Krasnoyarsk diyarının qubernatoru diaspor üzvlərini təltif edib

 Xəbər verdiyimiz kimi, Krasnoyarsk diyarının qubernatoru vəzifəsini icra edən Mixail Mixayloviç Kotyukov Krasnoyarsk diyarında uzun illər etnomədəni və dil müxtəlifliyinin qorunub saxlanması, millətlərarası dostluğun möhkəmləndirilməsində fəaliyyətinə bir sıra tanınmış soydaşımızı “Təşəkkür məktubu” ilə təltif edib. Təltif olunanlar arasında Krasnoyarsk Azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin sədr müavini Nəsimi Həsənov da var. 
Mayın 20-də Rusiya Federasiyasının Krasnoyarsk şəhərindəki diyar filarmoniyasında müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əsrlər boyu xalqların dostluğu” adlı konsert keçirilib. Bu tədbirdə fəal diaspor üzvlərimizə, o cümlədən Nəsimi Həsənova “Təşəkkür məktubu”nu Krasnoyarsk diyarı qubernatorunun müavini vəzifəsini icra edən Vasili Nelyubin təqdim edib. 
Xatırladaq ki, Həsənov Nəsimi Əyyub oğlu 1963-cü ilin yanvarın 10-da Zəngilan rayonunda anadan olub. 40 ildən artıqdır ki, Rusiya Federasiyasının Krasnoyarsk şəhərində yaşayır. Krasnoyarsk Azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin sədri Taleh Mahmudovla birgə uzun illərdir diaspor fəaliyyətini yüksək səviyyədə davam etdirirlər. Şəhərin ağsaqqal diaspor üzvlərindən olan Nəsimi Həsənov daimi Vətən üçün könüllü olaraq çalışır. Onu da əlavə edək ki, birinci Qarabağ və 44 günlük Vətən müharibəsində Nəsimi Həsənov da diasporumuzun əksər üzvləri kimi Azərbaycan Ordusuna maddi və mənəvi dəstək göstərib. Nəsimi Həsənov ictimai fəaliyyətlə yanaşı, bizneslə də məşğul olur. “İmperator” restoranının sahibi olaraq soydaşlarımıza və yerli xalqa xidmət göstərir.

image-img-20230523-wa0039