Millət vəkili qazinin toyunda iştirak etdi 

Milli Məclisin deputatı Cavanşir Feyziyev Şəki rayonu Baş Zəyzid kəndində seçicilərlə görüşüb. Modern.az xəbər verir ki, millət vəklii seçicilərinin problemləri ilə maraqlanıb. Seçicilər kəndin üçdə bir hissəsinin hələ də qazlaşdırılmaması ilə bağlı problemin olduğunu və qış mövsümünün yaxınlaşması ilə bağlı odun tədarükündə çətinliklərlə üzləşdiklərini bildiriblər. Qaldırılan məsələlər arasında 90-cı illərdə cəbhə bölgəsində vuruşub yaralanmış keçmiş döyüşçünün bu günə qədər müharibə veteranı statusu ala bilməməsi də olub.

Onkoloji xəstəlikdən əziyyət çəkən bir xəstənin ailə üzvləri isə xərçəng xəstəliyi əleyhinə dərman preparatlarının kifayət qədər bahalı olması və bu preparatların xəstələrə pulsuz verilməsini təklif ediblər.

Deputat qaldırılan məsələlərlə bağlı aidiyyatı qurumlara müraciət olunacağını və məsələlərin həlli üçün lazımi addımların atılacağını bildirib.

Cavanşir Feyziyev sakinlərlə görüşdən sonra Vətən müharibəsi qazisi Tərlan Həsənovun toy məclisində iştirak edib, gənclərə xoşbəxtlik və ailə səadəti arzulayıb.