Tarixin dünənləri var ki, ömrünə başlanğıc bilirsən. Bu başlanğıc ruhla
bağlıdır. Ruhu yaşadan başlanğıcdır. Bu başlanğıc yaşada-yaşada yaşayır.
Yaşaya-yaşaya yaşadır...
Bu başlanğıcda uşaqlıq var, yeniyetməlik var, gənclik var...
Ermənistan Zəngilanı işğal edəndə mənim uşaqlığımı da, yeniyetməliyimi də, gəncliyimi
də işğal etmişdi. 27 ildi o yerlərin harayı xəyallarımı dara çəkirdi:
"Hardasınız? Niyə bunca ləngidiniz?”. Bu haray onsuz da səksəkəli olan
yuxularımızda gecələyib. Hamının Zəngilansız ömrünün 27 ili qarışıq yuxu olub.
Hamı xəyalında uğura çıxıb, işğal sərhəddində ayaq saxlayıb, nəfəs dərmək istəməyib,
o nəfəsi Zəngilana saxlayıb. O suallar bizə ünvanlansa da tarixə tarixin sualı
kimi səslənir. Nə deyəydim? Nə deyəydik?
İşğalla gələn qadağalar Zəngilan adına uğura çıxanların uğurunu yaralayıb, niyyətini
paralayıb, ruhunu canından aralayıb. Müdafiə nazirliyinin Tədris və Sənədli
Filmlər Kino-studiyasında bir sənədli film hazırlanmışdı: "Həsrət”. Sənədli
filmdə Zəngilana xitabən deyilən "Sənsiz mənə haram olar günüm-anım, Zəngilanım”.
Bu misra hər birimizin ruhunun göy üzünə pıçıltısıdı. Günümüzü-ayımızı dilə
tuta-tuta, ovundura-ovundura yaşadıq 27 ili. 1993-cü ilin 29 oktyabrın
yaralarını 2020-ci ilin 20 oktyabrı qaysaqlatdı. "Gedənlərin geri dönəcək, Zəngilanım!”
– şəhidlərin ruhu belə deyir. "Dönənlərin doğma ocağına, isti bucağına
qovuşacaq. Dönənlər ocağını ürəyinin közüylə yandıracaq.
Ağır günlərində Zəngilana can yandıranlardan biri olan Rəşid Faxralı yenə Oxçu
çayına şeirlər pıçıldayacaq. Bu dəfə yerə-göyə sığmayan qürurla, qalib əsgərlərimizi
bayraq əvəzi göy üzünə dikəldənlərin əhatəsində oxuyacaq Böyük Qələbənin
misralarını: Gedənləri Zəngilana sən gətirirsən. Qələbəm. Qələbəm. Böyük Qələbəm!..
Nə
müddətdi Canbarıma, Pirveysə, Günqışlağa, Aşağı Gəyəliyə, Yuxarı Gəyəliyə, Nəcəflərə,
Yusiflərə, Seyidlərə, Keçikliyə, Rəzdərəyə, Şatarıza, Sobuya,
Bartaza, Ağbəndə,Vejnəliyə,Yuxari Yeməzliyə, Quyu Dərə Xəştaba, "Süsən”ə,
"Əsgülüm”ə, "Şükürataz”a, Leşkara, Altınlıya, Çuxur yurda ... həsrətəm. 27 ildi
Turş su, Qotur su, Xanazur,Vənni, Kotanlar, Palidlı, Həsrət,
Mehralı, Quş yuvası,Marıl,Kəlbəlayi Ehsan... bulaqları könül qübarımdı.
.
Dünyada həsrət qədər ağır heç nə yoxdu. Doğmalığın həsrətini çəkmək ölümü
dirigözlü görməkdi. Həsrət öldürdürdüyünü öldürür. Öldürə bilmədiyini için-için
əridir. Ölümünə yaxınlaşdırır; həsrətdə can almaq qüdrəti də
var, ruhu diriltmək hökmü də.
29 oktyabr 1993-cü il. Zəngilanın işğal günü. Zəngilanlıların mənəvi
sıxıntılarının başlanğıcı, öz Vətənində qaçqınlıq ağrıları, sıxıntılar...
Rayon mühasirəyə düşsə də mərdliklə müdafiə olunurdu. Zəngilanı qorumaq,
işğalı qıc etmək. yolundan saxlamaq ordu hissələrinin birbaşa vəzifə borcuydu,
həmin vaxtlarda əhali də əsgərləşmişdi, əli silah tutanların hamısı əsgərləşmişdi.
Ermənistanın ordu hissələrinə qarşı Zəngilan tək döyüşürdü. Çətinliklə də olsa,
hücumların qarşısı alınırdı. Əlverişli yüksəkliklər uğrunda ağır döyüşlər
gedirdi. Mərmi, güllə səsləri gecəli-gündüzlü Zəngilanın göylərinin göylüyünə
daraşırdı. Döyüşlər bir an olsun belə səngimirdi. Müharibə insanları yeni
şəraitə alışdırırdı. Bu alışma torpağın müdafiəsiydi, nəfəsiylə döyüşənləri
isitməyiydi, onlara mənəvi dəstək olmağıydı…Gərgin. Çox gərgin günlər
yaşanırdı…
Ermənilər Zəngilana həm Mehri, həm də Qafan tərəfdən hücum edirdilər. Qətiyyət,
vətənsevərlik düşmənin niyyətini çilikləyirdi.
Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının işğal olunması Zəngilanın müdafiəsini
xeyli çətinləşdirmişdi. Müdafiə xətti çox, lap çox genişlənmişdi. Mərkəzdən də
kömək gəlmirdi. Kömək gəldi – bir neçə gün əvvəl Beyləqana aparılmış "Qrad”
qurğusu üçün mərmi, 100 nəfər təlim görməmiş əsgər və bir helikopter… kartof
(?!).
Düşmən həm Mehri, həm Qafan, həm də Cəbrayılın qəsb olunmuş ərazilərindən
rayonun mərkəzinə və kəndlərinə qoşun yeritdilər. Rayonun müdafiə olunması
mümkünsüz hala gəlmişdi. Koroğlu daşında son döyüşlər əhalinin Araz çayını keçəcəyi
müddəti uzadırdı. Yəni müdafiə döyüşləri əhali Arazı keçənə kimi davam edə bilərdi…
Camaaat döyüşlərdə olduğu kimi Arazı keçəndə də ağır anlar, saatlar
yaşadı. Qurulu evini atıb getməyə məcbur olanlar özüylə nə apara bilərdi ki?!
Eləsi vardı bütün evindən bir uşaq arabası qədərincə yük götürmüşdü - bu da
pal-paltar idi. Naməlumluqda ilkin yaşayışı təmin etmək üçün…
Uşaqlığımda
doğma kəndimiz Canbarda gəzib-dolaşdığımız Gülluyala, Marıla, Topallıya,
Armudlara, Kotanyalına,, Hacilar dərəsinə, Qızıldaşa, Tək palıda, Məhişin biçənəyinə
tez-tez getməkdən yorulmazdıq. Bu əsrarəng yerlərdə hər dəfə yeni bir gözəllik
kəşf edərdik. Bəzi hallarda başımız bu gözəlliyi seyr etməyə hədsiz dərəcədə
qarışanda otardığımız quzuları çaqqallar parçalayar, hinduşqalari isə ya dağ
qartalları ya da tülkülər dərhal oğurlayıb aparardı...
Tələbəlik illərindən Cavanşir Eloğlunun bir şeirinin bir bəndi hələ də
yaddaşımdadı. İndi daha kövrəkliklə xatırlayıram o misraları:
Uşaqlıq illərim harada qaldı,
Gizlənpaç oynarkən bucaqlardamı?
Şirin xatirədə yurd-yuva saldı,
Yoxsa ki, qayğıkeş qucaqlardamı?!
Gəncliyimdə uğaqlığımı belə anırdım. Ömrün bu yaşında uğaqlığımı da, yeniyetməliyimi
də, gəncliyimi də 27 il sıxıntıda yaşadan işğalı Azərbaycan əsgərinin ayaqları
altında can verən görəcəyimiz günə yol gəlirdik. Azərbaycan əsgəri Vətən
müharibəsindədi, döyüşə-döyüşə qələbələr qazanır. Döyüşə-döyüşə Şuşaya, Cıdır
düzünə yaxınlaşır. İşğal sön nəfəsini Cıdır düzündə çəkəcək...
Yurdundan didərgin düşmüş neçə-neçə qaçqın, köçkün bu həsrətə dözə bilmədi.
Ağır dərd onların qəddini əydi, ömrünü əlindən aldı. Yurd həsrəti iyirmi evlik
kəndimizdən neçə-neçə cavanın, qocanın ürəyini yandırdı. Yaşlılar Canbarda dəfn
olunmaq istəyiylə əizlərinə vəsiyyətlər etmişdi. Özü qaçqın oldu, qəbri didərgin.
Son nəfəsdə də göz torpağı arzuladı çoxusu. Tapılmadı. Camaat ev-eşiyindən
çıxanda ağlına da gəlməzdi ki, qaçqınlıq bunca uzanacaq, yaşlılar, Səməd
Vurğun demişkən, ölümə doğma yurddan uzaqda can vermək istəməyəcəklər. Son nəfəsini
duyanlar əzizlərinə "Məni əmanət dəfn edin, kəndimiz alınanda aparıb orda dəfn
edərsiniz. Əl mənimdi, yaxa sizin...”.
Təəssüflər olsun ki, belə möhkəm qorunmasına baxmayaraq, o gözəl yerlər soyuq
bir payız günündə erməni qəsbkarlarının əlinə keçdi.
Qaşqınlığın nə olduğunu doğma yurdumuzdan çıxdığımız gecə anlamağa başladıq.
Qaçqınlıq ağrı-acıymış, sıxıntıymış, gümanlarıymış, üzülməyən. süzülməyən
inamıymış.
Doğma ocaqdan uzaqda kəsilən
çörək dogma yurdda yeyilən bir tikə çörəyin tamını vermir; dogma yurdun
mehr-ülfəti yaşadır insanı. Bu mehr-ülfətə tanrının verdiyi qüdrət deyərdim.
Biz illərlə bu qüdrəti bağrımıza basmaq, gözümüzə sütmək istəmişik. İstəmişik
ki, bizi yaşadanı yaşadaq, özümüzdə yaşadaq, ruhumuzda yaşadaq. Yaşadaq ki, Vətən
yaşasın. Yaşadaq ki, Azərbaycanımızı dünyanın göyqurşağı bilənlərə qardaş olaq,
qardaş olaq ki, bu qardaşlıq da qüdrətə dönsün!..
"...Arazın
sahilinə yaxın kəndlərdən keçəndə uzaqdan da olsa dağlarımız, dərələrimiz sanki
bizə əl edirdi. Göz işlədikcə uzanıb gedən çöllərə, düzlərə baxdıqca fikirləşirdim
ki, Vətən elə yaxından da, uzaqdan da nə gözəl görünür…” (V. Məhərrəmli).
Zəngilana gedən yol Cocuq Mərcanlının həndəvərindən ötüb keçir. İndi bu yol
olduqca hamar, rahat və çox genişdir. Zəngilanın işğaldan azad edilməsi bu
yolun boyunu da uzadacaq, görkəmini də gözəlləşdirəcək. Bu yolu ruhun cana
qayıdışı kimi gedəcəyik. Yolun sağında-solunda düşmənin sıradan çıxarılmış
döyüş texnikalarını görəndə könlümüz bir az da açılacaq, Azərbaycan əsgərinin
qüdrətinin nişanəsi kimi!..
2016-cı
ilin Aprel döyüşlərindən sonra Zəngilana aparacaq yollar bir neçə kilometr
qısaldığına görə ürəyi Vətən həsrəti ilə döyünən yurdsevər zəngilanlıları əsrarəngiz
və təkrarolunmaz təbiətə, zəngin yeraltı və yerüstü sərvətlərə, qədim tarixə
malik doğma və unudulmaz Zəngilanımıza bir az da yaxınlaşdırdı. "Aprel döyüşlərinin
davamı bizi Zəngilanla qovuş duracaq!” inamıyla gecələri gündüz edirdik…
Davam 2020-ci ilin sentyabrın 27-də oldu. Ermənilərin
hücumuna qarşı keçirilən əks-hücum əməliyyatı Vətən müharibəsi kimi davam edir.
Döyüşlərdə ordumuz neçə-neçə strateji yüksəkliyi, kəndləri, qəsəbələri işğaldan
azad etdi. Suqovuşan, Hadrut, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Laçının,
Kəlbəcərin bir çox kəndləri işğaldan azad edildi, Azərbaycan əsgəri
Xudafərin körpüsündə Azərbaycan bayrağı dalğalandırdı.
Və oktyabr ayının 20-si…
Və Zəngilsnın işğaldan azad edildiyi o müqəddəs gün…
Və zəngilanlıların ikinci doğum günü…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətini,
müraciətin sonunun Zəngilanlı hissəsini son nəfəsəcən unutmayacam:
Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və
yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində
yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi,
Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri!..
…Neçə gündü gözlərimizin yuxusu qaçıb. Hamı tarixin Zəngilanlı gününə uğur üstədi.
Gedəcəyik! Zəngilanın hər daşına. hər qayasına, kəhrizinə, bulağına tələsirik,
yaylağına, oylağına tələsirik…
Zəngilana qayıdırıq, ruh cana qayıdan təki qayıdırıq…
Min
illərin tarixini
ana-ana
qayıdırıq Zəngilana!
Ata-anaların ruhuna gözaydınlığı kimi qayıdıırıq…
Qarşıdan gələn illəri ömürləşdirmək üçün qayıdırıq…
Vətən, gözümüz aydın!..
Bayram Məmmədov,
Əməkdar müəllim