“İki il bundan öncə, 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən qədim Şuşa şəhərində iki qardaş ölkənin imkanlarının birləşdirilməsini və maraqlarının birgə müdafiəsini nəzərdə tutan unikal tarixi sənəd – “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Bu il təkcə Azərbaycanın deyil, bütün türk dünyasının 100 illik yubileyini böyük təntənə ilə qeyd etdiyi Ulu Öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının, əslində, iki ölkə arasında strateji müttəfiqlik konsepsiyası olması da Şuşa Bəyannaməsinin imzalanması ilə öz təsdiqini tapdı. Bəyannamə Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən mesaj oldu. Türkiyə və Azərbaycan indiyə qədər də bütün məsələlərdə bir yerdə olublar, bundan sonra da bu birlik davam edəcək.”
Bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasının 2-ci ildönümü ilə əlaqədar mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat Şuşa Bəyannaməsinin regional sülhü təmin edən sənəd olduğunu da diqqət mərkəzinə çəkib: “ Şuşa Bəyannaməsi bütün Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin əsas qarantı kimi çıxış edən vacib tarixi sənəddir. Qeyd olunduğu kimi, artıq Türkiyə və Azərbaycan sadəcə dost və qardaş ölkələr deyil, həm də strateji müttəfiqlərdir. Bu müttəfiqliyin ən önəmli tərəfi də məhz hərbi sahədə əməkdaşlığın təmin edilməsidir. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunması ilə bağlı da razılığa gəlib. Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir yerdə olacaq və bir-birinin təhlükəsizliyini təmin edəcək. Bu isə eyni zamanda bütün Cənubi Qafqazda sülhə və təhlükəsizliyə zəmanət deməkdir.”
K.Qafarov Şuşa Bəyannaməsinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə yeni sərmayə qoyuluşunun stimullaşdırılması məsələsində mühüm rol oynadığını vurğulayaraq deyib: “Bu gün Azərbaycan işğaldan azad edilmiş torpaqlarında möhtəşəm bərpa və yenidənqurma işləri həyata keçirir. Bölgədə gedən proseslər bunu deməyə əsas verir ki, Şuşa Bəyannaməsinin icrası əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırır. Regionun artan investisiya potensialı isə yeni iqtisadi münasibətlərin formalaşmasını şərtləndirir. İşğaldan azad olunmuş ərazilərimizin və ümumilikdə regionun onsuz da yüksək olan investisiya potensialı getdikcə daha da artır. Bu artım isə, öz növbəsində bölgədə yeni iqtisadi münasibətlərin formalaşmasına yol açır. Xüsusilə Şuşa və ətraf ərazilərin gözəl turizm imkanları diqqəti cəlb edir. Bu gün işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. İqtisadi əməkdaşlıq sahəsində perspektivlərin daha perspektivli olmasını sübut edən mühüm amillərdən biri də əlbəttə ki, Türkiyə dövlətinin Şuşa şəhərində konsulluq açması niyyəti ilə bağlıdır. Bu, hər iki ölkə vətəndaşlarının, iş adamlarının Azərbaycanda, xüsusən də Qarabağ zonasında bundan sonra daha geniş fəaliyyət göstərəcəklərinə bir işarədir. Eyni zamanda da, Şuşada konsulluğun açılması Qarabağda Türkiyənin varlığını nümayiş etdirən çox mühüm siyasi mesajdır”.