İlahi ilə kəlmələşən şair

Xalq şairi Vaqif Səmədoğlunun şeirlərinə böyük sevgilərlə həyatın söz şəkli deyərdim. Onun şeirlərini oxuyana elə gəlir ki, özünün dünənini, bu gününü oxuyur, hər oxuyan şeirlərdə özünü, özünün bir anını görür.


Vaqif Səmədoğlunun şeirlərində dərin psixologizmlər də var, insan xarakterinin şeirləşdirilmiş çalarları da. Bunlar sözün qüdrəti ilə olduqca məharətlə, ümumiləşdirilməklə  təsvir edilir.


Xalq artisti Flora Kərimovanın ifasında “O gedən qatarın dalıyca baxma” xəbərdarlığı bitib-tükənməyəcək həsrətin ilğımı təsirindədir. “Uzaq yaşıl ada” da belədi, yüzlərlə yüksək poetik dəyərə malik olan şeirlər də.


Şairin bütün şeirləri həm də düşüncələr üçündü:
 


Nə barım var, nə barxanam,
Haqq yükünü bağlamağa.
Tanrım, məni öldür yarı,
Yarı saxla ağlamağa, -


deyən Vaqif Səmədoğlunun “Günün baxtı”, “Uzaq yaşıl ada” və başqa şeirlər kitabı böyük maraqla oxunur.


Vaqif Səmədoğlunun  dram əsərləri də ədəbi hadisə olub, ssenarisi əsasında çəkilən filmlər də (“Əjdaha başı”, “Bəxt üzüyü”).


İlahi ilə kəlmələşən şairin “Mən burdayam, ilahi!” – şeirlər kitabı Azərbaycan ədəbiyyatı tarixində əbədiyyən oxunacaq kitablardandır.


Səbinə XASAYEVA,
Milli Məclisin deputatı