Hesablama Palatası: “Qaçqınkom”da 20,1 milyon manat vəsait düzgün istifadə edilməyib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində audit başa çatıb.

Hesablama Palatasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə təyin edilmiş vahid aylıq müavinətin maliyyələşdirilməsi, eləcə də həmin şəxslər üzrə kommunal xidmətlərin haqqının ödənilməsi məqsədilə dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılmış vəsaitin istifadəsinə dair auditi zamanı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydaları” ilə aylıq ödənişlərin şamil edilmədiyi kateqoriyalar üzrə bir sıra tələblərə əməl olunmadığı müəyyənləşdirilib.

Belə ki, komitə tərəfindən qaydaların 2.2-ci, 2.12-ci və 2.13-cü bəndlərində göstərilmiş kateqoriyalar çərçivəsində hüquqi aktlarda müavinətin ödənilməsinin istisna olunduğu halların tam nəzərə alınmaması büdcə xərclərinə ümumilikdə 20,1 milyon manat məbləğində əlavə tələbatın formalaşmasına şərait yaratmaqla vəsaitin düzgün istifadə olunmaması ilə nəticələnib.

Vahid aylıq müavinət ödənişi həyata keçirilmiş məcburi köçkünlərdən 2020-2022-ci illərdə dövlət qulluğu vəzifəsində işlədiyi dövrdə 767 nəfərə, dövlət qulluqçusu kimi yaşa görə pensiya ilə təmin olunduğu dövrdə 242 nəfərə, dövlət qulluğunun xüsusi növündə xidmət etdiyi dövrdə 2943 nəfərə, qeydiyyat ünvanını ərazisi işğal olunmamış rayona dəyişmiş 70 nəfərə müavinət ödənilib.