Minalara qarşı təhlükəsizliyin təmin olunması vətəndaşların məlumatlandırılmasından keçir - MEDİA

Elə bir xain düşmənlə vuruşmuşuq ki, ayağımızı atanda hansı təhlükə ilə qarşılaşacağımızı proqnozlaşdırmaq çətindir.

Trend-in məlumatına görə, bunu Media İnkişaf Agentliyinin şöbə müdiri Natiq Məmmədli "Mina təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində medianın rolu" mövzusunda keçirilən təlimdə deyib.

"Hazırda bizim qarşımızda duran əsas məsələ Vətən Müharibəsindən sonra geniş maarifləndirmənin aparılmasıdır. Bu da minalardan təmizlənmiş ərazilərdə təhlükəsizliyin təmin olunması üçün vətəndaşların məlumatlandırılmasından keçir.

Çox təəssüf ki, vətəndaşlarımızda məsuliyyət hissi tam inkişaf etməyib. Tez-tez işğaldan azad olunmuş ərazilərə qeyri-qanuni yollarla keçməyə cəhdlərin şahidi oluruq.

Digər tərəfdən təqdim olunan mina xəritələri də dəqiq koordinatları ifadə etmir.

Bu məsələ həmişə aktual olaraq qalacaq.

Bu gün müvafiq qurumlarımızın əməkdaşları minaların təmizləməsində həyatlarını riskə ataraq vəzifələrini peşəkarlıqla icra edirlər.

Bəzən yazı yazırıq o qədər də təsir gücü olmur, efir üçün material hazırlanır, effektini görə bilmirik. Hesab edirəm ki, mina qurbanı olanların hekayəsini yazmaq lazımdır. Onların hansı şəkildə həyatını itirməsi ilə bağlı məlumatlar verilməlidir.

Düzdür, dövlət təşkilatları cəbhəyanı ərazilərdə təşviqat xarakterli broşürlər paylayırlar.

Lakin biz mina qurbanları ilə bağlı 30 saniyəlik, 1 dəqiqəlik materialları işləyib hazırlasaq, daha effektiv nəticə almış olarıq.

Elə bir xain düşmənlə vuruşmuşuq ki, ayağımızı atanda hansı təhlükə ilə qarşılaşacağımızı proqnozlaşdırmaq çətindir.

Mina təhlükəsizliyi ilə bağlı keçirilən təlimlərin həm jurnalistlər, həm də cəmiyyət üçün böyük faydası var.

Hərbi reportyorların yetişdirilməsi üçün Media İnkişaf Agentliyi tərəfindən müxtəlif təlimlər keçirilib. Həmçinin "Əl Cəzirə"nin ekspertləri ADA Universitetində təlimlər keçiblər. Gələn il də bu məsələlər bizim üçün prioritet təşkil edəcək" - N.Məmmədli deyib .