Milli Məclisin sabiq deputatı, professor, yazıçı-dramaturq Hüseynbala Mirələmov Prezident İlham Əliyevə məktub yazıb.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident!
Sizin rəhbərliyiniz altında Azərbaycanda COP29 kimi olduqca mötəbər beynəlxalq tədbirin ən yüksək səviyyədə keçirilməsinə görə bir vətəndaş olaraq böyük fəxr və qürur hissi keçirirəm.
Sizin COP29-un açılışında, eləcə də COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitindəki qətiyyətli çıxışlarınız qəlbimizi riqqətə gətirdi.
Azərbaycan tarixində ilk dəfə keçirilən belə yüksək səviyyəli tədbirin tezliklə nəticələrini hiss edəcəyimizə, onun iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə səmərəli rol oynayacağına tamamilə əminəm.
Azərbaycanın beynəlxalq aləmdə daha geniş təbliği yolunda gördüyünüz işlər əvəzsizdir.
Möhtərəm Prezident!
Sizə nə qədər təşəkkür etsək də azdır. Allah Sizi qorusun!”.
Hüseynbala Mirələmov uzun illər hakim Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edib.
O, üç dəfə - 2005, 2010 və 2015-ci illərdə 33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisə deputat seçilib.