İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI AZƏRBAYCANIN BEYNƏLXALQ ƏMƏKDAŞLIĞININ PRİORİTET İSTİQAMƏTLƏRİNDƏN BİRİ KİMİ  

 şübhəsiz ki, İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri də Azərbaycanın ən yaxın tərəfdaşları və dünya ölkələri ilə uğurlu əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

Cənab Prezident İlham Əliyevin düşünülmüş, planlı, sistemli, strateji xarici siyasətinin nəticəsi kimi bu gün Azərbaycan müxtəlif regional və beynəlxalq təşkilatların işində fəal iştirak edir, onların aparıcı üzvü kimi bu təşkilatların işinə töhfə verir, bəzi zamanlarda isə onlara rəhbərlik edir.

Azərbaycanın uğurla əməkdaşlıq etdiyi və aparıcı üzvlərindən olduğu təşkilatlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır (ECO). Xatırladaq ki, 1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat 1985-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatı kimi yenidən formalaşdırılıb. Azərbaycan quruma 1992-ci ildə üzv olub.

ECO-nun sənaye əməkdaşlığı; nəqliyyat və rabitə; infrastruktur və ictimai işlər; elm, təhsil və mədəniyyət; kənd təsərrüfatı sahəsi; energetika; narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 komitəsi var. Komitələr ildə bir dəfə bir araya gəlir. Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir. İqtisadi Əməkdaşlıq Təşkilatı 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransında müşahidəçi statusu alıbdır. Ötən müddətdə Azərbaycan təşkilatın işində öz fəallığı ilə seçilib və təşkilata üzv olan digər dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurub. Təşkilat üzvlərinə xas mühüm məqamlardan biri də təşkilata üzv dövlətləri ortaq tarixi, iqtisadi və siyasi maraqların birləşdirməsidir.

Azərbaycanın İƏT-in fəaliyyətinə daim öz töhfəsini verməsi, təşkilatın üzvləri ilə iqtisadi və siyasi əlaqələrin gücləndirilməsi xarici siyasətimizin əsas istiqamətlərindəndir. Digər tərəfdən Azərbaycanın 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi etməsi ECO nəzdində Azərbaycana olan etimadın göstəricisidir. Bu toplantılarda qəbul olunmuş sənədlərdə üzv ölkələr arasında bir sıra siyasi, sosial-iqtisadi əlaqələrin əsas istiqamətləri, qarşılıqlı münasibətlərin prioritetləri öz əksini tapmışdır. Həmçinin Azərbaycanın ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi təsdiqlənməsi Azərbaycana olan etimadın daha bir göstəricisidir.

Möhtərəm Prezident İlham Əliyevin bu yaxınlarda İqtisadi Əməkdaşlıq Təşkilatının Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən 16-cı Zirvə toplantısında iştirak etməsi Azərbaycanın təşkilatın fəaliyyətinə verdiyi əhəmiyyətin daha bir nümunəsidir.

Prezident İlham Əliyevin adıçəkilən toplantıda təşkilatın mühüm fəaliyyət istiqamətlərindən biri olan energetika sahəsi ilə bağlı çıxışında qeyd etdiyi kimi Azərbaycanın günəş və külək enerjisi ilə zəngin bir ölkə kimi ölkənin enerji ehtiyaclarının ödənilməsində bərpa olunan enerji ehtiyatlarına etdiyi və yaxın gələcəkdə, xüsusilə, işğaldan azad olunmuş ərazilərimizdə hidroelektrik stansiyalarının istifadəyə verilməsi ilə bağlı planlaşdırdığı yatırımlar həm də İƏT-in işinə və onun qarşıya qoyduğu məqsədlərin yerinə yetirilməsinə verdiyi önəmdən irəli gəlir.

Onu da qeyd etmək lazımdır ki, üzv dövlətlərlə təşkilatın fəaliyyət istiqamətlərinə uyğun qarşılıqlı əlaqələrin qurulması, onlarla iqtisadi əlaqələrin genişləndirilməsi, illik ticarət dövriyyəsinin artırılması, mövcud əlaqələrin daha da gücləndirilməsi istiqamətlərində Azərbaycan tərəfindən mütəmadi olaraq atılan addımlar, edilən təkliflər, göstərilən təşəbbüslər ölkəmizin regionda və dünyada etibarlı tərəfdaş kimi nüfuzunun artmasına töhfə verir.

Ziyafət Əsgərov

Milli Məclisin deputatı