Könül Hacıyeva Allahyar qızı Quba Rayonu Qənidərə kəndində ziyalı ailəsində dünyaya gəlib. İki övlad anasıdır. Şeirləri mütəmadi qəzet jurnal və Antologiyalarda çap olunur.Qızıl Qələm, İlin şairi, Vətənpərvər şair, Xalq ziyalısı, diplomları ilə təltif olunub. 8 mahnı müəllifidir. Könül xanımın Kəlağayı şeiri Novruz bayramında, Anasının ona verdiyi başına örtən ipək ağ örtükdən, ilhamlanıb ərsəyə gələn, adət ənənəyə söykənən bir şeir töhfəsidir.
Bəzənibdir gözəl gəlin sayağı,
Gözəllik Allahdan, yoxdur boyağı.
Gör necə yaraşır elin qızına,
Örtübdür başına, ağ kəlağayı.
Saf ipək parçadır min cür rəngi var,
Onu örtən gözəl su sonasıdır.
Rəngbərəng boyanan incə örtüyün,
Əsasən bəzəyi gül butasıdır.
Bəzən aşiqləri dərdə salıbdır,
Dərələr aşdırıb, dağlar aşdırıb.
Torpağa sərilib, ər meydanında,
Bəzən döyüşlərdə, qan barışdırıb.
Elimin qızları gözəlliyini,
Min-min ətir saçan çiçəkdən alar.
İpək kəlağayı örtən qızların,
Xoyu-xasiyyəti ipəkdən olar
Ay Könül başına, sal kələğayı,
Onun gözəlliyi, safdır təmizdir.
İpək kəlağayı qız gəlinlərin,
Abır-həya rəmzi, ismət rəmzidir..
,, Könül Tatlı,, 20.3.20240