İllər əvvəl itkin düşən qız tapılmır

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda 10 ildən çoxdur, itkin düşən qız barədə açıqlama verib. 

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, 2010-cu il iyul ayının 24-də Şəmkir rayon Dəllər Cəyir qəsəbə sakini Gülöyşə Bağırova ərizə ilə Şəmkir Rayon Polis Şöbəsinə müraciət edərək, nəvəsi Laura Bağırovanın həmin il iyul ayının 14-də yaşadığı evi tərk etməsi və bir daha geri dönməməsi barədə məlumat verib:

“Həmin məlumat ilə əlaqədar Şəmkir Rayon Polis Şöbəsində müvafiq axtarış tədbirlərinə başlanıb. Müəyyən şəxslər dindiriliblər, itkin düşən şəxsi sonuncu görənin ifadəsi əsasında Bakı və Sumqayıt şəhərlərində də axtarış tədbirləri davam etdirilib. Aparılan əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, onun tapılması mümkün olmayıb. Hazırda həmin şəxsin axtarışı üçün müvafiq araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, 16 yaşlı Laura adlı qız illər əvvəl Şəmkirin Dəllər Cəyir kəndində itkin düşüb. Axtarışlara baxmayaraq, onu tapmaq mümkün olmayıb. Bildirilib ki, dəfələrlə Daxili İşlər Nazirliyinə müraciət olunsa da, nəticə əldə edilməyib.