“Hökumət daim uşaq və gənclər üçün yaradılan imkanları genişləndirir. Uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Hətta ən çətin vaxtlarda belə dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi prioritet olub”.
“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Hüquqlarım məni qoruyur: parlament müzakirəsi uşaqların gözü ilə” adlı dinləmədə çıxışı zamanı deyib.
Komitə sədrinin sözlərinə görə, müasir dövrdə uşaqların hüquqlarının qorunması bütün bəşəriyyəti düşündürür:
“Ümid edirik ki, bütün uşaqların hər birinin arzu və istəkləri yerinə yetəcək və müharibədən, zorakılıqdan uzaq sağlam həyat yaşayacaqlar. Məhz bütün dövlətlər buna nail olmaq üçün öhdəliklər götürür. Dayanıqlı İnkişaf Məqsədləri də uşaqların bütün sahələrdə imkanlarının daha da genişləndirilməsini nəzərdə tutur”.
“Ötən illər ərzində uşaqların həyatı, onların hüquqlarının müdafiəsi, inkişafı ilə bağlı böyük işlər görülüb, güclü qanunvericilik bazası yaradılıb. Yeni reallıqlar və çağırışlar fonunda uşaq hüquqlarının müdafiəsi sahəsi ildən-ilə təkmilləşir. Hökumət daim uşaq və gənclər üçün yaradılan imkanları genişləndirir. Bu imkanların reallaşması üçün müasir tipli məktəblər, tibb ocaqları, idman kompleksləri tikilir, təmir edilir. İndiki gənclər də bu imkanlardan istifadə etməklə bilik və bacarıqlarını artırmalıdırlar”, - H.Hüseynova əlavə edib.