22-23 may tarixlərində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə təhsil işçiləri və media nümayəndələri üçün “Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda keçilən təlim proqramı yekunlaşıb.
Sabahinfo.az xəbər verir ki, iki gün davam edən təlim proqramı çərçivəsində “The European Alliance” Xəbər Agentliyinin baş katibi Alexandru Giboi və İsveçrənin “Università Svizzera italiana (USI)” Universitetinin Media menecmenti, media iqtisadiyyatı və media və mədəniyyət sənayesi üzrə professoru Matthew Hibberd “Sosial media dünyasında təhsil”, “Rəqəmsal savadlılıq və Media Savadlılığı: əsas problemlər”, “Sosial texnologiya dünyasında jurnalistika” və digər mövzularla bağlı öz təcrübələrini bölüşüblər.
Proqramın bağlanış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli təlimin əhəmiyyətini qeyd edərək bildirib ki, media savadlılığı bacarıqlarının artırılmasının məqsədi məlumat istehsalı və istehlakı proseslərində savadlılıq anlayışının müasir dövrün tələblərinə uyğunlaşdırılmasını, ölkə üzrə media savadlılığı göstəricilərinin yüksək səviyyəyə çatdırılmasını, eləcə də sağlam media mühitinin inkişafını və cəmiyyətdə məlumat təhlükəsizliyini təmin etməkdir.
Sonra təlim iştirakçılarına sertifikatlar təqdim olunub.