Hazırda respublikamızda vətəndaşların rifah halının
daha da yaxşılaşdırılması, sosial infrastruktur layihələrin uğurla icra
olunması istiqamətində böyük layihələr həyata keçirilir. Dövlət orqanlarında
vətəndaşlara xdmət sahəsində bürokratik əngəllərin aradan qaldırılması, ASAN
xidmətin uğurlu tətbiqi, korrupsiyaya qarşı mübarizə istiqamətində ardıcıl
işlərin görülməsi təqdirəlayiqdir.
Lakin bütün bunlarla yanaşı bir sıra hallarda yerli
icra orqanları tərəfindən vətəndaşların hüquq və azadlıqlarının təmin
edilməsində ciddi maneə olan süründürməçilik, bürokratik əngəllər, məmur
özbaşınalığı və s. hallarla rastlaşırıq. Belə ki, vətəndaşların müraciətlərinə,
problemlərinə laqeyd münasibət və onların müraciət etmək hüququnun pozulması
halları hələ də mövcuddur.
Vətəndaşların müraciətlərinin təhlili, onların yaranma
səbəblərinin öyrənilməsi bir danılmaz həqiqəti üzə çıxarır ki, vətəndaş öz
problemi ilə əlaqədar müraciət etdiyi ilk instansiyada əsaslı və konkret cavab
alarsa, heç vaxt yuxarı orqanlara yazılı müraciət etməz və uzun məsafəni qət
edərək müxtəlif idarələrin qapısını döyməz. Lakin vətəndaşlara əsaslı cavab
verilməyəndə onlar öz problemlərini həll etmək üçün aidiyyəti qurumlara növbəti
müraciət göndərir ki, bu da təkrar və çoxsaylı müraciətlərin yaranmasına səbəb olur.
Unutmaq olmaz ki, vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması hər bir
dövlət qurumunun ən mühüm vəzifələrindən biridir.
Vətəndaşların müraciətlərinə
baxılmasının əsas prinsipləri, müvafiq qanunda göstərildiyi kimi, qanunçuluğun tətbiqi, vətəndaşların müraciət
hüququnun sərbəst və könüllü həyata keçirilməsinə şərait yaradılmasıdır. Eyni
zamanda, müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol
verilməməsi, şəffaflığın təmin edilməsi, vətəndaşların müraciət etmək hüququ
ilə dövlət maraqlarının uzlaşdırılmasıdır. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin də bütün dövlət qurumlarından və vəzifəli şəxslərdən
tələbi budur ki, həmin prinsiplər daim rəhbər tutulsun. Prezident 2019-cu il
yanvarın 29-da Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda
demişdir: "Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı
göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün
çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər.
Bütün dövlət məmurları – Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura
qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir. Yerli
icra orqanları diqqətli olmalıdırlar, problemləri həll etməlidirlər”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin apardığı təhlillərdən
görünür ki, 2018-ci ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin
69 faizi ərizə, 30,7 faizi şikayət, 0,3 faizi təklifdir. 2017-ci illə
müqayisədə şikayətlərin faizi azalsa da, müraciətlərin ümumi sayının bir qədər
artması onunla izah edilir ki, indi internet şəbəkəsinin gündən-günə
genişlənməsi Prezidentin rəsmi saytı, həmçinin bütün mərkəzi və yerli icra
hakimiyyəti orqanlarının saytları vasitəsilə vətəndaşların eyni vaxtda eyni
məzmunlu müraciətlərlə bir neçə ünvana elektron formada müraciət etməsinə imkan
verir və onlar bu imkandan daha geniş yararlanırlar.
Bu şikayətlər əsasən, şəxsiyyəti təsdiqləyən
sənədlərin verilməsi, qeydiyyata alma, informasiya sorğusunun
cavablandırılması, torpaq, mülkiyyət, mənzil, o cümlədən təbii fəlakətin
vurduğu ziyan, pensiya və müavinətlər, ünvanlı sosial yardımlar, işə bərpa,
məhkəmə qərarlarının icrası, xüsusilə alimentin və borcun ödənilməsi ilə bağlı
olmuşdur.
Yuxarıda qeyd olunanlardan aydın görünür ki, əhalinin
sosial hüquqi maariflənməsinə böyük ehtiyac duyulur. Əhalinin sosial
hüquqlarını, sosial qanunvericiliyi bilməməsi bir çox hallarda onların
hüquqlarının pozulmasına, rüşvətxorluq, qeyri-şəffaf fəaliyyət, vəzifəli
şəxslərin səlahiyyətlərindən sui-istifqadə etməsinə və ya bu səlahiyyətləri
aşmasına gətirib çixarır ki, bu da sonda vətəndaşlar tərəfindən haqlı olaraq
sosial narazılıqla qarşılanır. Bu problemlər dairəsinə yerlərdə torpaq
islahatları, sosial müavinətlərin verilməsi, pensiyaların düzgün təyin
edilməsində buraxılan nöqsanlar, yerli icra orqanlarının nümayəndələrinin
vətəndaşların sosial hüquqlarının bəzi hallarda izah olunmasında fəallıq
göstərməməsi daxildir ki, nəticədə kənd və rayonlarda növbələr, şikayətçilərin
sayının artması ilə müşahidə olunur.
Vətəndaşların bir çox hallarda Azərbaycan qanunlarının
bizə verdiyi hüquq və azadlıqlar haqqında bilik və məlumatlarının yetərincə olmaması,
bu sahədə maarifçiliyin lazımi səviyyədə aparılmaması mühüm hüquqlarının
pozulması faktlarını artırır. Regionlarda yaşayan əhalinin müəyyən bir qisminin
ali təhsilli və ya hüquqi cəhətdən savadlı olmamaları, hətta, dövlət
orqanlarına məktub və ərizələrlə necə müraciət etməyi belə bilməmələri, bir çox
hallarda onları hüquqlarının arxasınca getmək fikrindən daşındırır. Cəmiyyətdə
bir çoxlarımıza bəlli olan bu problemlərlə hamımız rastlaşsaq da, nədənsə, onun
əsas səbəblərini və aradan qaldırılması yollarını ortalığa qoymuruq. Bütün
hallarda bu yol sosial-hüquqi maariflənmədən keçir. Bu gün geniş əhali
kütləsinin insan hüquq və azadlıqları, sosial qanunvericilik sahəsində kütləvi
maariflənməsinə, məhkəmə-vəkil, hüquqşünas xidmətindən fəal istifadə etmə imkanına
malik olmasına, öz hüquqlarını durmadan təbliği və qorunmasına cəmiyyətimizin
də, dövlətimizin də ehtiyacı var.
Səid
Əhmədli
Yazı,
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının
maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi
tərəfindən "Vətəndaşların sosial hüquqlarının təmin edilməsi istiqamətində
maarifçilik tədbirləri” layihəsi çərçivəsində çap olunur.