"Bakı şəhərində ilk ticarət festivalı 2017-ci ildə keçiriləcək. Yalnız bunun dəqiq vaxtı və müddəti Mədəniyyət və Turizm Nazirliyinin qərarına əsasən həll ediləcək. Festivalın keçirilməsinin daha da səmərəliliyini təmin etmək üçün məntiqi olaraq onun "aşağı mövsüm” zamanı keçirilməsi tərəfdarıyıq”.
sabahinfo.Az xəbər verir ki, bu sözləri DAİR Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.
S.Dübəndi ilk bu cür festivalın beynəxalq tədbirlər ilə üst-üstə düşməsinin tərəfdarıdır:
"Bu addım mövcud mövsümün uzadılması və bu zaman yerli turizm müəssisələrinin fəaliyyətinin canlandırılması kimi töhfə verə bilər. Belə bir fikir də var ki, ilk ticarət festivalı mövcud olan tədbirlərə də bağlı ola bilər, misal üçün "Formula-1” yarışlarına.
Bu addım isə bir neçə faktorla özünü doğrulda bilər – onsuz da tətbiq edilən əyləncə proqramları, güzəştli aviareyslərin fəaliyyəti, geniş reklam və təşviqat kampaniyalarının olması və sair bu kimi tədbirlərin keçirilməsi iqtisadi cəhətdən qənaət gətirə bilər. Aparılan təhlillərə görə, alış-veriş bu gün dünyada turistlərin üstünlük verdikləri xərclər sırasında 4-cü pillədədir və ümumi turizm fəaliyyətinin 35%-i təşkil edir”.
Onun sözlərinə görə, turistləri "Shopping” fetsivallarına cəlb etmək üçün hökumət bəzi güzəştlərə getməlidir:
"İlk növbədə biz prioritet ölkələri müəyyən etməlik ki, hardan turistlərin ticarət festivalına gəlməsini daha çox arzulayırıq. Bildiyimiz kimi bir sıra ölkələrlə bizim artıq asanlaşmış viza rejimimiz işləyir, qonşu dövlətlərin çoxu ilə isə vizasız gediş gəliş mümkündür.
Hesab edirəm ki, biz ilk növbədə məhz bu ölkələri hədəfə götürməliyik. Üstəlik alış-verişə üstünlük verən turistlərin psixologiyası da təhlil edilməlidir.
Əgər digər ölkələr də bu siyahıda əmələ gəlsələr, sözsüz ki, onlarla da asanlaşmış vizaların tətbiqini dövlətdən xahiş etməliyik. Hər halda düşünürəm ki, bunu ticarət festivalı müddətində tətbiq etmək olar. Yalnız bu məsələ, digər məsələrlə yanaşı, dövlətin səlahiyyətindədir.
Adətən ticarət festivalları və digər irimiqyaslı tədbirlərin keçirilməsi üçün dövlət bəzi "qurbanlar” verir, hansılar kı, yuxarıdakı rəqəmləri nəzərə alsaq, özünü artıqlaması ilə doğruldur. Mən vergi, gömrük və digər imtiyazları nəzərdə tuturam. Bunların tətbiqi ilə ticarətin və digər sektorların dövriyyəsi artır və təbii ki, nəticə etibarilə ölkə bundan qazanc əldə edir.
Digər alətlərdən və mexanizmlərdən danışaraq dünya təcrübəsi göstərir ki, bu kimi tədbirlər zamanı ölkəyə hava uçuşları, hotellərin qiymətləri, mədəniyyət ocaqlarına giriş imkanları və sairlərində güzəştlər tətbiq edilirlər və bununla turizm destinasiyası turistlər üçün daha da cəlbedici olur.
Misal üçün qeyd etmək olar ki, aviaşirkətlər yeni tranzit reyslər tətbiq edərək sərnişinlərə fərqli səyahət paketləri təklif edə bilərlər və bunların daxilində ölkədə qaldıqları müddətdə turistlərə endirimli qiymətlərlə və yaxud hətta ödənişsiz bir neçə gecə hotellərdə qalmaq imkanları təklif edirlər.
Hər halda müxtəlif turizm texnologiyalarından istifadə edərək turistlərin tələblərinin qarşılanması üçün və tədbirdə iştirak etmələrinin daha da cəlbedici olmalarına istiqamətlənməliyik”.
"Yalnız burda yerli şirkətlərin, otellərin, avia şirkətlərin, parakəndə ticarət obyektlərinin və digərlərinin marağlarını da unutmaq olmaz. Tədbirin daha da səmərəli və ölkə üçün əlverişli olmasını təmin etmək məqsədilə biz mütləq xarici təcrübəni təhlil edib və düşünülmüş iqtisadi alətlərdən istifadə etməliyik.
Əminəm ki, ticarət turizminin bu gün dünya miqyasında trendə çevrilməsindən bacarıqla istifadə edib ölkənin turizm imicini beynəlxalq turizm bazarında daha da möhkəmləndirə bilərik, turizm məhsullarının diversifikasiyası və yeni rəqabətə dözümlü turizm xidmətlərinin tətbiqinə nail ola bilərik.
Ticarət festivallarının xarici ölkələrdəki təcrübəsinə istinad etsək, məlum olur ki, onlar ölkə iqtisadiyyatına və onun müxtəlif sektorlarına xeyli miqdarda mənfəət gətirirlər. Birləşmiş Ərəb Əmirliyinin Turizm Nazirliyinin ticarət festivalları keçirən Agentliyinin və Honkonq ticarət festivalının təşkilatçılarının bəyanatlarında göstərilir ki, onlar ildə 2,5-4,5 mlrd. ABŞ dolları həcmində gəlir əldə edirlər.
Yalnız biz hələ ki, Bakı şəhərini bu şəhərlərin imkanları və infrastrukturu ilə müqayisə edə bilmərik. Burda festivala qatılan hotellərin ümumi nömrə fondu, şəhərin nəqliyyat infrastrukturu, ticarət mərkəzlərinin sayı, hava nəqliyyatı və hava limanının sərnişin dövriyyəsi imkanları və sair amillər nəzərə alınmalıdır.
Təbii ki, bir sualda ortaya çıxır. Ticarət festivalları zamanı hansı mallar satılır? Hansı mallara üstünlük verilir və nə kimi üsullardan parakəndə ticarət sektorunda istifadə edilir?
Adətən ticarət festivalları zamanı keçirildiyi məkanda fəaliyyət göstərən bütün parakəndə ticarət obyektləri və onlarla yanaşı digər ticarət müəsissələri də kütləvi şəkildə endirimlər tətbiq edirlər. Satılan mallardan və əşyalardan asılı olaraq endirimlər 20-95% arası ola bilər.
Burada ticarət mərkəzlərində fəaliyyət göstərən brend geyim, ayaqqabı, aksessuar dükanları, avtomobil, məişət avadanlığı, mebel, qab-qacaq, suvenir, saat, zinnət əşyaları və digər malların ticarətini edən şirkətlərin adını çəkmək olar.
Digər tərəfdən hər bir dövlət yerli istehsalata aid olan mallara da üstünlük verirlər. Bizim halda bu mallar kəlağayı, yerli dizaynerlərin geyimləri, müxtəlif əl işləri, milli musiqi alətləri, xalçalar, balıq kürüsü, şərablar və sair bu kimi nadir məhsullarımız ola bilərlər.
Bir məsələni də unutmamalıyıq ki, festivalın keçirilməsi yalnız ticarətin intensiv işləməsi deyil, eyni zamanda şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürməlidir. Bu da müxtəlif konsertlərin, əyləncə proqramlarının, defile - moda nümayişi, idmançıların çıxışları, folklor ansamblarının çıxışları və sair bu kimi tədbirlərlə müşahidə olunur”, - deyə o qeyd edib.