“İdarəetmə sistemlərinin daxili auditi” kitabının təqdimat mərasimi keçirilib  

2024-cü il avqust ayının 29-da “Bakı KOB Evi”ndə  “Keyfiyyət Assosiasiyası”  İctimai Birliyi tərəfindən “İdarəetmə sistemlərinin daxili auditi” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində dövlət və özəl qurumların rəhbər və əməkdaşları, iş adamları, mütəxəssislər, təhsil və elmi ictimaiyyətin nümayəndələri iştirak edib.

Tədbirdə “Keyfiyyət Assosiasiyası”  İctimai Birliyinin sədri Samir Novruzlu  çıxış edərək rəhbərlik etdiyi təşkilatın 17 illik fəaliyyətindən, eyni zamanda həyata keçirdiyi layihə və tədbirlərdən danışıb. Assosiasiya sədri tədbirin keçirilmə məqsədini, “İdarəetmə sistemlərinin daxili auditi” kitabının hazırlanma zərurətini, onun müəssisələrimiz və mütəxəssislər üçün nəzəri və praktiki vəsait kimi əhəmiyyətini qeyd edib. S. Novruzlu  kitabın Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyninin maliyyə dəstəyi ilə nəşr olunduğunu bildirib.

Daha sonra çıxış üçün söz “Norm”  ASC-nin Tikinti materialları üzrə rəhbəri Namik Kazımova verilib. Səhmdar Cəmiyyətinin nümayəndəsi daxili auditin təşkilatların və şirkətlərin məhsul, proses və idarəetmə sistemlərinin vəziyyətinin müəyyənləşdirilməsində və qiymətləndirilməsindəki rolundan danışıb.

Təqdimat mərasimində  Keyfiyyət Assosiasiyasının İdarə heyətinin üzvü, “Aqrar Tədarük və Təchizat” ASC-də keyfiyyətin idarə edilməsi şöbəsinin müdiri, Qalib Şərifov “Daxili auditin yerli müəssisələrdə effektiv tətbiqinə  kitabın töhfəsi” mövzusunda çıxış edib. O, daxili auditi  təşkilatın idarəetmə sisteminin vəziyyətinin müəyyən edilməsi üçün effektiv vasitə, eyni zamanda həmin sistemin yaxşılaşdırılmasına köməklik edən təminatverici və məsləhətverici fəaliyyət kimi qiymətləndirib.

 Tədbirdə Keyfiyyət Assosiasiyasının İdarə heyətinin üzvü, “İncert” MMC-nin direktoru, Şamo Muradov “Daxili auduit 3-cü tərəfin gözü ilə” mövzusunda çıxış edib. Ş. Muradov çıxışında müəssisələrin fəaliyyətinin yoxlanılması prosesində rast gəlinən çətinliklərdən,  auditiorların üzləşdiyi problemlərdən danışıb. O, auditin keyfiyyətinin yaxşılaşdırılması üçün audit yoxlamasını həyata keçirən şəxslərin bilik və səriştəsinin, eləcə də təcrübəsinin artırılmasının vacibliyini vurğulayıb.

Təqdimat mərasimində kitabı hazırlayan işçi qrupu adından Keyfiyyət Assosiasiyası  sədrinin müavini Hikmət Rəcəbli çıxış edib.  H. Rəcəbli “İdarəetmə sistemlərinin daxili auditi” kitabının hazırlanması prosesi, kitaba daxil edilən bölmələr, daxili auditin müəssisələr üçün faydaları barədə tədbir iştirakçılarına  məlumat verib.

Təqdimat mərasimində “İdarəetmə sistemlərinibn daxili auditi kitabının yerli mütəxəssislərin hazırlanmasında rolu” ilə bağlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Cihaz mühəndisliyi” kafedrasının müdiri, t.e.d, professor Lalə Bəkirova, “İqtisadi Resursların Öyrənilməsi” İB-nin direktoru,  iqtisadiyyat üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev çıxış ediblər. Hər iki çıxışçı kitabın idarəetmə ixtisası üzrə təhsil alan tələbə, magistr və aspirantlar, ali təhsil müəssisələrinin müəllim heyəti və keyfiyyət idarəetmə üzrə çalışan gənc mütəxəssislər üçün  mühüm mənbə olacağını və gələcəkdə də bu qəbildən olan kitabların, texniki və metodiki vəsaitlərin hazırlanmasının vacibliyini qeyd ediblər.

Tədbirdə “İdarəetmə sistemlərinin avtomatlaşdırılması və daxili audit modulu” mövzusunda Bimser şirkətinin nümayəndəsi Nuray Çelebi çıxışı maraqla dinlənilib. O, təmsil etdiyi şirkətin fəaliyyətindən danışıb, eləcə də slaydlar üzərindən idarəetmə sistemlərinin avtomatlaşdırılmasının faydaları barədə iştirakçılara məlumat verib.  Təqdimat mərasimi maraqlı müzakirələr və iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.

Tədbirin sonunda hər bir iştirakçıya “İdarəetmə sistemlərinin daxili auditi” kitabının bir nüsxəsi hədiyyə olaraq təqdim edilib.