Şəxsi istifadə üçün rüsumsuz ölkəyə gətirilən malların ümumi dəyəri niyə azaldılıb?

Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli fiziki şəxslər tərəfindən malların gömrük sərhədindən keçirilməsi qaydalarına dəyişikliklər edilib. Belə ki, həmin dəyişiklərə görə, əgər bundan əvvəl fiziki şəxlər rüsum ödəmədən ölkənin gömrük ərazisinə ayda bir dəfə ümumi gömrük dəyəri 1500 ABŞ dollarından (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollarından) artıq olmayan mal gətirə bilirdilərsə, bundan sonra rüsumsuz gətirilə biləcək malın ümumi dəyəri təxminən ikiqat azaldılaraq 800 ABŞ dollar ekvivalentinə bərabər edilib. Həmçinin, əgər bundan əvvəl beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində rüsum tutulmayan malların ümumi dəyəri 1000 ABŞ dolları idi isə, bundan sonra həmin hədd üç dəfədən də çox azaldılaraq 300 ABŞ dolları ekvivalentinə bərabər edilib. Yeni dəyişikliklər bu ilin sentyabrın 19-dan qüvvəyə minəcək.

 Hökumətin bu qərarını şərh edən iqtisadçı Natiq Cəfərli qeyd edib ki, karantin rejimi şəraitində hökümət internet alış-verilişini dəstəkləmək əvəzinə ona maneəçiliklər törədir. "Pandemiya zamanında dünya boyu hökümətlər əksinə, belə alış-verişi dəstəkləyən proqramlar hazırlayıb qəbul edir", - iqtisadçı deyib. Natiq Cəfərlinin fikrincə, bu addımın iki əsas səbəbi olub. "Birincisi, bu ölkədən valyuta axınının qarşısını almaq, manatın məzənnəsini bu yolla sabit saxlamaq səyləri. Digər bir səbəb onla bağladır ki, xaricdən Azərbaycana ucuz və keyfiyyətli mal internet alış-verişi yolu ilə daxil olduqca, ölkə daxilində məmurlara və onların yaxınlarına məxsus olan ticarət obyektlərinin gəliri düşür, həmin obyektlərin dövriyyəsi azalır", - iqtisadçı vurğulayıb.