi addımdır. Bütün dünya Azərbaycan ordusunun gücünü gördü. Hesab edirəm ki, gələcəkdə hər bir ölkə regionla münasibətlərdə bu məsələləri nəzərə alacaq.

- Proses başlayandan ta indiyə kimi Qərb ölkələrinin sərgilədiyi mövqeyi necə qiymətləndirirsiniz?

- Qərb son 30 ildə hansı mövqeyi tutmuşdusa, sentyabrın 27-dən indiyədək də o mövqeyi nümayiş etdirdi. Yenə ikili standartlar, Azərbaycana təzyiqlər, atəşin dayandırılmasına cəhd, Ermənistanı xilas etmək, separatçılara sahib çıxmaq... Azərbaycan xalqı şahiddir ki, Prezident İlham Əliyev bu təzyiqlərə böyük siyasi iradə göstərdi. Bir neçə gün əvvəl, sülhməramlılarla bağlı məsələ müzakirə ediləndə, ABŞ kəskin etiraz etmişdi. Amma noyabrın 11-də ABŞ Dövlət Departamenti baş verənlərlə bağlı mövqeyini açıqladı, razılaşmanı alqışladı. Bu, çox önəmli məqamdır. Amma Fransa ermənipərəst mövqedən çıxış etdi. Belə dişsiz bəyanatı nəzərə almamalıyıq. Onlar 30 il ərzində çalışdılar ki, Ermənistan sahib çıxsınlar, dəstək olsunlar. Bir məsələni nəzərə almaq lazımdır, güclü ilə hamı hesablaşır, bu gün Azərbaycan güclüdür. Azərbaycan həm cəbhədə, həm də masa arxasında güclüdür. Bizim üçün nə Qərbin, nə də Şərqin fikirləri əsas olmalı deyil. Əsas xalqımızın maraqlarıdır, bunu da Ali Baş Komandan İlham Əliyev qətiyyətli iradəsi ilə həyata keçirir.

- Xahiş edirəm, Ermənistandakı vəziyyəti də dəyərləndirərdiniz?

- Ermənistandakı hazırki vəziyyəti proqnozlaşdırırdıq, dediklərimiz təsdiqini tapdı. Ermənilərin uzun illər apardığı mifik illuziyalar onları acınacaqlı vəziyyətə saldı. Azərbaycan üçün ədalət zəfər çaldı. Ermənistan rəhbərliyi öz xalqına, o cümlədən bütün dünyaya o qədər yalan danışmışdı ki... Bu gün o yalanların hamısı üzə çıxdı. Baş nazir Nikol Paşinyan kolxoz təfəkkürü ilə ordunu "İntellektual ordu” adlandırırdı... Hazırda özü hansısa bunkerdə gizlənib, günahı başqalarının üzərinə atmaq istəyir. Erməni xalqının bu günə düşməsinin səbəbkarı erməni siyasətçiləridir, saxta tarixçilərdir. Onlar uzun illər dünyaya yalan sırıyıblar. Bu səhv siyasət erməni xalqına elə zərbə vurdu ki, onilliklər lazımdır ki, dirçələ bilsinlər.

- Paşinyanın aqibəti necə olacaq?

- Yəqin ki, hakimiyyətdən uzaqlaşdırılacaq. Hazırda isə ələ keçirilsə, edam ediləcək. Onun vəziyyəti çox acınacaqlıdır.

- Bütün bunların fonunda Azərbaycandakı vəziyyəti necə qiymətləndirirsiniz?

- Ulu öndər Heydər Əliyev demişdi ki, gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq. Mən Azərbaycanın gələcəyini onun dediyi kimi görürəm. Müharibədən sonra yeni Azərbaycan görəcəyik. Azərbaycanın potensialı imkan verir ki, dünyanın sayılıb-seçilən azsaylı ölkələrindən biri olsun.

- Qazanılan qələbə ilə bağlı hər hansı təklifiniz varmı?

- Azərbaycanda "Zəfər tağları” rayonların, kəndlərin girişində mövcuddur. Arzu edirəm ki, ən böyük "Zəfər tağı” vətən müharibəsinin muzeyi yaradılmaqla Bakıda, Şuşada, digər "Zəfər tağları” isə işğaldan azad edilmiş yerlərdə tikilməlidir. İnsanlar hazırki "Zəfər tağlarının” mənasını başa düşmürlər... Azərbaycan xalqı Bakıda və digər ərazilərdə əsl "Zəfər tağı”nı ucaltmaq haqqını qazandı.