Qarabağı işğaldan azad etməyimiz, xüsusilə keçən ilin sentyabrında həyata keçirdiyimiz antiterror əməliyyatı bəzi qüvvələri narahat edib.
Sabahinfo.az-ın xəbərinə görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib.
“Mən hər zaman deyirdim və deyirəm ki, biz haqq yolundayıq, öz əzəli torpaqlarımızı bütün beynəlxalq qanunlar çərçivəsində hərbi yolla azad etmişik”, - deyə vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, o vaxtdan bugünədək bizə olan təzyiqlər durmadan davam edir.
"Avropa Parlamenti təhqirlə dolu çirkin qətnamələr qəbul edib. AŞPA nümayəndə heyətimizi səsvermə hüququndan məhrum edib. Bunlar çox mənfi fəsadlara gətirə biləcək addımlardır və bunun yeganə səbəbi Qarabağı işğaldan azad etməyimizdir", - Prezident vurğulayıb.