Bu gün dünyamızda baş verən qlobal siyasi-iqtisadi katoklizmlər fonunda ölkəmizin yeni dövrdə də dayanıqlı və davamlı inkişafını təmin etmək üçün 1990-cı illərdə öz siyasi müstəqilliyini əldə etmiş müasir demokratik Azərbaycan Respublikasının tarixinə hər zaman nəzər yetirməli və bu günkü Azərbaycanın vətəndaşı olaraq müstəqil Azərbaycan tarixinin yazılmasında iştirakı olmuş görkəmli, siyasi şəxsiyyətlərin əvəzsiz rolunu heç vaxt unutmamalıyıq.
Tariximizdə bir sıra hadisələr vardır ki, bunlar xalqımızın milli mənlik şüurunda, həmçinin azərbaycançılıq ideologiyası təfəkküründə dərin və əbədi yerə malikdir.
15 İyun – Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri, tariximizə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Günüdür. Bu gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.
Ölkəmizin ictimai-siyasi həyatına Milli Qurtuluş Günü kimi daxil olmuş bu günün xalqımızın milli yaddaş fəlsəfəsi, milli özünüdərk prosesində özünəməxsus yeri vardır.
15 iyun 1993-cü il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, Respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və davamlı inkişafın təməlini qoydu. Həmin gün Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladı.
Ulu Öndər böyük risklərə baxmayaraq xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu.
Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi.
İlk dəfə Ümummilli Lider tərəfindən Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strateqiyası elan olundu və sonrakı illərdə uğurla həyata keçirildi. Həmin vaxtdan başlayaraq müstəqil Azərbaycan dövləti anarxiyadan sabitliyə, inkişafa doğru istiqamət götürdü, qısa vaxtda ölkədə sabitlik və əmin-amanlıq bərpa edildi, Azərbaycanın tarixində yeni dövrün – faktiki müstəqilliyin, demokratiya və inkişaf mərhələsinin başlanğıcı qoyuldu.
Məhz həmin tarixi gün Azərbaycan xalqının yaddaşında Milli Qurtuluş Günü kimi həkk olundu, 1997-ci ilin iyun ayında Milli Məclis tərəfindən milli bayram elan edildi.
Prezident İlham Əliyev bu tarixlə bağlı deyib: “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Həqiqətən də 1993 – 2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub, 2003-cü ildən sonrakı dövr isə böyük yolun davamıdır.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın nəinki regionda, eyni zamanda beynəlxalq arenada güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirdi. İkinci Qarabağ-Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər məhz Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bu, nəinki döyüş meydanında əldə etdiyimiz Qələbənin, eyni zamanda dövlətin və dövlətçiliyin inkişafı, qorunmasına yönəlik bütün sahələri əhatə edən strategiyaların son 20 il ərzində uğurla davam etdirildiyinin göstəricisidir.
2023-cü ildə xalqımız Milli Qurtuluş Gününü “Heydər Əliyev İli”ndə ikiqat sevinc və qürur hissi ilə qeyd edir. Bu il həm Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Azərbaycançılıq ideologiyası ətrafında birləşmək kimi müqəddəs hissləri, eyni zamanda doğma Qarabağımızda sürətlə həyata keçirilən Böyük Qayıdışı özündə ehtiva edir.
Bu gün hər bir Azərbaycanlının arzusu düşmənin yerlə-yeksan etdiyi Qarabağı dünyanın ən gözəl guşələrindən birinə çevirməkdir. Bu işlərə dəstək olmaq məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi 2023-cü ilin dürüstləşdirilmiş dövlət büdcəsini müzakirə edərək işğaldan azad olunmuş ərazilərin bərpası üçün ayrılmış vəsaitin iki dəfəyə yaxın artırılmasını təsdiq etdi.
Qeyd edək ki, 15 iyun eyni zamanda Azərbaycan xalqının tarixində bir digər əlamətdar hadisəyə təsadüf edir ki, bu da bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edən müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması idi.
Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar əminliklə söyləməyə əsas verir ki, biz dövlət müstəqilliyimizi bir daha əldən verməyəcəyik, müstəqilliyimiz əbədi olacaq.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı