Həmvətənimiz yazıçı Eluca Atalının yaradıcılıq gecəsi keçirildi  

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Yasamal rayon Heydər Əliyev Mərkəzində İsveçdə yaşayan həmyerlimiz, vətənpərvər yazıçı, publisist Eluca Atalının yaradıcılıq gecəsini keçirdi. Tədbirin əvvəlində Vətənimizin torpaqlarının azad olması uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar “Müstəqil və suveren dövlətimiz xalqımızın tarixi nailiyyətidir” adlı videoçarx nümayiş olundu. Tədbiri giriş sözü ilə açan tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova bildirdi ki, Eluca Atalı oxucuların ən sevimli yazıçılarından biridir, onun əsərləri bir çox dillərə tərcümə edilib, Azərbaycan, Türkiyə, Rusiya, Amerika, İngiltərə, Almaniya, İsveç, İran, İraq, Hindistan, Ukrayna, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Qaraqalpak Respublikası və s. ölkələrdə çap olunub.  E.Atalının əsərlərinin əsas mövzusu vətənpərvərlik, insanın özünə inamı, gələcəyin işıqlı görməsi, gənclərin inkişafıdır. Müəllifin “Ənqa quşu” uşaq pyesi Naxçıvan Kukla Teatrında, “Odunçunun nağılı” uşaq pyesi Naxçıvan Milli Dövlət Dram Teatrında repertura salınıblar. Müəllif çoxsaylı kitablarını Yasamal rayon MKS-nin oxucularına hədiyyə edib. E.Atalı xarici ölkələrdə keçirilən çoxsaylı konfrans, tədbir, kitab təqdimatlarında fəal iştirak edir. Yazıçı, şair Gülnur Aslan tədbir iştirakçılarını salamlayaraq, müstəqilliyimizin və suverenliyimizin əldə edilməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini vurğuladı. O qeyd etdi ki, Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin suverenliyimizin möhkəmlənməsində tarixi rolu vardır. O, Eluca Atalını salamlayaraq ona yaradıcılıq uğurları arzuladı və Fəxri oxucusu olduğu M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın əməkdaşlarına minnətdarlığını bildirdi. Tədbirdə çıxış edən “Azərbaycan dünyası” Beynəlxalq jurnalın təsisçisi və baş redaktoru, Dədə Qorqud Fondunun prezidenti Eldar İsmayılov qeyd edib ki, gənclərimizin taleyi Eluca Atalının əsərlərinin diqqət mərkəzindədir o, gənclərə inanaraq onları inkişafa çağırır, təhsilə, mədəniyyətə qayğı ilə yanaşmağı tövsiyə edir. E.İsmayılov yazıçı Eluca Atalıya Dədə Qorqud Fondunun Fəxri fərmanını təqdim etdi. “Azərbaycan Yazıçı Qadınlar İctimai Birliyinin” sədri, yazıçı, publisist Nüşabə Məmmədli vurğuladı ki, vətənpərvərlik mövzusu müəllifin əsərlərində qabarıq formada təsvir olunur. O, “Tiqranizm Xocalıda” əsərindən geniş söhbət açdı. Çıxışının sonunda N.Məmmədli həyatda qadınları ənqa quşuna bənzətdi, onları mübariz olmağa çağırdı.  Tədbirdə çıxış edən BDU-nun dosenti Mətanət Saraclı müəllifin müxtəlif əsərlərindən söhbət açdı və qeyd etdi ki, E.Atalının “Ənqa quşu” kitabı bir çox oxucunun masaüstü kitabına çevrilmişdir. O qeyd etdi ki, E.Atalı Azərbaycanı bütöv görmək istəyən yazıçılardandır və bu onun əsərlərində əyani şəkildə görünür. Filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad Eluca Atalının əsərlərində İran zülmünə qarşı çıxış etməyini bildirdi. O qeyd etdi ki, yazıçı E.Atalı əsərlərində bir sıra tale yüklü məsələlərə toxunur. Ottava şəhərində fəaliyyət göstərən Azərbaycan məktəbinin müəllimi Yeganə Cəfərova qeyd etdi ki, E.Atalı Azərbaycan xanımlarını dünyada yüksək səviyyədə təqdim edir. “Dövlət və qanun” qəzetinin təsisçisi və baş redaktoru Yasəmən Möhübbətqızı E.Atalının böyük təfəkkürə malik olduğunu bildirdi və qeyd etdi ki, xaricdə yaşayan azərbaycanlı qadınlarımız Vətənimizin bir hissəsidir. Tanınmış uşaq yazıçısı, şair Gülzar İbrahimova E.Atalının güclü qələm sahibi olduğunu bildirdi və ona yaradıcılıq uğurları arzuladı. Şair Qadir Hüseynov E.Atalıya həsr etdiyi şeiri oxudu. “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri, hüquqşünas Mehriban Abdullayeva, Mələk Baharlı, Rəqibə İsmiyeva E.Atalının istedadından danışdılar və ona yaradıcılıq uğurları arzuladılar. Yazıçı, publisist Eluca Atalı yaradıcılığının və həyatının maraqlı anlarından danışdı, tədbir iştirakçılarının və oxucuların çoxsaylı suallarını cavablandırdı.  M.Ş.Vazeh adına Mərkəzi Kitabxana və 1, 2, 4 №-li kitabxana filiallarının təşkilatçılığı ilə Eluca Atalının əsərlərinə dair keçirilmiş inşa və esse müsabiqəsinin qalibləri elan edildi. Faiq Rzayev adına 150 №-li tam orta məktəbin şagirdi Fatimə Kazımlı, 200 №-li Məktəb-Lisey Kompleksinin 6-cı sinifinin şagirdi Furkan Niftəliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsi Rəqsanə Sayıllı “Ənqa quşu”, 200 №-li Məktəb-Lisey Kompleksinin 9-cu sinif şagirdi Nilay Niftəliyeva “Uzaq səfərin qəribə sonluğu”, E.Məmmədov adına 21 №-li tam orta məktəbin 8-ci sinif şagirdi Banu Cəfərli  “Tiqranizm Xocalıda” və “Ənqa quşu” əsərlərinə yazılmış esse və inşalar qalib oldular. Onlar, habelə Nuran Kərimli, Nəzrin Bayramova, Aysel Şahbazlı və Zəhra Əsədullayeva  yazıçı E.Atalının “Ənqa quşu”, “Qarğa ana dilin niyə bilmir”, “Tiqranizm Xocalıda”, “Yerlə göy arasında” və s. əsərlərindən danışdılar, parçalar oxudular. Tədbirin bədii hissəsində Əməkdar artist Rəhilə Bəndəliyeva “Yaşa, yaşa Azərbaycan”, “Unuda bilmirəm”, “Bahar olsun yar”, respublika müsabiqələri laureatı, xanəndə Maya Cəbrayılova  “Ay mənim əzizlərim”, “Azərbaycan”, Beynəlxalq müsabiqələr laureatı, magistr İslam Qasımov “Azərbaycan”, “Şükriyyə” və “Sarı gəlin” mahnılarını, popuri və muğamlar ifa etdilər. İ.Əbilov adına Mədəniyyət Mərkəzinin “Şəlalə” Xalq Çalğı alətləri ansamblı rəhbəri Sabir İsmayılov, kamança və tar ustaları Orxan Hüseynov və Elnur Əhmədov müğənniləri müşaiyət etdilər. Telman Abbasov adına 225 №-li tam orta məktəbin 5-ci sinif şagirdləri Xədicə Quliyeva və Xumarə Mirzəyeva “Ənqa quşu” əsərindən səhnəcik nümayiş etdilər. Yazıçı Eluca Atalı esse və inşa müsabiqəsinin qaliblərinə, çıxış edən şagird və tələbələrə kitablarını hədiyyə etdi. Yazıçı, publisist Eluca Atalıya və gənc yazıçı, şair Gülnur Aslana M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu diplomları təqdim edildi.  Tədbirdə Ə.Vahid adına 1 №-li kitabxana filialının müdiri Mətanət Qasımovaya 60 illik yubileyi ilə əlaqədar Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fəxri fərmanı təqdim edildi. Yazıçı Eluca Atalı tədbirin sonunda “imza saatı” keçirərək Yasamal rayon Heydər Əliyev Mərkəzinin kitabxanasına və tədbir iştirakçılarına avtoqraflı kitablarını hədiyyə etdi. Yaradıcılıq gecəsində yazıçı və şairlər, alim və tədqiqatçılar, oxucular, ziyalılar və geniş ictimaiyyətin nümayəndələri iştirak etdilər. Tədbirdə yazıçı, publisist Eluca Atalının yaradıcılığına və ictimai fəaliyyətinə həsr olunmuş videoçarxlar nümayiş olundu. Videoçarxlar Mərkəzi Kitabxananın YouTube kanalında izləyicilərə təqdim olunur: https://youtu.be/F2OUIjxJ7XM?si=OarJ3WSx_sF-XZ3Z https://www.youtube.com/watch?v=Bk6Lx84zKWI https://www.youtube.com/watch?v=XWlUGvx3T1s