Ermənistan baş naziri N.Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında nəhayət bəyan etdi ki, ölkəmizin 86.6 min kvadratkilometrlik ərazisini tanıyır və buraya Qarabağ da daxildir. Bu həqiqəti ictimai şəkildə etiraf etmək üçün N.Paşinyan şəxsi mənada hansı psixoloji baryerləri aşmalı olub, bu, onun özünə daha çox məlumdur. 2019-cu ildə Şuşada “Qarabağ Ermənistandır və nöqtə” deyən birisinin, xüsusilə dövlət başçısının öz mövqeyindən imtina etməsi və həqiqəti dilinə gətirməsi sıradan bir hadisə deyil. Elə ona görə də etirafın könüllü şəkildə edilməsindən danışmaq yersizdir. Çünki Paşinyan buna qədər Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bəyan etsə də, Qarabağın Azərbaycan ərazisi olduğunu ictimai şəkildə etiraf etməkdən yayınırdı. Prezident İlham Əliyev elə bu səbəbdən aprelin 18-də Azərbaycan Televiziyasına verdiyi müsahibədə növbəti konkret tələbini səsləndirərək Ermənistan rəhbərliyini çıxılmaz vəziyyətə qoydu: “Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir. Çünki əgər “A” deyibsə, “B” də deməlidir”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.
Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin beynəlxalq hüquqa və tarixi ədalətə söykənən bu cür birmənalı tələbinin üstündən cəmi bir ay sonra Ermənistanın baş naziri həqiqəti dilinə gətirməyə məcbur oldu. Yəni, bu etirafın arxasında könüllülük amilinin və ya praqmatik siyasətçi mövqeyinin dayandığını düşünmək sadəlövhlük olardı. Çünki müharibə bitdikdən sonra məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə başlamış sülh danışıqları prosesində dəfələrlə görmüşük ki, Ermənistanın hökumət başçısı dünən dediyini səhəri gün təkzib etməyə də meyillidir. Vaşinqtonda bir, Brüsseldə başqa, Moskva görüşlərindən dərhal sonra isə hər ikisinə zidd bəyanatlar səsləndirən N.Paşinyan, əslində, nümayiş etdirir ki, Ermənistan müstəqil mövqe imkanlarını hər ötən gün daha çox itirməkdədir. O, Azərbaycan hakimiyyətinin qətiyyətli mövqeyi və siyasi iradəsi ilə hesablaşmağa məcbur olduğu kimi, nə qədər təzadlı görünsə də, bir-biri ilə toqquşan xarici faktorlardan da xeyli dərəcədə asılıdır. Ona görə də gözlənilən Moskva və Kişinyov görüşlərinin ardınca Paşinyanın indiki mövqeyinə sadiq qalacağı sual altındadır. Görünən odur ki, Ermənistanın siyasi rəhbərliyi faktiki olaraq çabalayır, Ermənistanı özününkü hesab edən fərqli xarici qütblərin diktəsindən kənara çıxa bilmir, onların arasında həlledici seçim etməkdə çətinlik çəkir, nəticədə isə ziddiyyətli bəyanatları ilə etibarlı və müstəqil söz sahibi olmaması ilə bağlı rəyin möhkəmlənməsinə əsas verir. Əgər belə olmasaydı, N.Paşinyanın son bəyanatından cəmi bir gün sonra-mayın 23-də onun hökumətinin xarici işlər naziri A.Mirzoyan Azərbaycanın öz suveren ərazisində qurduğu “Laçın” sərhəd-buraxılış məntəqəsinin fəaliyyətinə etiraz etməzdi. O da danılmazdır ki, N.Paşinyana kənardan göstərilən təzyiqlər getdikcə daha çox artır. Lakin onu da görməliyik ki, Paşinyan bu cür cəhdlərinin arxasında gizlənməkdə, onların mövcudluğundan sui-istifadə edərək vaxt udmaqda maraqlıdır. Bununla yanaşı, son bəyanatdan sonra Ermənistan rəhbərliyinə təzyiq edən ünvanın koordinatları özünü daha açıq şəkildə göstərməkdədir. Xankəndidəki separatçı rejimin mayın 22-si gecə saatlarında təcili toplantı keçirməsi və Ruben Vardanyan kimi alət fiqurların yenidən işə salınması bunun ilk təzahürlərindəndir. Amma həm separatçılar, həm də kənardan onlara ümid verənlər bilməlidirlər ki, Azərbaycan Prezidentinin separatçılarla bağlı mövqeyi birmənalıdır və Prezident İlham Əliyev edə bildiyini söyləyən, söylədiyini isə mütləq edən liderlərdəndir. Dövlətimizin başçısı aprel ayında Azərbaycan Televiziyasına verdiyi müsahibədə etnik erməni azlığı və separatçılarla bağlı qəti mövqeyini bu cür ifadə etmişdi: “Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar... Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər”. Təbii ki, cinayətkar separatçılar imkan tapıb gedə bilsələr...
Qeyd olunub ki, Ermənistan rəhbərliyinin ürkək də olsa, həqiqətləri yavaş-yavaş etiraf etməsinə və Vaşinqton-Brüssel-Moskva üçbucağında hələ də vurnuxmasına, bundan irəli gələn ziddiyyətli bəyanatlarına, eləcə də Parisin və Tehranın birmənalı mövqeyinə baxmayaraq, Azərbaycan hakimiyyəti təşəbbüs göstərdiyi sülh gündəliyinə sadiqdir. Prezident İlham Əliyev ölkəmizin mövqeyini mayın 22-də Litva Respublikasına rəsmi səfəri zamanı bir daha təsdiq etdi: “Biz ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək... Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir”.
“Bir neçə gündən sonra dövlət müstəqilliyimizin elan olunmasının 105-ci ildönümünü qeyd edəcəyik. Prezident İlham Əliyev bu tarixi günün ictimai-siyasi əhəmiyyəti ilə bağlı fikirlərini bu cür ifadə edib: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur”. Ermənistan siyasiləri, o cümlədən rəsmiləri tez-tez mifik tarixi keçmişlərinə və uydurma xəritələrə istinad edir, xəstə təxəyyüllərinə uyğun olaraq az qala Yer üzündə həyatın da ermənilərdən başladığını deməkdən belə, utanmırlar. Bir tərəfdə xəstə təfəkkür, uydurma tarix və bundan doğan monoetnik cəmiyyət, digər tərəfdə isə, etnik təmizləmələrə və deportasiyalara məruz qalmasına, dədə-baba torpaqlarımızın Ermənistana peşkəş edilməsinə baxmayaraq, çoxmillətliliyini, dövlətçilik ənənələrini qoruyub saxlaya və Şərqdə ilk müstəqil demokratik dövlətini qura bilmiş Azərbaycan xalqı. Elə buna görə də xalqımız ömrü cəmi 23 ay çəkmiş Cümhuriyyəti bərpa edə bildi. Dövlət Bayrağımızı isə 70 il sonra- 1990-cı il noyabrın 17-də yenidən ucaldan Ulu Öndər Heydər Əliyev oldu. Xalqımız 1993-cü ilin birinci yarısında dövlət müstəqilliyini ikinci dəfə itirmək təhlükəsi ilə üzləşdiyi və vətəndaş müharibəsinə sürükləndiyi vaxt, onun imdadına yetişən və xilaskarlıq missiyasını həyata keçirən yenə də Ulu Öndərimiz oldu. Heydər Əliyev şəxsi fədakarlığı, zəngin dövlətçilik təcrübəsi və sarsılmaz siyasi iradəsi ilə sübut etdi ki, xalqın güvəndiyi və xalqına güvənən Ümummilli Lider ən müşkül vəzifənin də öhdəsindən gələ bilir. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası həm də onun əyani nümayişi oldu ki, dövlət müstəqilliyini qorumaq və onu həqiqi mənada təmin etmək müstəqilliyi bəyan etməkdən qat-qat çətindir. Təməli Heydər Əliyev tərəfindən qoyulan və 2020-ci ildə tarixi qalibiyyət zirvəsinə yüksələn Azərbaycan heç vaxt indiki qədər güclü, siyasi və iqtisadi cəhətdən müstəqil olmayıb. Mayın 28-də dünya azərbaycanlıları üçüncü ildir ki, məhz qalib Azərbaycanın Müstəqillik Gününü qeyd edəcək. Elə həmin gün qardaş Türkiyə bütün Türk dünyası üçün tarixi əhəmiyyət daşıyan Prezident seçkilərinin ikinci turunu keçirəcək. Əminəm ki, bu seçkinin nəticəsi Ermənistanı və ona havadarlıq edən dairələri növbəti dəfə məyus edəcək. O da şübhəsizdir ki, bu tarixdən sonra Ermənistanın və onun himayədarlarının manevr və imitasiya cəhdlərinin dairəsi daha çox kiçiləcək, tarixi ədalət beynəlxalq hüquq normaları əsasında rəsmən tanınmalı olacaq”, - deyə deputat vurğulayıb.