Müasir rəqəmsal dünyada təkcə dövlətlər, cəmiyyətlər deyil, fərdlər də hibrid təhdidlərdən əziyyət çəkirlər. İnsanların gündəlik həyatına, cəmiyyətin bütün sahələrinə getdikcə daha çox nüfuz edən informasiya texnologiyaları bizi risklərlə - hibrid təhdidlər, kiberdələduzluq halları ilə üz-üzə qoyur. Transmilli internet korporasiyalarının (TİK) dünyanı hörümçək toru kimi öz ağuşuna aldığı bir vaxtda təhdidlərdən qorunmaq həm dövlətlər, həm də fərdlər üçün həyati əhəmiyyət kəsb edir.
Müasir elmi ədəbiyyatda hibrid müharibəni anlamaq üçün vahid yanaşma yoxdur. Bu, onun təbiəti - onun aparılması metodlarının dəyişkənliyi, mürəkkəbliyi və hərtərəfliliyi, eləcə də konkret şəraitə uyğunlaşması və çevikliyindən irəli gələn məsələdir. Hibrid müharibənin ayrı-ayrı komponentlərinə, məsələn, yumuşaq güc, informasiya, iqtisadi və kiber müharibə, "rəngli inqilablar" və s. məsələlərə həsr olunmuş çoxsaylı fərqli tədqiqatlar mövcuddur.
Hibrid müharibədə şəraitə və qarşıya qoyduğu məqsədlərdən asılı olaraq spesifik metodlardan istifadə olunur. Heç bir dövlət, vətəndaş hibrid təhdidlərdən sığortalanmayıb. Hər an bu təhlükələrə məruz qala bilərik. İstər mesaj mübadiləsi aparın, istər foto yükləyin, istərsə də onlayn əməliyyatlar aparın, təhlükəsiz deyilsiz. İnformasiya məkanında istifadəçilərin maraqlarını qorumaq və burada hər kəsin özünü təhlükəsiz hiss etməsi üçün hər il yüzlərlə proqramlar hazırlanır, tətbiqlər yaradılır. Amma cinayətkarlar da sakit durmurlar, kiberhücumlarını təkmilləşdirir, insanların məxfiliyinə müdaxilə edirlər.
Hibrid müharibənin aparılması üsullarına aşağıdakılar daxildir:
- beynəlxalq aləmdə siyasi təzyiq;
- iqtisadi sanksiyalar;
- informasiya müharibələri;
- kiber müharibələr;
- Ölkənin ərazisində xüsusi xidmət orqanlarının fəaliyyəti, müxalifətin, separatçıların və terror təşkilatlarının sponsorluğu, cinayətkarlığın artmasına yönəlmiş hərəkətlər (məsələn, narkotik və silah ticarəti, insan alveri, yetkinlik yaşına çatmayanların cinayətkar fəaliyyətə cəlb edilməsi və s.)
Beləliklə, müasir hibrid müharibənin mahiyyəti aşağıdakılardır:
- iqtisadi və siyasi təsirə əsaslanan “yumşaq güc”dən istifadə;
- Ölkənin iqtisadi "əsarət altına alınması" və iqtisadi müharibələr;
- Təbliğat və informasiya emalı üçün müasir texnologiyaların istifadəsi; düşmən ərazisində media resurslarının yaradılması və ya sosial proseslərə və sosial-iqtisadi vəziyyətin formalaşmasına fərqli baxışı çatdırmaq üçün yerli əhali arasında nəzarət edilən medianın yayımının genişləndirilməsi. (Bax: https://ict.az/uploads/konfrans/2_konfrans/26.pdf)
Mübarizə üsulları
Hibrid təhdidlərə qarşı mübarizə aparmaq üçün qəbul edilmiş standartlar mövcuddur.
İlk növbədə hibrid təhdidlərin qarşısının alınması üçün kompleks yanaşma, siyasi-iqtisadi vasitələri özündə birləşdirən koordinasiyalı fəaliyyət planının olması vacibdir.
Qəbul edilmiş standartlar aşağıdakılardır:
• şəffaflığın, hesabatlılığın və dövlət orqanlarına etimadın artırılması yolu ilə dezinformasiyalara həssaslığın azaldılması;
• informasiya təhlükəsizliyinin gücləndirilməsi, bu sahədə mütəmadi monitorinqlərin aparılması;
• ictimai rəyin qeyri-obyektiv istiqamətdə formalaşdırılması, idarə olunması niyyətlərinin media və sosial şəbəkələr vasitəsilə ifşa edilməsi;
• hibrid təhdidlərə qarşı mübarizədə digər dövlətlərlə tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi;
• kibercinayətkarlıq, radikalizm və ekstremizm ilə mübarizəyə dair qanunvericiliyin təkmilləşdirilməsi;
• informasiya hücumlarının qarşısının daha səmərəli şəkildə alınması üçün kibermüdafiə sistemlərinin gücləndirilməsi;
• əhalinin siyasi şüur və mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə siyasi-ideoloji təbliğat işinin səmərəli təşkili və s.
İqtisadi sahədə:
• davamlı iqtisadi inkişaf vasitəsilə iqtisadi manipulyasiya və sanksiyalara qarşı həssaslığın azaldılması;
• xarici amillərdən asılılığı azaltmaq üçün davamlı təchizat zəncirinin yaradılması;
• əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün təsirli iqtisadi-maliyyə tədbirlərinin görülməsi və s.
(Bax: https://azertag.az/xeber/xarici_mudaxileler_ve_hibrid_tehdidler-3253232)
Hiber təhdidlərdən qorunmaq üçün fərdi təhlükəsizliyin gücləndirilməsi
Hibrid təhdidlərdən qorunmaq üçün ilk növbədə kibertəhlükəsizlik qaydalarına riayət etmək, rəqəmsal savadlılığı artırmaq və məlumatları şifrələmək vacibdir.
Həm fərdi, həm də təşkilati səviyyədə təhlükəsizliyi təmin etmək üçün aşağıdakılara əməl edilməlidir.
İctimai Wi-Fi təhlükəsizliyi: İctimai "Wi-Fi" şəbəkələrindən istifadə edərkən məlumat oğurluğu riskinə qarşı mütləq VPN (Virtual Private Network) xidmətlərindən istifadə edilməlidir.
"Kaspersky Lab"ın qurucusu Yevgeni Kasperski kibertəhlükəsizlikdən qorunmaq üçün 7 sadə qaydaya əməl olunmasını təklif edib.
1. İctimai Wi-Fi şəbəkələrinə güvənməyin
Şifrəsiz Wi-Fi şəbəkələri yalnız vacib məlumatlarla əlaqəli olmayan onlayn fəaliyyətlər üçün münasibdir. Bu halda şəxsi yazışmalardan istifadə etməyin.
2. Giriş nöqtələrinin adlarını yoxlayın
Bəzi şəxslər kiberdələduzluq məqsədi ilə ictimai yerlərdə Wi-Fi şəbəkəsi yaradır və insanlar buy olla tələyə salırlar. Bu halda dələduzlar sizing məxfi məlumatları asanlıqla ələ keçirə bilərlər. Mövcud giriş nöqtələrinin adlarını diqqətlə öyrənin, qoşulması olduqca asan olan şəbəkələrdən uzaq durun.
3. Şəbəkələrə avtomatik qoşulmaqdan imtina edin
Cihazınızda Wi-Fi bağlantısını söndürün. Cihazınınızın şəbəkələrə avtomatik qoşulma funksiyasını deaktiv edin. İctimai Wi-Fi şəbəkələrindən istifadəni bitirən kimi onları bağlantılar siyahısından silin ("unudun -forget”).
4. Autentifikasiya tələb edən xidmətlər üçün güvnmədiyiniz Wi-Fi şəbəkəsindən istifadə etməyin
Həssas məlumatları saxlayan hər hansı hesablara (xüsusilə də maliyyə məlumatları) yalnız təhlükəsiz ev və ya korporativ internet şəbəkəsindən daxil olmaq ən yaxşı seçimdir. Ancaq yaranmış hər hansı vəziyyət sizi təcili olaraq kartın balansını yoxlamağa və ya dövlət xidmətlərinə daxil olmağa məcbur edərsə, bunu mobil internet vasitəsilə edin. Bahalı və rouminq olsa belə, tərəddüd etməyin, çünki şübhəli Wi-Fi nöqtəsi vasitəsilə məxfi məlumatlarınızın sızması sizə daha baha başa gələcək.
5. Bağlantı kanalını qorumaq üçün cihaza öncədən tətbiq quraşdırın
İctimai Wi-Fi şəbəkələrindən istifadə edərkən cihazlarınızı qorumağın etibarlı yolu onlara əvvəlcədən etibarlı qoruma tətbiqləri quraşdırmaqdır.
6. Məlumatlarınızı etibar edə biləcəyiniz müsbət reputasiyalı şirkətlərin təhlükəsizlik proqramlarından istifadə edin.
7. Bağlantı təhlükəsizliyini istənilən ictimai şəbəkədə avtomatik işə düşəcəyi şəkildə quraşdırın
Düşmənin digər hədəfləri
- Reallığın təhrif olunmuş qavrayışını yaratmaq, siyasi lideri və ölkə rəhbərliyini nüfuzdan salmaq.
- Yerli əhali arasında hakimiyyətə qarşı etimadsızlığı, narazılığı gücləndirmək. Hökuməti nüfuzdan salan kütləvi tədbirlərin təşkili məqsədilə maliyyə və təşkilati dəstək verilməsi, vətəndaş itaətsizliyinin, kütləvi iğtişaşların və “rəngli inqilabların” təşkili;
- separatçı və terrorçu təşkilatların yaradılması və dəstəklənməsi, "partizan" müharibələrinin qızışdırılması və cəmiyyətin cinayətkarlaşdırılması.
Bundan əlavə, hibrid müharibə üç mərhələni əhatə edir:
1. Vəziyyətin qeyri-sabitləşməsi.
2. Ölkənin deqradasiyası, parçalanması və onun “uğursuz” bir dövlətə çevrilməsi.
3. Siyasi hakimiyyətin dəyişməsi.
Beləliklə, hibrid müharibə zamanı təcavüzkar qarşı tərəfə psixoloji təsir göstərmək məqsədi ilə müxtəlif real və virtual təhdidlərdən (diplomatik, hərbi, iqtisadi, informasiya və s.) istifadə edir.
Sonda qeyd edək ki, hibrid müharibənin əsas qurbanları yeniyetmələr, gənclər olurlar. Kibermüharibədə cəmiyyəti sarsıtmaq, onu tarixi köklərindən, dəyərlərindən ayırmaq istəyən düşmənin kontenti əsasən yeniyetmə və gənclər olur. Əgər ətrafınızda hansısa yeniyetmə, gənc oğru qanunlarını, tufeyli həyat tərzini təbliğ edirsə, məzhəblərarası toqquşmanın ifrat iştirakçısına çevrilibsə, yüngül həyat tərzi keçirənlərin cərgəsinə qoşulubsa, yaxud onların fəaliyyətlərinin (foto, video paylaşımlarının, çıxışlarının) tamaşaçısına çevrilibsə, o, artıq hibrid müharibənin qurbanıdır.
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan əleyhinə hibrid müharibəyə qarşı əhalinin sayıqlılığının artırılması” layihəsi çərçivəsində hazırlanıb.
Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.