İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfərini İsrail-Azərbaycan münasibətlərində yeni mərhələ kimi dəyərləndirmək üçün kifayət qədər əsaslar mövcuddur. Müharibədən sonra, xüsusilə də, bəzi qonşu dövlətlər tərəfindən Azərbaycana artan təhdidlər fonunda İsxak Hersoqun Bakıya səfər etməsi xüsusi əhəmiyyət kəsb edir. Münasibətlərin mövcud səviyyəsi və hazırkı geosiyasi situasiya bu səfərin önəmini artırır.
Mətbuat üçün birgə bəyanatda Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, "Azərbaycanla-İsrail arasında çox fəal siyasi dialoq var və bu səfər də ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir". Azərbaycanla İsrail arasında siyasi tərəfdaşlığın xarakterik xüsusiyyəti münasibətlərimizin tarixi kökə bağlı olması və tərəfdaşlığın konkret istiqamətlərdə ciddi geosiyasi nəticələrə yol açmasından ibarətdir. Azərbaycan və İsrailin hərbi əməkdaşlığı bütövlükdə regionun təhlükəsizliyində mühüm rol oynamaqdadır. Azərbaycanın İsrailin müasir avadanlığına çıxışı bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır.
Hərbi sahədə İsrail ilə əməkdaşlığın konkret müsbət nəticələrini biz 44 günlük Vətən müharibəsində gördük. 30 il işğala və təcavüzə məruz qalan dövlət kimi, təbii ki, bu tərəfdaşlıq bizim üçün çox faydalı oldu. İsrail dövlətinə olan qardaşlıq münasibətlərinin kökündə dayanan elementlərdən biri və başlıcası Vətən müharibəsindəki dəstəkdir. Digər tərəfdən, yəhudilər uzun illərdir ki, Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsidir. Ölkəmizi yəhdulərsiz təsəvvür etmək mümkün deyildir. Prezident İlham Əliyevin dediyi kimi, "yəhudi icmasının üzvləri - Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə çiyin-çiyinə vuruşublar.
İsrail Prezidenti də Bakıda olarkən bəyan etdi ki, millətlərimiz arasındakı sevgi və bağlılıq dünyanı necə dəyişdirə biləcəyimizin və irəli gedə biləcəyimizin nümunəsidir.
Bütün bu bağlılıqlar ölkələrimizə bütün sahələr üzrə əməkdaşlıq üçün böyük töhfələr verir. İsraildə Azərbaycan səfirliyinin artıq fəaliyyət göstərməsi, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıraraq daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.
İsrail ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, investisiya layihələri, interkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri, habelə irriqasiya və kənd təsərrüfatı sahəsində əməkdaşlıq, təhsil, səhiyyə, ən nəhayət müasir dövrün əsas çağırışı olan kibertəhlükəsizlik sahəsində əməkdaşlıq günün əsas tələblərindəndir.
İsrail Azərbaycanı regionda özünün əsas tərəfdaşı və nüfuzlu ölkə kimi qəbul edir. İsxak Hersoq Azərbaycan Prezidentinə xitabən açıq mətnlə bildirdi ki, Siz atanızın yolunu davam etdirərək elə bir heyrətamiz ölkə yaratmısınız ki, bura bir çox məsələlərin mərkəzinə çevrilib.
İsrail-Azərbaycan əlaqələri Qafqaz və Yaxın Şərq üçün sülh, sabitlik və dirçəliş üçün yeni imkanlar açır. Azərbaycan-İsrail əməkdaşlığı bu gün regionda terror, təcavüz təhdidlərinə qarşı və ümumi təhlükəsizlik üçün güclü vasitədir. İsrail Prezidentinin Bakıya səfəri və müzakirə olunan məsələlər təkcə iki ölkənin maraqlarına xidmət etmir, həm də bölgənin yeni dizaynının daha parlaq və cəlbedici olmasını şərtləndirir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı