Kəlbəcər Şəhəri Günü də qürurla yaşanılacaq

Yozumu “çay üstündə qala” olan Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ucalıq təkcə relyeflə bağlı deyil, həm də milli-dəyərlərə, təbii yeraltı və yerüstü sərvətlərə, malik olma kimi də anlaşılmalıdır. İstisu Kəlbəcəri tanıtma ünvanlarından biridir. Bu ucalıq həm də əsrarəngiz gözəlliklə bağlıdır...

Ermənilər hələ işğala kimi Kəlbəcərdə Başlıbel, Ağdaban faciələri törətmişdi. Kəlbəcərdə martın 27-dən aprelin 3-nə kimi döyüşlər getdi. İşğal zamanı 511 kəlbəcərli öldürüldü, 321 kəlbəcərli əsir götürüldü, itkin düşdü. Martın 27-də erməni silahlıları Tunel deyilən yerdə Kəlbəcəri tərk edənlərin qarşısını tunelin o biri tərəfində kəsdi. 82 nəfər öldürüldü, o cümlədən 50 nəfər diri-diri yandırıldı, 32 nəfər əsir götürüldü.
İşğal müddətində Kəlbəcər tamamilə dağıdılıb. Neçə-neçə tarixi abidəsi, dünyaca məşhur tarix-diyarşünaslıq muzeyi, Xudavənd məbədi dağıdılıb...
İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bəyanatın şərtlərinə əsasən Ermənistan silahlı qüvvələri Ağdamı, Laçını, Kəlbəcəri döyüşsüz tərk etdi. Kəlbəcər noyabrın 25-də azad edildi. Həmin gün Kəlbəcərin işğaldan azad edilməsi günü kimi tarixləşdi...
2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan sonra Kəlbəcərə ilk səfəri oldu. Səfər zamanı Kəlbəcərdə Azərbaycanın Dövlət Bayrağı qaldırıldı, Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murov dağında inşa olunacaq 11.6 kilometrlik tunelin, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 km uzunluğunda tunelin təməlqoyma mərasimləri keçirildi, 10/35/10 kv-lıq “Kəlbəcər” yarımstansiyasının açılışı oldu, yeni tikilən 51 kilometr uzunluğunda İstisu-Minkənd avtomobil yoluna baxış keçirildi.
2022-ci il iyunun 25-də Kəlbəcər şəhərinin Baş planı ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su zavodunun təməlqoyma mərasimləri keçirildi. 2023-cü il mayın 27-də Yanşaq kəndinin, Zallar kəndinin ilk yaşayış məhəlləsinin, 960 şagird yerlik məktəb binasının təməlqoyma mərasimləri keçirildi. “Qamışlı” Kiçik Su Elektrik Stansiyasının, “Meydan” Kiçik Su Elektrik Stansiyasınını açılışı oldu...
Bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə aparılan quruculuq işlərinin Kəlbəcərə aid müfəssəl xronikasıdır.
25 Noyabr Kəlbəcər Şəhəri Günü bunların xatırlanması Kəlbəcərin tam tikiləcəyinə inamın təzahürüdür. Kəlbəcərlilər də, ümumən bütün azərbaycanlılar da həmin günün qürurla yaşanılacağına əmindir…
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı