Gənclər Şahbuz rayonunda şəhid ailələrini ziyarət edib - FOTOLAR

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup könüllü gənc tərəfindən Şahbuz rayonunda yaşayan şəhid ailələri ziyarət olunub. Tədbir iştirakçıları bu məqsədlə şəhidlərimiz - Muradlı İlkin İlyas oğlu, Orucov Elşən Yavər oğlu, Bayramlı Cavid Əhliman oğlu və Alməmmədov İman Tarverdi oğlunun ailə üzvləri ilə görüşərək qəhrəmanlarımızın həyatı, döyüş yolu və şücaəti barədə məlumatlandırılıblar.

Gənclər və idman nazirinin müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov və Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev görüşlər zamanı şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildiriblər.

İştirakçılara qəhrəman şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Ailə üzvləri onların özünəməxsus xüsusiyyətləri ilə bağlı fikirlər səsləndirib, xatirələrini bölüşüblər. Gənclər şəhidlərimizə aid xatirə guşələri ilə də tanış olublar.

Qeyd edək ki, bu kimi görüşlər bundan conra da davam etdirilacək.

FOTOLAR: