Mayın 25-də Krasnoyarskda Əmək və Razılıq Mədəniyyət sarayının Böyük zalında Krasnoyarsk diyarında Azərbaycan Mədəniyyət Günləri çərçivəsində “Odlar yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblının 15 illiyinə həsr olunmuş təntənəli konsert keçirilib. Bu haqda saytımıza “Odlar yurdu” ansamblının direktoru Səadət Qarayeva məlumat verib.
Konsert proqramında tamaşaçıların sevdiyi “Tərəkəmə”, “Qaytağı”, “Yallı-zorxana”, “Şələqoy”, “Şallı-şallı”, “Cəngi”, “Çobanlar rəqsi”, “Odlar yurdu” və “Azərbaycan ritmləri” digər rəqslər ifa olunub.
Sonda “Odlar yurdu” ansamblının rəhbərliyinə Krasnoyarsk diyarı mədəniyyət naziri adından Fəxri fərman və “Təşəkkürnamə”lər təqdim edilib.
Xatırladaq ki, “Odlar yurdu” ansambl 2007-ci ildə Səadət və Ələkbər Qarayevlər tərəfindən yaradılıb. Bütün bu illər ərzində Sibir üçün unikal olan bu ansambl Aqil Cəfərovun bədii rəhbərliyi ilə inkişaf edir və nailiyyətlərini artırır.
“Odlar Yurdu” yaradıcı kollektivi 15 ildən artıqdır ki, Krasnoyarsk diyarı Azərbaycan milli-mədəni muxtariyyətinin dəstəyi ilə ümumrusiya və beynəlxalq müsabiqə və festivallarda Azərbaycan mədəniyyətini qürurla nümayiş etdirir. Xidmətlərinə görə nüfuzlu peşəkar mükafatlara layiq görülən “Odlar Yurdu” ansamblı Azərbaycanın xaricdə rəsmi “Xalq” adını almış ilk və yeganə yaradıcı kollektividir.