Zaman susmasa da yaddaş həmişə səxavətlə danışır. Olmuş hadisələri danışır. Qürur da dinləyirsən, kövrəklik də duyursan. Bəzən sənə elə gəlir ki, yaddaşın danışdığı hər hadisənin içində sən də olubsan, onları sən də nəfəs-nəfəsə yaşayıbsan. Bəzi hadisələr torpağa düşən toxum kimidi – cücərir, böyüyür, yaddaşlara düşür, yaddaşlarda yaşadılır. İnsanlar da belədi. Yaxşı insanın, xalqına gərəkli ömür yaşamış insanın, xalqı üçün, dövlət üçün, dövlətçilik üçün gördükləri işlər də eynilə həmin hadisələr kimi qalır yaddaşlarda, yaddaşların tarixində. Yaşadılır. Bəzən səssizlik içində yaşadılır. Sonralar onların haqqında səssizlikdən dikələn xatirələr danışır. Ehtiramla, sevgilərlə danışır. Ömrünün ahıllığını yaşayan Qafar Cəfər oğlu Hüseynov də belə xatırlanır, həmişə də belə xatırlanacaq.
Qafar Cəfər oğlu Hüseynov 1951-ci ilin payızında təbiətin müdriklik çağında – sentyabrın 4-də Zəngilan rayonunda anadan olub. Sonralar, gəncliyində deyərdi: Təbiəti dərk edənlər üçün yazın da, payızın da öz fəlsəfəsi var. Hər fəsil insana səssizliyin sözüylə həyat öyrədir. Mən payızın görkəmində ömür görürəm. İnsan elə yaşamalıdır ki, ömrün payızında təəssüflənməsin.
“Yaxşılıq elə, balığı at dəryaya; balıq bilməsə də, Xaliq bilər” – Cəfər kişi yaxşılığı ömür işığı bilirdi, belə yaşamışdı, belə yaşayırdı, balalarını da belə böyüdürdü.
Qafar da ata malı ilə öyünənlərin sırasında olmadı, ata yolu ilə gedənlərin sırasında oldu. Zəhməti sevdi, halallığın nə olduğunu dərk edə-edə zəhmətə bağlandı.
Qafar yaxşı oxuyurdu. Atası ona heç zaman oxu deməzdi. Qafar təhsilin gərəkliyini atasının söhbətlərindən duymuşdu, məktəbdə müəllimlərinin dediklərindən duymuşdu, oxuduğu kitablardan dərk etdiklərindən duymuşdu. Bir də özünün düşüncələrinə inanmışdı. Belə formalaşmışdı. İqtisadçı olmağı qərara almışdı. Bilirdi ki, iqtisadi biliklər təkcə rəqəmlər dünyası deyil, burda siyasət də var, iqtisadi münasibətlər də. İqtisadiyyatın dövlət üçün nə olduğunu da yaxşı dərk edirdi. İqtisadçı olmağı qərara almışdı. 1968-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan İqtisadiyyat Universiteti) maliyyə-kredit fakültəsinə daxil oldu. Oxudu, öyrəndi. 17-ci əsrin fransız filosofu Ş.Monteskyönün dediyi bir kəlamı da tələbəli-yində eşitmişdi: “Kəndir boğazdan asılanı necə saxlayırsa, maliyyəçilər də dövləti o cür saxlayırlar”. Onda ixtisas seçiminə görə taleyinə şükürlər oxumuşdu...
Tələbəliyində sabahları üçün bilik öyrənirdi, qarşı gələn illəri üçün həyat fəlsəfəsi. Bu fəlsəfəni mükəmməl mənimsəyənlərin ömür yolunun müdrikliyə aparacağını duyurdu. Həm də əminliklə duyurdu...
Ali təhsil aldıqdan sonra,1972-ci ildə Sumqayıtda 2 nömrəli Sənaye tikinti trestinin 26 nömrəli tikinti idarəsində çalışdı. 1973-cü ildə hərbi xidmətə çağırıldı. Belorusiyada xidmət etdi. Məsuliyyətlə, ata adına, el-oba adına xoş təəssürat yaratmaqla xidmət etdi.
Qafar Hüseynov gənc mütəxəssis kimi 1974-cü ildə Nəsimi rayon Maliyyə Şöbəsinin inspektoru vəzifəsinə təyin edildi. Məsuliyyətli şagird idi, məsuliyyətli tələbə olmuşdu, hərbi xidmətdə məsuliyyətlə xidmət etmişdi. İşə məsuliyyətlə başladı.
Fəaliyyətini iqtisadçı, sonra böyük iqtisadçı kimi davam etdirdi.
İllər keçdikcə onun peşəkarlığı artdı. Rəhbərlik onun işini bəyənirdi, təqdir edirdi. Hesabat-larda Qafar Hüseynov adı qürurla çəkilirdi. Bu, sonralar ən etibarlı zəmanətlərdən biri olmuşdu. 1977-ci ilin iyulunda Lenin (indiki Sabunçu) rayon Maliyyə Şöbəsində Dövlət gəlirləri inspeksiyasının rəisi – Maliyyə Şöbəsinin müdir müavini, 1991-ci ilin aprelində Sabunçu rayon maliyyə şöbəsinin müdiri təyin olunması məhz bu zəmanətlərin nəticəsi idi. Rəhbərlik həm də üstün məsuliyyət deməkdir. Qafar müəllim bu məsuliyyəti də əqidəsinə, adına, məsləkinə yaraşası bir səviyyədə daşıdı. O, işində prinsipial, münasibətlərdə səmimi idi. Ədaləti hər şeydən üstün tuturdu. O da bilirdi ki, ədalət yoxdursa, heç nə yoxdur. İş yoldaşları onu tələbkar, həm də ədalətli rəhbər kimi tanıdı, sevdi...
İş dövləti vəzifədir, işçi dövlətin vətəndaşıdır. Dövlətin vətəndaşını sevməyən, onun hüquqlarını qorumağı bacarmayan, qorumayan vəzifəli şəxs təkcə özünə deyil, həm də dövlətə xəyanət edir. Xəyanət isə vətəndaşlığın süqutudur, vətəndaş kimi varlığını itirənin nə dövlət yanında nüfuzu qalır, nə də cəmiyyətdə. Bu dərk gerçək, dürüst ömür yaşama düsturu kimi Qafar Hüseynovun düşüncələrindəydi. Bu düşüncələr onun əmək fəlsəfəsi idi. Bu fəlsəfə ilə yaşayırdı, işləyirdi. İş yoldaşlarına da belə işləməyi tövsiyə edirdi.
2000-ci ilin iyun ayında Maliyyə Nazirliyinin Mərkəzi Orqanlar üzrə Xəzinə İdarəsinin rəisi vəzifəsinə təyin olunması bu zəhmətin və etimadın nəticəsi idi. Bu vəzifə böyük məsuliyyət tələb edirdi. Dövlət büdcəsinin idarə olunması, maliyyə axınlarının düzgün istiqamətləndirilməsi – bunlar sadə işlər deyildi. Qafar müəllim bu çətin vəzifənin öhdəsindən layiqincə gəldi.
Sosial həyat yalnız uğurlardan, yaxşı işləməkdən, yaxşı işə yaxşı dəyər verilməsindən ibarət deyil. Bəzən yollarda dumanlar da görünür, yellər də əsir. Dumanlar sağlamlıq dumanı olursa, insanın normal həyatda yaşayıb çalışmasına manelər yaradır. Qafar Hüseynovun sağlamlığında ortaya çıxan problemlər 2009-cu ildə onun 2-ci qrup əlil kimi sevdiyi peşəsindən bir müddət kənarda qalmasına səbəb oldu. Bir neçə il ağır əməliyyatlar onun sağlamlığının bərpasına qismən olsa da köməklik etdi.
2014-cü il avqustun 15-dən 2019-ci ildək sağlamlığında yenidən problem yaranana kimi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Maliyyə və Mühasibat Uçotu departamentinin baş direktoru vəzifəsində işlədi...
Analitik düşüncəsiylə, insanlarla işləmək bacarığı ilə tanınan Qafar Hüseynov burda da ömrünün illərini yaşadığı xarakterlə işlədi, burda da insanları sevdi, burda da insanlar onu sevdi, burda da məsuliyyətlə işlədi. İşi bəyənildi. Bir dəfə iş yoldaşlarından biri maraqla soruşmuşdu: “Neçə il işsiz qalıbsınız. Çoxmu çətin oldu?”. Onda Qafar Hüseynovun baxışları uzaqlara dikilmişdi...
Böyük ürək yiyəsi olanlar üçün Vətən var, Vətənə sonsuz sevgi var, bu sevginin dönməzliyi var. Böyük ürək yiyəsi olanlar həmişə dövlətə, dövlətçiliyə sədaqəti ilə tanınıb, bu tanınma onların xarakterinin dönməzliyinin ifadəsinə dönüb. Qafar Hüseynovun da həyat fəlsəfəsi belə olub.
Zəruri bir xatırlatma: İnstitutda oxuyanda Tələbə Elmi Cəmiyyətinin konfranslarından birində münsiflər heyətinin yaşı 70-i keçmiş üzvü olan professor nəticələrə həsr olunmuş yığıncaqda çıxışına “İş insanın cövhəridi...” sözləriylə başladı, sonra məruzələrdən danışdı. Sonda fikrini yenə həmin kəlmələrlə bitirdi. Bir anlığa dayandı. Gülümsündü, sonra “Ömrünüzü bu kəlmələrin işığında yaşayın. Dizində taqət, ürəyində təpər varsa, sağlamlığın imkan verirsə, işlə. Onda özün özündən, “Mən kim olmuşam?” soruşanda cavab tapa biləcəksən...” Zəngilanda bu kəlmələrin eynini Qafar müəllimdən də eşitmişəm. Bu düşüncələr onda da, Zəngilanda da insanın işə, əməyə bağlılığının fəlsəfəsi kimi dinlənilmişdi. İllər sonra Bakıdan uzaqlarda da – Zəngilanda da eyni dərklə tarixləşmişdi...
Qəlbinin səsini ruhunun səsi bilib yaşayanlar əməli salehlərdi. Əməli salehlər mərd olur, xeyirxah olur, dürüst olur; Qafar Hüseynov belə yaşayıb, həmişə çətinə düşənlərin ümid yeri olub, gərəkli məsləhətləri haqsızlıqların dirçəlməsinə imkan verməyib, sözü keçən yerlərdə qərəzliyin (Şərin) boyu insafın, xeyirxahlığın (Xeyirin) boyundan yüksək olmayıb. Özünün məsləhət yeri özünün düşüncələri olub...
Qafar Cəfər oğlu Hüseynov Zəngilanı sevirdi. Zəngilanın müdafiə döyüşlərində ruhən döyüşənlərin sırasındaydı. O vaxtlarda Zəngilana gələndə nəfəs dərməmiş səngərlərə, əsgərlərin yanına tələsərdi, ümid verərdi, ümid alardı. Bu ümid Vətənə sevgi idi. Bu sevgi döyüşçülərin döyüş əzmini, qələbə ruhunu kükrədirdi...
“Yaxşı ad ömrü uzadar” – deyiblər. Onun adı da məhz belə adlardandır. O ad ki, insanların yaddaşında hörmətlə çəkilir, ehtiramla xatırlanır.
75 yaş…
Bu rəqəm bir ömrün hesabatıdı. Bu rəqəmdə zəhmət var, alın təri var, insanlıq var, uğur var, sınaqlar var, qələbələr var. Ömür təkcə rəqəmlərlə məhdudlaşmır. Ömür bu rəqəmlərin sərhədləri daxilində görülən yaxşı işlərdi. Xalq üçün, dövlət üçün, dövlətçilik üçün görülən gərəkli işlərdi. Belə yaşayanlar tarixdə də yaşayır, zaman-zaman yaddaşlarda da. Belə ömürləri böyük Səməd Vurğun belə ümumiləşdirmişdi:
Əbədi bir nəğmə tək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər...
Qafar Hüseynov sevərək yaşayır, sevgilərlə xatırlanır...
Qafar Cəfər oğlu Hüseynov əsl insan ömrü yaşamağın nə olduğunu işi ilə bir daha göstərdi. Bu ömürdən söz düşəndə hamı ehtiramla deyir: Yaxşı insandır...
Bayram Məmmədov,
Əməkdar müəllim