Gənclər üçün milli-mənəvi dəyərlər və monolit ailə institutu mövzusunda Biləsuvarda təlim keçirildi

“Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə regionlarda gənclər üçün “Milli-mənəvi dəyərlər və monolit ailə institutu” mövzusunda növbəti maarifləndirici təlim kursunu Biləsuvar rayonunda keçirdi.

Rayon icra hakimiyyəti, gənclər və idman idarəsi, qeydiyyat, təhsil, səhiyyə, ailə, qadın və uşaq problemləri ilə iş, GİKM nümayəndəliyi və digər aidiyyətli struktur təmsilçilərinin iştirakı ilə Biləsuvar rayonunda təşkil olunan təlimə 30 nəfər yerli gənc cəlb olunmuşdu. İştirakçılar təlim vasitələri (loqolu qovluq, bloknot və qələm) və mövzuya dair və İB tərəfindən hazırlanan kitabça ilə təmin olundular.   

Təlim kursunun açılışında Biləsuvar rayon icra hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, rayon gənclər və idman idarəsinin rəisi Azad Quliyev çıxış edərək, bu maarifləndirici layihənin və təlim kursunun bölgə gəncləri üçün fayda və əhəmiyyətini müsbət qiymətləndirdilər və erkən və qohum nikahlarla mübarizə və bu istiqamətdə milli-mənəvi dəyərlərin gənclər arasında təbliği sahəsində rayonda görülən işləri qeyd etdilər.

 

ADTGT sədri Asif Əsgərli və layihə rəhbəri, ADTGT icraçı direktoru Gülnarə Bağırova layihəyə və təlimin təşkilinə dəstək verən AGF-na və Biləsuvar rayon icra hakimiyyətinə öz təşəkkürünü bildirərək, 3 ay ərzində Salyan, Biləsuvar, Neftçala rayonu və Şirvan şəhəridə icra olunan layihənin erkən və qohum nikahların gənclərə, onların milli-mənəvi, tibbi-psixoloji, sosial-hüquqi durum və vəziyyətinə, monolit ailə institutuna və milli genefonda göstərdiyi mənfi təsirlərdən, ona qarşı mübarizə və bu sahədə vacib alət və mexanizmlər olaraq milli-mənəvəi dəyərlər və ailə ənənələri aşılanmasından danışdı.

Təlim ekspert Asif Əsgərlinin təqdimatı ilə proqrama uyğun aparıldı və interaktiv, iştirakçıların da fəal iştirakı ilə davam etdirildi. Mövzulara aid verilən zəngin informasiya ilə yanaşı region gənclərinə müxtəlif qrup tapşırıqları, çıxış, fikir və təqdimatlarını da göstərmək imkanları yaradıldı. 2 gün davam edən təlimin sonunda qiymətləndirmə aparıldı və iştirakçılar sertifikatlarla təltif olundular.

Layihədə Gənclərin İnkişaf və Karyera Mərkəzi və yerli nümayəndəlikləri tərəfdaş olaraq iştirak edirlər.

Fuad Hüseynzadə

Sabahinfo.az