Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri iki ölkə arasında iqtisadi-siyasi münasibətlərin daha da güclənməsinə və inkişafına mühüm töhfə verəcək. İki ölkə arasında əlaqələrin yüksək dinamik səviyyəyə çatması üçün hər cür imkanlar mövcuddur. Çünki münasibətlərin şaxələndirilməsini şərtləndirən bir sıra siyasi-iqtisadi elementlər mövcuddur. Hər iki ölkənin keçmiş SSRİ respublikası olması birgə əməkdaşlığın qurulmasında xüsusi rol oynayıb. Hələ keçmiş ittifaq daxilində yaxşı əlaqələrə malik olan ölkələrimiz ötən əsrin ortalarından başlayaraq bir sıra sahələrdə qarşılıqlı əməkdaşlığı möhkəmləndirə bilmişdilər. Bunun nəticəsidir ki, iqtisadiyyatları və müstəqillik tarixləri bir-birinə yaxın olan Azərbaycanla Litva hər bir sahədə normal əlaqələrə malikdir. Ölkələrimiz istər siyasi, istərsə də iqtisadi məsələlərdə daha tez anlaşma əldə edirlər ki, bu da əlaqələrin güclənməsi üçün mühüm şərtlərdən biridir.
Hər iki ölkə müstəqillik əldə etdikdən sonra münasibətlər mahiyyətcə yeni mərhələyə qədəm qoyub və bütün sahələrdə əməkdaşlığın dinamikası nəzərəçarpacaq qədər böyükdür.
Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olan Litva ilə ötən illər ərzində sıx diplomatik münasibətlər qurulub, hökumətlərarası komissiyalar çərçivəsində qarşılıqlı iqtisadi əlaqələrə təkan verən layihələrin həyata keçirilməsi üçün addımlar atılıb.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Litva Respublikasına rəsmi səfəri də bu dinamikliyin daha intensivləşməsinə təkan vermiş oldu. Bu baxımdan səfər çərçivəsində imzalan sazişlər iki ölkə arasında əməkdaşlığın inkişafında yeni perspektivlər vəd edir. Belə ki, Prezident İlham Əliyev səfər çərçivəsində Litvanın Prezidenti Gitanas Nauseda və bu ölkənin Baş naziri xanım İnqrida Şimonite ilə görüşdü, ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində də Litva ilə Azərbaycan arasında əməkdaşlıq haqqında sazişlər imzalandı, ikitərəfli müzakirələr aparıldı, biznes forum təşkil edildi. Litvanın Azərbaycanla iqtisadi-siyasi münasibətləri dərinləşdirmək üçün bir sıra təkliflərlə çıxış etməsi də ölkələr arasında əlaqələrdə yeni imkanlar açıb.
Biznes forumda səslənən fikirlər də bir daha təsdiqləyir ki, ölkəmizin iqtisadi potensialı yüksəkdir, xarici investorlar üçün əlverişli mühit var. Neft-qaz sektoru ilə yanaşı, digər sahələrdə də bu imkan mövcuddur. Biznes forum bu sahədə də münasibətlərin dərinləşməsinə, iqtisadi əlaqələrin möhkəmlənməsinə böyük zəmin yaradacaq.
Qeyd etmək lazımdır ki, Litva strateji tərəfdaş kimi Azərbaycanın Qərbə inteqrasiyasında böyük imkanlara malikdir. Şərq Tərəfdaşlığı ölkələri çərçivəsində Aİ-nin Litvaya təqdim etdiyi tvinninq layihələrində Azərbaycan Litvanın ən etibarlı tərəfdaşlarından biridir. Bu günə qədər Litva Azərbaycanda 26 layihənin seçimində iştirak edib, onlardan 17-də ölkəmizin iştirakı təmin olunub. Bu baxımdan Litva Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin inkişafının tərəfdarıdır.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı