"İradəmizi heç bir qanlı hadisə sındıra bilməz"

İyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtomobilin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun və Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olmuş,  4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişlər. Erməni terrroru nəticəsində həlak olan şəhidlərimizin ailələrinə, yaxınlarına baş sağlığı verir, Allahdan rəhmət diləyirəm. Yaralanan vətəndaşlarımızın tezliklə sağalmasını arzulayıram. Düşmən öz mənfur niyyətini bir daha göstərərək, heç bir humanitar hüquqa, onun norma və prinsiplərinə əməl etmədiyini növbəti dəfə sübut etdi. Mühraibə bitsə də, erməni vandalizmi bitməyib. Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini,  o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla ərazilərimizi minalayaraq vətəndaşlarımıza qarşı cinayət əməllərini davam etdirir. 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 20 mülki şəxs həlak olub, 86 hərbi qulluqçu, 29 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  Minaya düşən insaların ailələri, övladları da çox çətinliklərlə, mənəvi-psixoloji travma ilə yaşamalı olurlar. Həlak olan insanların övladları atasız qalmış, həyat yoldaşları isə öz ömür-gün yoldaşlarını, arxalarını itirmişlər. Bu, bütövlükdə insanlıq faciəsidir!  Bu insan həyatına və sağlamlığına ciddi təhdid və təhlükədir! 
   Azərbaycan Hökuməti, Milli Məclis, Ombudsman, digər təşkiltalar, insan hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatları tərəfindən insan tələfatının qarşısının alınması məqsədilə Ermənistan Hökuməti qarşısında müvafiq tələblərin qoyulması ilə bağlı dəfələrlə beynəlxalq qurumlara müraciətlər, çağırışlar  edilmişdir. Lakin təəssüf hissi ilə qeyd etmək istərdim ki, mina xəritələrinin verilməsi ilə bağlı Ermənistana hər hansı bir beynəlxalq təyziq göstərilmir. Ötən işğalçılıq dövründə basdırılmış  minaların xəritə və sxemlərini bugünədək təqdim etməməsi Ermənistan Respublikasının Azərbaycan xalqına qarşı törətmiş olduğu təxribat xarakterli terror  aktların davamı kimi qiymətləndirilməlidir. Ermənistanın beynəlxalq hüquqdan irəli gələn öhdəlikləri yerinə yetirməməsi   Azərbaycan  vətəndaşının  İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2-ci və 8-ci maddələri, 1 saylı Protokolunun 1-ci maddəsi, 4 saylı Protokolunun 2(1) və 3(2) maddələrindən irəli gələn hüquqlarının ciddi şəkildə pozulması deməkdir. Lakin, bununla bağlı, beynəlxalq ictimaiyyət susur, Ermənitanın qarşısında hər hansı tələb qoymur. Əvəzində isə Azərbaycana qarşı əsasız iddialar irəli sürülür. Bu da ikili standartların növbəti nümunəsidir.
Azərbaycan bölgədə nəqliyyat və kommunikasiya layihələrinin reallaşması, ermən faşistlərinin xarabaya çevirdiyi ərazilərimizi yenidən bərpası, kənd və şəhərlərimizi yenidən qurulması və vətəndaşlarımızın öz doğma yaşayış məskənlərinə qayıtması, bölgədə sülh və əmin-amanlıq üçün  layihələr həyata keçirir.  Lakin  Ermənistan rəhbərliyi və onun havadarları bu prosesə, regionda sülhün və təhlükəsizliyin bərqərar olmasına ciddi surətdə maneələr yaradır. Bu isə həm prosesi ləngidir, həm də hər gün günahsız insanın həyatını və ya sağlamlığını itirməsinə səbəb olur. Onlar hesab edirlər ki, bu terror aktları, təxribatlar bizi ruhdan salacaqdır. Lakin xalqımız öz dövlətinə, ordusuna inanır. Bizim iradəmizi heç bir qanlı hadisə sındıra bilməz, biz öz doğma torpaqlarımızı erməni işğalından azad etmişik, indi bu ərazilərdə quruculuq işləri  aparılır və biz bu torpaqlarda əbədi yaşayacayıq. Bu bizim fundamental insan hüququmuzdur.
    Bir daha aidiyyəti beynəlxalq insan hüquqları təşkilatlarına müraciət edərək, baş verən bu insan hüquqları pozuntusuna etinasız qalmamağa, mandatlarından irəli gələn tələblərə məsuliyyətlə yanaşaraq Ermənistan siyasi və hərbi rəhbərliyini cinayət əməllərindən çəkindirməyə və öhdəliklərini yerinə yetirməyə çağırıram.

 

Hicran Hüseynova

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,

professor