“Özünü bütün dünyaya döyüşkən, güclü ordusu olan kimi göstərən Ermənistanın qüdrətli Azərbaycan Ordusunun qarşısında ağ bayraq qaldıraraq təslim olmasından 4 il ötür. “Böyük Tiqranın” “əsgərləri” qəhrəman türk hərbçilərinin qarşısında cəmi 44 gün duruş gətirdilər. 27 sentyabr 2020-ci ildə başlayan hərbi əməliyyatlar 8 noyabrda Şuşa şəhərinin azad olunması ilə özünün ilkin missiyasını başa vurmuş oldu. Amma Azərbaycan Ordusu tək Şuşa şəhərinin azad olunması ilə kifayənlənmirdi. Biz bütün işğal olunmuş əraziləri separatçılardan təmizləmək niyyəti və gücündə idik. 20 minə yaxın hərbçisi mühasirə altına düşmüş Ermənistan ağ bayraq qaldıraraq bizdən imdad istədi və kapitulyasiya aktına imza atmağa hazır olduğunu bəyan etdi. Üçtərəfli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına rəsmən son qoydu”.
Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, 10 noyabr bəyanatının siyasi və tarixi əhəmiyyəti ölçüyəgəlməzdir: “Üçtərəfli bəyanat bizim regionda möhkəm və uzunmüddətli sülhün bərqərar olmasına yol açdı. “Böyük Ermənistan”, “dənizdən dənizə” xülyalarına son qoyan bu bəyanat həm də 200 illik tariximizdə ilk Zəfər sənədidir. 10 noyabr üçtərəfli Bəyanatı Ermənistan üçün məğlubiyyət, Azərbaycan üçün üzə qələbə aktıdır. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaq. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılacaq. Doğrudur, Ermənistan hələlik üzərinə götürdüyü bu öhdəliyi yerinə uetirməyib, amma Azərbaycan İrəvanı sülhəməcbur edərək bu öhdəliklərin də icrasına nail olacaqdır. Çoxları düşünürdü ki, Azərbaycan 10 noyabr bəyanatı ilə ərazi bütövlüyü uğurunda apardığı davaya son qoyacaq, Xankəndi, Xocalı və bir neçə yaşayış məskənlərini ermənilərə güzəştdə gedəcək. 10 noyabr razılaşmasına əməl etməyən Ermənistan Qarabağdakı erməni silahlılarını tərksilah etmirdi, əksinə onları silahla təmin edirdi. Xankəndidə qanunsuz seçkilər, referendumlar keçirilirdi. Ermənistanın baş naziri Paşinyan qondarma Dağlıq Qarabağın olmayan müstəqillik gününü qeyd edirdi. Azərbaycan dövləti bütün bunlara dözmək fikrində deyildi. Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina etdiyi üçün Azərbaycan da adekvat addımlar atmağa məcbur oldu. Azərbaycan Prezidenti haqlı olaraq başladılan işi sona çatdırdı. Zəfər zəncirinin sonuncu xalqasınına qədər mübarizəmiz davam etdirildi. 10 noyabr razılaşmasından sonra Ağdam, Laçın, Kəlbəcər rayonları, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin qan tökülmədən qaytarıldı. 2023-cü il 23 aprel tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Ermənistandan Qarabağa silah daşınmasının, qanunsuz gediş-gəlişin qarşısı alındı. 2023-cü ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı, Əsgəran, bir sözlə, bütün Qarabağ Azərbaycanın nəzarətinə keçdi. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır”.
Millət vəkili bildirdi ki, 8 noyabrda ölkədə Zəfər Gününün, 9 noyabrda Bayraq Gününün qeyd olunması, bir gün sonra isə Ermənistanın məğlubiyyət aktına imza atmasının ildönümü bizim üçün əhəmiyyətli hadisələrdir: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi,
heç kim bu torpaqları bizə elə-belə verməyib. Danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq.” 44 günlük Vətən Müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü. Həmrəylik Azərbaycan xalqının böyük sərvəti və dəyəridir. 10 noyabr razılaşmasının arxasında Azərbayca Prezidentinin siyasi qətiyyəti, Ordumuzun gücü və xalqımızın birliyi dayanır. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.