“Parçalanmış dünyanın bərpası” mövzusunda martın 14-də keçirilən XI Qlobal Bakı Forumunda çıxışı zamanı Prezident İlham Əliyev Fransanın ölkəmizə qarşı yürütdü yanlış siyasətə diqqət çəkdi. Ölkə başçısı xatırlatdı ki, 1990-cı illərin əvvəlindən Azərbaycan və Fransa arasında münasibətlər müsbət istiqamətdə inkişaf edib. Çoxsaylı yüksək səviyyəli səfərlər baş tutub, biznes sahəsində fəal təmaslar olub, iki ölkənin 13 şəhəri digəri ilə qardaşlaşma münasibətlərinə malik olub.
Lakin Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu. Fransa tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi.
XI Qlobal Bakı Forumunda çıxış edərkən ölkə başçısı Fransada, Azərbaycanın şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində baş vermiş vandalizm aktına da diqqət çəkdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan şairi Natəvanın həmin şəhərdəki heykəli vandalizmə məruz qaldı. Vandalizmi dayandırmaqla bağlı bu ölkədəki səfirliyimiz və digər kanallarla Fransa hakimiyyət orqanlarına, Evian şəhərinin meriyasına müraciətlər edildi. Çünki heykəlin belə bükülmüş vəziyyətdə saxlanılması və hətta bu boyanın yuyulmasına cəhdin belə edilməməsinin özü vandalizm aktıdır. Bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbuledilməzdir.Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır. “İkili standartlar” siyasətinin təzahürüdür.
“Parçalanmış dünyanın bərpası” mövzusunda martın 14-də keçirilən XI Qlobal Bakı Forumunda Prezident İlham Əliyev COP29-un Azərbaycanda keçirilməsini Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsi kimi qiymətləndirdi. Neft və qaz sərvətlərinə sahib olması ölkəmizin günahı deyil və Azərbaycan buna görə tənqid edilə bilməz. Artıq ölkəmizin yaşıl keçidlə bağlı bütün gördüyü işlərin praktiki nəticələri var. Ötən ilin oktyabrında Azərbaycanda Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyasının açılışı həyata keçirilib. Daha iki stansiya ilə bağlı hazırlıq və tikinti işləri gedir. Ölkəmizin 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji istehsalı potensialına malik olması planlaşdırılır. Bu, tamamilə real hədəfdir, çünki bunun üçün çoxsaylı müqavilələr və anlaşma memorandumları imzalanıb. Hazırda Azərbaycan Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq yaşıl enerji elektrik kabelinin inşası ilə fəal şəkildə məşğuldur və həmin layihənin texniki əsaslandırılması demək olar ki, hazırdır.
COP29 Azərbaycana onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri