Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri 12045,1 milyon manat, xərcləri 12783,7 milyon manat təşkil edib. Büdcənin icrasında 738,6 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,5 faizi qədər kəsir yaranıb.
Dövlət Statistika Komitəsindənverilən məlumata görə, yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 30,3 faiz artaraq 10788,8 milyon manata, xərcləri isə 21,2 faiz artaraq 11327,5 milyon manata çatıb. Büdcənin icrasında yaranmış 538,7 milyon manatlıq kəsir ümumi daxili məhsulun 1,2 faizini təşkil edib.
Daxilolmaların 21,2 faizi əlavə dəyər vergisi, 15,1 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 6,7 faizi fiziki şəxslərin gəlir vergisi, 3,8 faizi aksizlər, 10,8 faizi digər vergilər, 42,4 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.
Büdcə vəsaitlərinin 27,9 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 15,2 faizi sosial müdafiə və sosial təminat, 14,1 faizi ümumi dövlət xidmətləri, 13,2 faizi təhsil və səhiyyə sahələrinin, 29,6 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.