İstanbulda “Zəfər yolundan Türk dünyasına” adlı ədəbi-bədii proqram keçirilib

Oktyabrın 11-də İstanbulun Kadıköy rayonunda yerləşən Barış Manço Kültür Mərkəzində “Zəfər yolundan Türk dünyasına” adlı ədəbi-bədii proqram keçirilib.

Azərbaycanın Zəfər tarixini, milli-mənəvi dəyərlərini və Türk dünyasının birliyini sənət vasitəsilə ifadə edən layihə teatr, musiqi və rəqs sənətini vahid səhnə konsepsiyasında birləşdirib.

Tədbirin əsas ideyası Azərbaycanın Zəfər yolundan Türk dünyasının ortaq tarixi köklərinə, mədəni irsinə və qardaşlıq münasibətlərinə uzanan mənəvi bağları sənət dili ilə təqdim etmək olub.

Proqramda teatr sənətçisi Kəmalə Cabbarovanın xüsusi səhnə təqdimatı nümayiş etdirilib. Bədii təqdimatda Vətən sevgisi, qəhrəmanlıq, şəhidlərin xatirəsi, Qarabağın azadlığı və Şuşanın tarixi-mənəvi əhəmiyyəti ön plana çəkilib.

Tədbirin musiqi və rəqs proqramında Vüsalə Əsgərova, Ozan Murat Oluç, Deniz Tekin və Pərvin Aslan çıxış ediblər. Rüzgar Dans Qrupu isə rəqs nömrələri ilə proqramın bədii məzmununu zənginləşdirib.

Layihənin diqqətçəkən xüsusiyyətlərindən biri Türk dünyasının birlik və həmrəylik ideyasının həm tədbirin məzmununda, həm də afişanın bədii tərtibatında əks olunmasıdır. Təşəbbüsə Türkiyə Azərbaycan Dərnəkləri Federası (TADEF) və üzvü olan təşkilatların, eləcə də Türkiyədə fəaliyyət göstərən çoxsaylı dərnəklərin mənəvi dəstəyi layihənin ictimai və mədəni əhəmiyyətini daha da artırıb.

Bu dəstək Türk dünyasının ortaq dəyərlər ətrafında birləşmək iradəsinin, qarşılıqlı həmrəyliyinin və mədəni bağlılığının ifadəsi kimi əhəmiyyət daşıyıb. Müxtəlif təşkilatların və sənət nümayəndələrinin eyni ideya ətrafında bir araya gəlməsi Türk dünyasının birliyinin yalnız tarixi və mənəvi bağlarla deyil, ortaq təşəbbüslər və mədəni fəaliyyət vasitəsilə də möhkəmləndiyini nümayiş etdirib.

Tədbərin iştirakçılarını və tamaşaçılarını birləşdirən əsas məqam Azərbaycanın Zəfər sevincini birlikdə yaşamaq və paylaşmaq olub. Həmin gün hər kəs eyni sevincə şərik olmaq, ortaq tarixin qürurunu duymaq və Türk dünyasının birlik ruhunu bir daha nümayiş etdirmək məqsədilə bir araya gəlib. Beləliklə, proqram ortaq tarixi yaddaşın, milli qürurun və mənəvi bağlılığın insanları vahid ideya ətrafında birləşdirən gücünü ifadə edib.

Tədbərin sonunda Vüsalə Əsgərovanın ifasında Türkiyə-Azərbaycan qardaşlığına həsr olunmuş mahnı səsləndirilib. Mahnının ifası zamanı tamaşaçılar Türk dövlətlərinin bayraqlarını qaldırıblar. Proqramın bu yaddaqalan anı Türk dünyasının birliyini, ortaq mənəvi dəyərlərini və qardaşlıq ruhunu simvolizə edib.

Layihənin rəhbəri Kəmalə Cabbarova Xarı Bülbül Azərbaycan Mədəniyyət Birliyinin və Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrının rəhbəri kimi Azərbaycan mədəniyyətinin Türkiyədə təbliği və iki ölkə arasında mədəni əlaqələrin inkişafı istiqamətində fəaliyyət göstərir.

Azərbaycan musiqisinin Türkiyədə tanıdılması və təbliği istiqamətində müxtəlif layihələrdə iştirak edən sənətçi Vüsalə Əsgərova milli musiqi irsinin daha geniş auditoriyaya çatdırılmasına töhfə verir. Onun proqramda iştirakı Azərbaycan musiqisinin və mədəni dəyərlərinin Türkiyə ictimaiyyətinə təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyıb.

Tədbirin təşkilatçısı İbrahim Özçəlik, aparıcısı Günay Əliyeva, koordinatoru isə Bəhram Afsal olub. Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, Azərbaycan mədəniyyətinin Türkiyədə tanıdılması və qarşılıqlı mədəni tanıtım layihələrinin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərən Bəhram Afsal tədbirin təşkilati işlərinin əlaqələndirilməsini həyata keçirib. Birliyin mətbuat katibi Özgür Cobutoğlu olub.

“Zəfər yolundan Türk dünyasına” layihəsi Azərbaycanın Zəfər tarixini Türk dünyasının ortaq mədəni irsi ilə əlaqələndirən, müxtəlif sənət sahələrinin nümayəndələrini və ictimai təşkilatları vahid ideya ətrafında birləşdirən ədəbi-bədii təşəbbüs kimi diqqət çəkib.

44 günlük Vətən müharibəsinin tarixini yalnız bir rəqəm kimi deyil, bütöv bir millətin ürəyində yaşatdığı duyğuların, hisslərin, qürurun və birliyin təcəssümü olan tarixi örnək kimi gələcək nəsillərə ötürmək bizim mənəvi borcumuzdur. Necə ki, biz dünəndən bizə miras qalan tarixi yaddaşı bu günə qədər yaşatmışıq, eləcə də bu günün tarixini yazmaq, yaşatmaq və sabahın nəsillərinə çatdırmaq məsuliyyətini daşıyırıq. Çünki tarix yalnız yaşandığı dövrün deyil, onu özündən sonra gələnlərə əmanət edənlərin də məsuliyyətidir.

Zəfər tariximizi yaşatmalı, gələcək nəsillərə ötürməliyik ki, onlar da bu müqəddəs yaddaşı özlərindən sonrakı nəsillərə çatdırsınlar.