“KƏLƏĞAYI ƏLVAN, QIYĞACI”

O, baharda dünyaya gəldi, bayram günü - 1821-ci il matın 22-də. 105 il yaşadı, yaratdı, məclislərdə saz çaldı, söz dedi, dövranda və insanlarda gördüyü gözəllikləri təbliğ etdi, öyüd-nəsihət verdi, əyrilikləri tutarlı sözüylə qamçıladı. Baharin gəlişi ərəfəsində də 1926-cı il martın 7-də də dünyasını dəyişdi. 200 il əvvəl 105 il ömür sürən haqq aşığı, müdrik Dədə Ələsgər sanki Dədə Qorquddan bəri yol gəlmişdi, saz tutub söz qoşanlar çox oldu, Ələsgər isə sazıyla, sözüylə zülmətdə bir işıq oldu.

 

Bahar təkcə yeni fəslin - Şərq dünyasında yeni ilin gəlişi, təbiətin oyanışı, çiçəklənməsi, gecə ilə gündüzün bərabərliyi deyil, həssas və duyğulu insanlarda qanın qaynaması, hisslərin coşub-daşması dövrüdür.

 

Bahar sevgi, vüsal, əhd-peyman fəslidir, təbiətin yeni doğulmuş körpə kimi saf, payız toylarının təməlinin qoyulduğu çağdır. Çərşənbə gününü sevənlərə doğmalaşdıran, müqəddəs günə çevirən Aşıq Ələsgərin adı gələndə gənc aşiqlərin urəkləri təlatümə gəlir, qanı coşur, sevginin qanadları onları çeşmə başına aparır:

 

 Çərşənbə günündə, çeşmə başında,

 Gözüm bir alagöz xanıma düşdü.

 Atdı müjgan oxun, keçdi sinəmdən,

 Cadu qəmzələri qanıma düşdü.

 

Dədə Ələsgər aşıq poeziyasında iki qeyri-adi çərşənbə və çeşmə obrazı yaradan ozan-şairdi. Ələsgər uzaqgörənliyi çeşmə başının əvvəlki gur yığnağının olmayacağını, milli geyimli, başı kələğayılı, çiyni səhəngli, dili, gülüşü, baxışı təbii qızların naz-qəmzəsindən əsər qalmayacağını, sevgi kasadlığından gənclərin əziyyət çəkəcəklərini öncədən anlamışdı. Ona görə də həftədə heç olmasa bir gün - çərşənbə günü bir ilahi yerdə - yorulmadan sevgi nəğmələri zümzümə edən çeşmənin başında gənc aşıqləri həqiqi sevgiyə, əhd-peymana dəyər verməyə, burda təməli qoyulacaq, qurulacaq ailə ocağını qorumağa çağırırdı. Bax, budur, Dədə olmaq!

 

Ələsgər çeşmə başındakı “camalı bayram ayına bənzəyən, buxağından ətri-bənövşə gələn, qoynu gülşən, bahar, yaz olan” sərv boylu, tuti dilli, ləbi qönçə, yanağı lalə gözəlləri görəndə dövrandan, gözəllərdən şikayət edir, ağsaqqal gileyindən də əl çəkmir: “Keçən günü yada sal, qoca baxtım, daha köç təblini çal, qoca baxtım.” Ancaq gözəlin “qaş oynatması onun xəstə könlünü güldürsə də, işvəyü nazıyla adamı öldürsə də, qəmzəsində nahaq qanlar dolansa da”, aşıq-şairin ruhu əbədi cavandı:

 

 Axşam-sabah, çeşmə, sənin başına,

 Bilirsənmi, necə canlar dolanır?!

 Büllur buxaq, lalə yanaq, ay qabaq,

 Şahmar zülfü pərişanlar dolanır.

 

 ... Məni qoca gördü, ürbəndin açdı,

 Ala gözlərinə gözüm sataşdı.

 Huş başımdan getdi, xəyalım çaşdı,

 Mürgi-ruhum asimanlar dolanır. 

 

Haqq aşığı, Dədə titulları daşıyan Aşıq Ələsgərin yaradıcılığındakı bahar təravəti, dağ çayları kimi sözün, sazın çağlaması yəqin ki, onun baharda doğulmasından, bahar oğlu olmasından qaynaqlanır. O, sözün və sazın qüdrəti ilə möhtəşəm lövhələr də yaratdı, haqq aşığı kimi dövrünün eybəcərliklərini də cəsarətlə tənqid etdi, müdrik Dədə kimi öyüd-nəsihət də verdi.

 

Baharda doğulan Ələsgərin poeziyasındakı təbiətə, torpağa bağlılığın, ilahi gözəlliklərə vurğunluğun nəticəsidir ki, onun şeirləri 200 ildir ki, söz və sazsevərlərin yaddaşında əbədi yaşayır. Aşıq Ələsgərin bir neçə “Dağlar” rədili şeiri var. Bu şeirlərdə mövzu eyni olsa da, dağların hər fəsildəki halı başqadır. Poetik düşüncənin bəzəyi təşbehlər, bənzətmələr, epitetlər və digər məcazlar o qədər mükəmməldir ki, sanki Dədə Ələsgər sözlə ecazkar təbiət tablosu yaratmışdır. Ələsgər qədər dağların əzəmətini, ilahi gözəlliyini duyan aşığa Azərbaycan aşıq ədəbiyyatı təşəkkülündən bəri az-az rast rast gəlmək olar. Hər fəslin bircə misra ilə təsvirinə fikir verək:

 Hər cür çiçək açır, laləzar olur...

 Yayın əvvəlində dönərsən xana...

 Payızın zəmhəri qoyur virana...

 Xəstə üçün təpəsində qar olur...

 

Aşıq Ələsgərin şeirlərində xalqın həyatı, güzəranı, milli kökə söykənən adət-ənənələri, mənəvi dünyası, əxlaqı keyfiyyətləri, yenilməzliyi, sözübütövlüyü önə çəkilib. “Qüdrətdən səngərli, qalalı, sərdara söz deməyən, şaha baş əyməyən dağlar”ın bahar əhvalından çox yazlıb. Ələsgərin təfəkküründəki dağlarsa daha cəsarətlidi, əyilməzdi, məğrurdu, haqq-ədalət tərəfdarıdı, hamıya eyni gözlə baxır:

 

 Bahar fəsli, yaz ayları gələndə,

 Süsənli, sünbüllü, lalalı dağlar.

 Yoxsulu, ərbabı, şahı, gədanı,

 Tutmaz bir-birindən aralı dağlar.

 

Dünya ədəbiyyatının tanınmış nümayəndələrində biri Aşıq Ələsgəri “xalq universitetini bitirmiş böyük sənətkar”, Mirzə İbrahimov “xalqın ürəyindən doğan şair”, Süleyman Rüstəm Dədə Ələsgərin yaradıcılığını “xəzansız bahara bənzəyən poeziya”, aşığın tədqiqatçısı Tamilla Əliyeva “Türk xalqlarının ensiklopediyası” kimi dəyərləndirmişdir.

 

Samsunlu şair Zeynalabdin Makas bir qərinə əvvəl “Ələsgərlə söhbət” edirdi, dərdləşirdi: 

 

 Sənin hər kəlmənlə tanış olanda,

 Həyat olur bahar fəsli, Ələsgər.

 

Bu şeir yazılanda Qərbi Azərbaycanda, Göyçədə acı rüzgar yenicə əsməyə başlamışdı, Qarabağa doğru gələn qara buludlar Fransadan Azərbaycana tərəf irəliləməkdəydi. Bunu türk şair anlamışdı yəqin. O, düşmənin xislətini anlatmaq üçün hələlik daha qədim dövrə səyahət edirdi:

 ...Kərəmi oduna yaxmadan əvvəl,

 Yenə bədəsildi Əsli, Ələsgər.

  ... Doğma yurda yad ayağı dəyəndən,

 Sazının telləri paslı, Ələsgər.

 ... Biz səni Göyçəli bilirik axı,

 Necə deyim Vardenisli, Ələsgər?!

 

Axırıncı misradakı eyhamı, incə və düşündürücü məqamı unutmayaq. Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı müsahibələrinin birində qeyd edir ki, Ələsgər irsi Avropada, Amerikada, Şərq ölkələrində tanıdılmalıdır. Azərbaycan ədəbiyyatının, eləcə də Dədə Ələsgər irsinin beynəlxalq aləmdə tanıdılması Qərbi Azərbaycanın, Göyçənin və digər işğal altında inləyə-inləyə doğmalarını gözləyən torpaqların qədim-qayım Türk yurdu olmasının sübutudur. Aşıq Ələsgərin şeirlərindəki coğrafi yer adları Göyçənin əsl sahibinin kim olmasından xəbər verir. Aşığın yaradıcılığı müntəzəm və geniş araşdırıldıqca tarixin dərin qatlarına daha gur işıq düşər. Ən azı son 35 ildə erməni vandallarının ulu Göyçəmizin torpağına, tarixinə, yerüsü və yeraltı sərvətlərinə, kimliyimizin tarixi yaddaşı coğrafi adlara barbar münasibəti, şanlı tariximizin üstünə qara pərdə çəkmək cəhdi beynəlxalq aləmin diqqətinə çatdırılar. Göyçə niyə Vardenis olub sualı Qərbi maraqlandırar. Axı Ələsgər kim və haralı olduğunu şeirlərində söz möhürləriylə təsdiqləyib:

 

 Atam Alməmməddi, Göyçə sakini,

 Adım Ələsgərdi, yaxşı bil, tanı!

 ...Adım Ələsgərdi, Göyçə mahalım,

 Dolanım başına, mən qadan alım.

 

Bir tədbir haqqında da söhbət açmaya bilmərəm. Erməni ikiüzlülüyünün daha bir bariz nümunəsidr bu. 1972-ci ildə Moskvada Aşıq Ələsgərin 150 illik yubileyində Ermənistan Yazıçılar Birliyinin rəhbəri, təqribən 20 il sonrakı məlum hadisələr dövründə Türkün qatı, qansız, əzazil düşməni kimi məşhurlaşan Sero Xanzadyan Aşıq Ələsgəri xalqın bağrından qopan sənətkar, insani duyğuların ən böyük tərənnümçüsü adlandırırdı. Düşmən fikri olsa da bu dəyərlə öyünə bilərik.

 

Aşiq Ələsgərin şeirləri xalq ruhunun, mənəviyyatının güzgüsüdür. Bu güzgüdə qürur duyduğumuz anları da görürük, utancverici cəhətləri də. Haqq aşığı Ələsgər insanın daxili gözəlliyini zahiri gözəlliklə birlikdə tərənnüm edən sənətkardır.

 

Yaranma tarixi bəzi mənbələrdə IV əsrə gedib çıxan, Azərbaycan xanımlarının ənənəvi və milli geyiminin ən çox istifadə olunan elementlərindən biri kələğayı ismətin, mənəvi saflığın, xanım-xatınlığın rəmzinə çevrilmişdir. Rəng dünyası, naxış və ornament zənginliyi, istifadə yerindən asılı olaraq fərqliliyi ilə seçilən, xanımların əhval-ruhiyyəsinin - sevincinin, kədərinin, yaşının göstəricisi kələğayı baş örtüyü olmaqla yanaşı, həm də müalicə xüsusiyyətinə malikdir. O qədər incə, zərifdir ki, 150 qram çəkisi var, xanımın barmağındakı üzüyün ortasından da keçə bilir.

 

Kələğayıda ən çox yayılmış bədii naxış elementi butadır. Buta alov, atəş, həyat rəmzidir. Azərbaycanın ən qədim ipəkçilik mərkəzləri Basqalda və Şəkidə Odlar yurdunun övladları üçün odun, alovun önəmini göstərən butalı kələğayılar daha çox istehsal olunur. Kələğayılardakı nar çiçəyi və meyvəsi, aypara, həndəsi elementlər milli kimliyimizin təsdiqidir.

 

2014-cü il noyabrın 26-da YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına Azərbaycan xalqına aid daha bir əlamətdar element – “Ənənəvi kələğayı sənəti və simvolizmi, qadın baş örtükərinin hazırlanması və istifadəsi” daxil edilmişdir.

 

Bu böyük nailiyyətdə, sözsüz ki, Azərbaycan mədəniyyətinin böyük himayəçisi və fəal təbliğatçısı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolu misilsizdir. Xalqımız yaşayır, yaradır, onun tarixi və mədəni irsi hər zaman geniş təbliğ olunmalı, dünyaya, gələcək nəsillərə çatdırılmalıdır.

 

Dövlətimizin mədəni irsə, milli dəyərlərə qayğısından ruhlanaraq, kələğayı muzeyi yaratmaq ideyamı alqışlayanlar məni ruhlandırdı. Məsləhət, qayğı, kömək etmək istəyənlərin sayəsində məqsədimə nail oldum. Nənəmin “urvatı”ndan bolluca bəhrələnib kələğayımı örtüb başıma, bir yola çıxdım, uğur qazandım. İndi 150 kələğayı məndən qayğı, sığal, nəvaziş istəyir. Bundan heç yorulmuram. Axı mən həmişə hərəkətdəyəm. İşim də var, dilim də, dilçəyim də. Tanıyanlar mənə həmişə “dil-dil ötürsən” - deyirlər. Nənəmin iki kələğayısı vardı, onun nəvəsi Güllü nənənin 150. Bəli, estafeti mənə ötürən nənəmi belə keçdim. 

 

Kələğayı muzeyimi ziyarət edənlər – 150-dən çox qədim və indiki kələğayıları görüb heyrətlənənlər, televizyalar kələğayıların isti məkanınına tez-tez gəlməyi düşünürlər. Çünki bura özünəxas hiss və duyğularla doludur. Hamı da mənim kələğayıya sevgimin, qayğımın, diqqətimin haradan qaynaqlandığı ilə maraqlanır. Kələğayını ilk dəfə nənəmdə görmüşəm və ilk baxışdan sevmişəm. Nənəmin iki kələğayısı vardı - noxudu və qara rəngli. Nənəm noxudu kələğayısını mənə hədiyyə etmişdi. Dönə-dönə tapşırmışdı ki, bu nənənin gəlinlik hədiyyəsidi, urvatıdı, yaxşı saxla, qoru. Çətinlik çəkəndə - ev-eşiyim olmayıb kirayə qalanda nənəmin hədiyyəsini göz bəbəyi kimi qorumuşam. Əvvəllər kələğayıdan istifadə etməyə çəkinsəm də, necə qarşılayacaqlar narahatlığı keçirsəm də, necə qarşılandığını görüb ürəkləndim, kələğayı sevgisinin sehrinə düşdüm. Sonra yavaş-yavaş kələğayı axtarışına çıxdım, harda satıldısa, kim satmaq istədisə, pulum az olsa da aldım, bu sevgimə görə mənə kələğayı bağışlayanlar da oldu. İndi artıq bütün tədbirlərə kələğayı ilə gedirəm, ictimai yerlərdə kələğayı ilə gəzirəm. İndi mənə “kələğayı nənə” deyirlər, mənə elə xoş gəlir ki...

 

Muzey son zamanlar orijinal, bədii və estetik dəyəri yüksək, qeyri-adi, çox muzeylərin həsəd aparacağı eksponatlarla zənginləşdirilmişdir. Azərbaycan ədədiyyatının, musiqisinin, siyasətinin məşhur simaları - Nizami Gəncəvinin, Nəsimi, Xan qızı Natəvanın, Pənahəli xanın, Qasım bəy Zakirin, Üzeyir Haclbəylinin, Mirvarid Dilbazinin, Xan Şuşinskinin portretləri həkk olunmuş əlvan rəngli və naxışlı kəlağayıları - muzeyin nadir eksponatlarını görənlər heyran qalır. Kələğayı üzərində portretlər çəkilməsi tətbiqi sənətin yeniliklərindəndir ki, bu da muzeyimizdə qorunur. Hətta Nizami Gəncəvinin portreti həkk olunmuş üç kələğayı muzeydə nümayiş olunur. Bu portretlər məşhur kəlağayı ustası Mürşüd Talıbovun muzeyə hədiyyəsidi. Muzeyə hədiyyə edilən rəssam-şair Sehran Allahverdinin “Kələğayı” kompozisiyası qiymətli sənət inciləri siyahısındadır.

 

Rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri də muzeyə hədiyyə olunmuşdur. Novruz atributlarını özündə cəmləşdirən “Novruz” kələğayısında tonqal, tonqalın içində səməni, səməninin yanında boyadılmış yumurtalar, “Yallı” rəqsi ilə halaya düzülən gənclər, məğrur Qız qalası bitkin süjetli ansambl kimi mükəmməldir. Gülnarə xanım bayram əhval-ruhiyyəli əsərini - bahar günündə çeşmə başında Aşıq Ələsgərin sinəsində sazla uzaqlara baxmağını, ətrafında çiyni kuzəli, əli Novruz xonçalı kələğayılı qızların dayandıqlarını, təbiətin çiçəklənən vədəsini seyr etdiklərini canlandırdığı “Kəlağayı əlvan, qıyğacı” kompozisiyasının üzərində işini tamamlayıb muzeyə hədiyyə edəcək. Bu əsərdə sanki Aşıq Ələsgər sazını duyğularla dolu ürəyinin üstünə basıb oxuyur:

 

 Ələsgərəm, yandım eşq ataşında,

 Gözüm qaldı kirpiyində, qaşında.

 Qazdır məzarımı çeşmə başında,

 Sal sinəm üstündən yol, incimərəm.

 

Görkəmli ədəbi tənqidçi Yaşar Qarayev fikri maraqlıdır: “Azərbaycan folkloruna gedən yol Göyçədən başlayır.” Ədəbiyyatşünas və musiqişünas alim Fəxrəddin Salim “Dədə Qorquddan Dədə Ələsgərə” adlı fundamental monoqrafiyasında vurğulayır ki, Azərbaycan xalqının Göyçə kimi incisi, saz, söz, ozanlıq kimi dəyəri ölçüyə gəlməyən sərvəti vardır!

 

Göyçə saz və söz mühitinin yetişdirdiyi azman sənətkarlardan biri Aşıq Ələsgərin yaradıcılığında vəsf olunan “gülgəz yanaq”, “ayna qabaq”, “əyri telli”, “dodağı kip”, “ağzı, burnu nazik” “yaşılbaşlı sonalar”ı - el gözəllərini aşığın özü də kələğayısız təsəvvür etmirdi:

 

 Başında herat kələğay,

 Altının cunasına bax!

 Tanrı bəxtəvərinin 

  Əlinin hənasına bax!

 Boynunda mina silsilə,

 Zülfünün şanasına bax!

 Tökülü burma birçəyi,

 Ucu qulağından gəlir!

 

 Professor İsmayıl Məmmədliyə görə, Aşıq Ələsgər poeziyasında milli kolorit daha çox geyimin təsvirində üzə çıxır:

 

 Başında herat kələğay,

 Bənzər göllər sonasına.

 Deyib-gülmək halal olsun

 Belə gözəllər xasına.

 

 Bəzənib başdan-başa,

 Əbrü ətlaz, ala gözəl.

 Heratı ipək kələğay,

 Ör tüb qəddi-dala gözəl.

 Dili şəkər, dişi inci,

 Dodaq batıb bala, gözəl.

 

“Biçarə” Aşıq Alı el gözəlinin “başına kələğay, şal əvəzinə dolanmaq” istəyirdi, onun şəyirdi Dədə Ələsgər üçün isə kələğayı gözəllərin gözəllik, ismət, məsumluq rəmzidir. Kələğayılı gözəllər özləri ilə bərabər kələğayını da gözəlləşdirir, urvatlı edir:

 

Sinəm dərd əlindən oldu yaralı,

 Səni görənlərin çaşır xəyalı.

 Bürüyüb zülfünü başının şalı,

 Heratı kələğay şala yaraşır.

 

Azərbaycan gözəllərinin geyimi, baş örtüyü, danışığı, nazlı baxışı, qulac hörükləri ilə ağlı, düşüncəsi, xoş rəftarı, dilindən inci sözlər tökülməsi həmişə bir-birini tamamlayanda gözəllik aşiqləri və el aşıqları belə gözəllərə “gözəllər xası” deyiblər. El gözəlinə haqq aşığı Ələsgərin ərkyana eyhamı da o qədər səmimidir. Axı haqq aşığı üçün bütün milli dəyərlər önəmlidir:

 Gözəl, sənin nə vədəndir,

 Kəsilib qısa tellərin?

 Kələğayı əlvan, qıyğacı

 Üstündən basa tellərin.

 

Dədə Ələsgərin insanlıq, aşıqlıq meyarı bütün mənəvi keyfiyyətləri özündə birləşdirən etik-əxlaqi örnəklərdir. “Oturub-durmaqda ədəbin bilən, danışdığı sözün qədrini bilən, kəlməsindən ləlü-gövhər süzülən, saat kimi meyli haqqa dolanan, mərifət elmiylə dolu, doğru qəlbi, doğru yolu olan” Dədə Ələsgər mənəviyyat mücəssəməsiydi:

 

 Xalqa həqiqətdən mətləb qandıra,

 Şeytanı öldürə, nəfsin yandıra.

 El içində pak otura, pak dura,

 Dalısınca xoş sədalı gərəkdi.

 

 Yaxşı hörmət ilə, təmiz ad ilə,

 Mən dolandım bu Qafqazın elini.

 Pirə ata dedim, cavana qardaş,

 Ana-bacı bildim qızı, gəlini.

 

Dədə Ələsgər nəfsini boğmağı bacaran, gözütox, tamahının düşməni idi:

 

 Mən Allahdan istəmirəm

 Çox dövlətim, malım ola.

 Bir babatca güzəranım,

 Dolanmağa halım ola.

 Min batman zərim olunca,

 Bir misqal kamalım ola.

 

Ədədi araşdırmaçı S.Quliyevanın “Ustad aşıqlarımız” seriyasından nəşr olunan “Aşıq Ələsgər yaradıcılığında gənc qızlara münasibətin təhlili” kitabında (2012) bu gün üçün həssas və mühüm bir məqama toxunulur: “Aşıq Ələsgər yaradıcılığı müasir dövrdə, xüsusilə, Qərbə sürətlə inteqrasiya etdiyimiz bir vaxtda gənc qızların şəxsiyyətinin təşəkkülündə böyük psixoloji əhəmiyyətə malikdir. Belə ki, aşıq öz qoşmalarının çoxunu el gözəllərinin tərifinə həsr etməklə, nəinki onların zahiri gözəlliklərinin təsvirini, həm də onların daxili gözəlliklərinin psixoloji təsvirini vermişdir. Bu baxımdan müasir dövrdə gənc qızların davranış və rəftarının düzgün formalaşmasında, onların mənəvi və əxlaqi inkişafında Aşıq Ələsgər yaradıcılığı psixoloji baxımdan öz aktuallığı ilə seçilir... Aşıq Ələsgərin poetik irsi həm poeziyamızın üslub gözəlliyi baxımından, həm də dövrünün nəfəsini, ruhunu, mənzərəsini canlandırmaq baxımından maraq doğurur”.

 

Insan övladı üçün torpaqdan müqəddəs nemət tapılmaz. Torpaq Vətəndir, Anadır, son beşiyimizdir. Bir çox ilahi varlıqlarımızın qədrini vaxtında bilmədiyimizdən itirə-itirə gedirik. İtirdiklərimizin göynərtisindən ürəyimiz ağrıyanda peşman olsaq da, faydası olmur. Qərbi Azərbaycanın, onun gözəllik incisi Göyçənin hər qarışını haqq aşığı kimi diyar-diyar gəzən Ələsgərin yurdunun, eləcə də cənnətimiz Qarabağın bir çox ərazilərinin insanlıqdan uzaq bədxah ermənilərin tapdağında qalması el-obaya, maddi sərvətlərimizə, mənəvi dəyərlərimizə laqeyd münasibətimizin acı nəticəsidir.

 

Baharda doğulan, baharda bu fani dünyaya əlvida deyən, Azərbaycan aşıq şeirinin al-əlvan baharını yaradan, yaşadan Dədə Ələsgəri, digər saz, söz dahilərini, milli yaddaşımızın gözəllik, incəlik, ismət rəmzi kələğayımızı da qorumaq bu gün bizə tapşırılan ən vacib işdir. Bunun üçün ürəyimizdə Vətənə, torpağa, millətə, maddi və mənəvi varlıqlarımıza təmənnasız sevgi olmalıdır. Sevgimiz tükənməsin!

GÜLLÜ ELDAR TOMARLI,

MİRVARİD DİLBAZİ POEZİYA MƏCLİSİNİN SƏDRİ, KƏIAĞAYI MUZEYİNİN DİREKTORU