Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı təşəbbüs səsləndirilir. Gəncədən olan millət vəkilləri hesab edir ki, belə bir addımın atılması ölkədə inzibati islahatları sürətləndirəcək, vətəndaş-məmur münasibətlərində yeni səhifə açacaq, idarəetmədə olan bürokratik əngəllər aradan qaldırılacaq.
Millət vəkili İltizam Yusifov sözügedən təşəbbüslə bağlı bir sıra vacib məsələlərə toxunub. Qeyd edib ki, müasir dövrün inkişafı özü bu cür yanaşmanı, operativ idarəçiliyi və optimallaşmanı tələb edir: "Gəncə şəhərinin Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi məsləsini təqdirəlayıq hesab edirəm. İndiki halda iqtisadi-coğrafi rayonlaşma bölgüsünü müasir dövrə uygunlaşdırmaq və 11 iqtisadi rayondan bir neçəsinin sərhədlərini dəyişib sayını bir qədər artırmaq olar. Belə ki, Aran iqtisadi rayonu 19 şəhər və rayonun inzibati ərazisini birləşdirir. Bu Azərbaycan şəraiti üçün böyük ərazi hesab olunur. Hesab edirəm ki, iqtisadi rayonlaşma bölgüsü təkmilləşdirilməli və birləşdirilməsi təklif olunan ərazilərin spesifik xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Sənaye potensiallı Mingəçevir, Şirvan, Sumqayıt və Gəncə kimi şəhərləri kənd təsərrüfatı profilli rayonlarla birləşdirilməsi düzgün olmaz. Bu şəhərlər öz profillərini saxlamalı və daha da inkişaf etməlidir. Müasir dövr yeni texnologiyaların inkişafını, sənayeləşməni tələb edir. Əbəs yerə deyil ki, ölkə başçısı cənab İlham Əliyev bu il Davos İqtisadi Forumunda olarkən Forumun icraçı direktoru ilə Bakıda 4-cü sənaye inqilabının regional mərkəzinin yaradılması barədə müqavilə imzalayıb. Bu artıq bizim qarşımızda sünii intellektin tətbiqini nəzərdə tutan sənaye müəssisələrinin, istehsal sahələrinin, idarəetmənin yaradılması məsələsini qoyur. Hesab edirəm ki, doğulduğum, böyüyüb başa çatdığım və deputat seçildiyim Şirvan şəhərini heç bir kənd təsərrüfatı profilli rayonlarla bərabər tutmaq və ya birləşdirmək iqtisadi cəhətdən səmərəli ola bilməz. Şirvan şəhərinin yeşləşdiyi cografi mövqe, onun ərazisi yalnız Ələt qəsəbəsi istiqamətində böyüməsini və inkişaf etməsini mümküm edir. Şirvanda SSRİ vaxtı dəzgahqayırma, rabitə vasitələri, elektronika, cihazqayırma, yağ-ekstrat, boru-təmiri, süni dəri, energetika, neftçıxarma sənayesi və s. istehsalı sahələri movcud olub. Şirvan energetiklər şəhəridir. Burada Avropada ilk açıq tipli elektrik stansiyası , 850 MVt gücündə müasir tipli Cənub Elektrik Stansiyası fəaliyyət göstərir. Eyni zamanda Şirvan neftçilər şəhəridir. Şəhər ərazisində 2 neft yatağında xarici investisiyalı 2 Neft Şirkəti fəaliyyət göstərir. Neft sənayesi üçün müasir tipli boru istehsalı və təmiri zavodu, qazma müəssisəsi var. Bu şəhər həm də mühəndislər şəhəridir. Burada müdafiə profilli sənayenin əsas zavodları yerləşir. Bu gün şəhərin böyük kadr potensialı var. Hər il təhsilin nəticələri bir daha göstərir ki, Şirvanda bütün sahələr üzrə, o cümlədən texniki, mühəndislik sahəsində də kadr potensialı çox yüksəkdir”.
İltizam Yusifov yeni inzibati ərazinin yaradılması təkliflə çıxış edib: "Şirvan şəhərindən Ələt qəsəbəsinə qədər olan ərazi, Hacıqabul rayonunun bir hissəsi, Salyan rayonunun Baş Şirvan kollektorundan şımal hissəsi də daxil olmaqla Azərbaycanın gələcək sənaye potensialını özündə birləşdirəcək mərkəzi Şirvan şəhəri olmaqla "Şirvan inzibati ərazisi”nin yaradılması daha məqsədə uyğundur. "Şirvan inzibati ərazisi” gələcəkdə Azərbaycanın bütün sənaye potensialını inkişaf etdirmək, özündə birləşdirmər üçün resurslara, loqistikaya malik bir iqtisadi rayon ola bilər. Bundan əlavə bu ərazinin Ələt iqtisadi zonasi ilə inteqrasiyasını da nəzərə almaq olar. Bu həm iqtisadi cəhətdən, həm də Bakı şəhərinə yaxınlığı ilə gələcəkdə Bakının sənaye və sairə yükünü yüngülləşdirmək baxımından əlverişlidir. Bizim Sənayenin inkişafı üçün strateji yol xəritəsi olduğu kimi, ərazi, inzibati baxımdan da perspektiv baxışımız və planlarımız olmalıdır. Digər rayonların ənənəvi məşğulluq spesifikasını və potensialını nəzərə almaqla inzibati ərazi vahidlərini birləşdirməklə daha çevik idarəetmə mexanizminə keçmək olar. İdarəetmədə informasiya texnologiyalarından istifadəyə daha çox yer verilməli, onlayn, videoformat sisteminin tətbiqini genişləndirmək lazımdır”.
Deputat qeyd edib ki, inzibati-ərazi islahatları ilə yanaşı Bələdiyyə institutunu daha da inkişaf etdirmək lazımdır: " İcra strukturlarının təklarlanan funksiyalarının Bələdiyyələrə verilməsi daha doğru olardı. Bələdiyyələrin normal fəaliyyəti, bələdiyyə büdcələrinin formalaşdırılması üçün bu gün qanunvericilik bazası var və bunu daha da təkmilləşdirmək lazımdır. Bələdiyyələrin fəaliyyəti artmalı, inzibati rayonlar özləri özlərini maliyyələşdirməli və dövləti bir çox yüklərdən azad etmək lazımdır”.