"Minsk Qrupunun həmsədrləri də bu reallığı qəbul edib, özlərini buraxmalıdır"-MÜSAHİBƏ

Axar.az millət vəkili Cavanşir Feyziyevin müsahibəsini təqdim edir:

- Ötən gün Prezident İlham Əliyev yerli telekanallara müsahibə verdi. Prezident ümumi olaraq vətəndaşlarına nə demək istədi, hansı mesajları çatdırdı...

- Prezidentin yerli telekanallara dünənki müsahibəsini ötən ilin yekunlarının icmalı kimi dəyərləndirirəm. Əslində bu görüş müsahibədən çox, keçən il ərzində dövlətin apardığı iqtisadi və siyasi fəaliyyətin müzakirəsi idi. Prezident əldə edilmiş uğurlar və onunla yanaşı görülməli olan işlər haqqında ictimaiyyətə ətraflı məlumat verdi. Ümumi olaraq Prezidentin vətəndaşlara demək istədiyini ən qısa şəkildə belə ifadə edərdim: Hər bir Azərbaycan vətəndaşı öz dövləti ilə və onun apardığı daxili və xarici siyasəti ilə fəxr edə bilər.

- Son vaxtlar çörəyin qiymətinin qalxması ciddi narahatlıq doğururdu. İlham Əliyev bunun səbəblərini də izah etdi…

- Mütəxəssislərə aydın olan bəzi məsələlərin ictimaiyyətə izah olunmasına ehtiyac vardı və bunu Prezident etdi. Əlbəttə, kütləvi şəkildə insanların gündəlik həyatına təsirsiz ötüşməyən məsələlərdən biri çörək və un məmulatlarının qiymətinin artması ilə bağlıdır. Bunun dünya miqyasında taxılın qiymətinin artması ilə bağlı olması obyektiv səbəbdir. Ölkədə tələbata uyğun həcmdə taxılın istehsal olunmaması da bir sıra obyektiv səbəblərlə bağlıdır. Prezident bu səbəbləri açıqlamaqla yanaşı, bu istiqamətdə hansı imkanların olduğu və hansı işlərin görüləcəyi barədə də kifayət qədər məlumat verdi. Düşünürəm ki, kənd təsərrüfatının inkişafı və o cümlədən iri həcmli aqrar müəssisələrin yaradılması ilə bağlı Prezidentin icra qurumları qarşısında qoyduğu vəzifələr tam həcmdə yerinə yetirilsə, bir çox ərzaq məhsulları üzrə idxaldan asılılığa son qoyula bilər. Bunun üçün suvarma sistemlərinin müasirləşdirilməsi, istehsalçılar arasında aqrotexniki biliklərin genişləndirilməsi və bir çox torpaqların, xüsusilə məhsuldar Qarabağ torpaqlarının yararlı hala gətirilməsi üçün hələ çox işlər görülməlidir. Prezident də ərzaq təhlükəsizliyinin təmin edilməsini dövlətin prioritet vəzifəsi olaraq elan edib və bu sahədə aparılan işlərin ildən ilə genişləndiyini görürük.

- İlham Əliyevin iqtisadi göstəricilər, habelə manatla bağlı fikirləri də mühüm məqamlardandır. Bununla bağlı nə deyə bilərsiniz?

- Manat hazırda dünyanın ən sabit milli valyutalarından biridir. Onun sabitliyi ölkənin obyektiv makroiqtisadi göstəricilərindən və eyni zamanda hökumət tərəfindən aparılan maliyyə-monetar siyasətin düzgünlüyündən asılıdır. Ümumdaxili məhsulun artımı, idxal-ixrac proseslərində davamlı olaraq müsbət saldonun qorunub saxlanması manatın sabitliyini şərtləndirən əsas məsələlərdir. Bunu etmək üçünsə ölkə iqtisadiyyatı daim artmalıdır, xüsusilə sənaye istehsalının artımı və qeyri-neft sənaye məhsullarının ildən ilə artan ixracı ölkə daxilində maliyyə sabitliyini möhkəmləndirir. Zənnimcə, işğaldan azad olunmuş ərazilərin ölkənin iqtisadi dövriyyəsinə cəlb edilməsi mümkün olduqda bu sabitlik indeksi daha da artacaq və bununla bağlı vətəndaşların sosial təminatı da yüksələcək.

- Prezident eyni zamanda məmurlara xəbərdarlıq etdi. Bildirdi ki, son illər ərzində göstərdiyimiz qətiyyət və sözlə əməl arasında olan vəhdət hər kəs üçün dərs olmalıdır...

- Məmur problemləri bütün ölkələrdə mövcuddur. Azərbaycan da istisna deyil. Problemin kökü təkcə məmurun öz vəzifəsini vicdanlı və qanunauyğun şəkildə icra edib-etməməsi ilə məhdudlaşmır. Bu həm də idarəetmə sistemində əsaslı dəyişikliklər etməyi tələb edir. Son illər ərzində aparılmış institusional islahatlar bu problemlərin bir çoxunu həll edib. Xüsusilə ASAN Xidmətinin tətbiqi və getdikcə təkmilləşdirilməsi məmur-vətəndaş münasibətlərinə xeyli şəffaflıq gətirib və bunun nəticəsini hər bir vətəndaş gündəlik həyatında hiss edir. Yerli idarəçilik orqanlarının işinin təkmilləşdirilməsi də bu baxımdan çox faydalı ola bilər. Prezident bu məsələyə də toxunaraq bu istiqamətdə aparılan islahatların dərinləşəcəyini bildirdi.

- İlham Əliyev Laçın dəhlizi, Zəngəzur dəhlizi ilə bağlı ciddi mesajlar verdi. Prezidentin bu istiqamətdəki fikrilərini necə şərh etmək olar?

- İstər Laçın dəhlizi, istərsə də Zəngəzur dəhlizi ilk növbədə bölgədə sülh yaradılması və dinc-yanaşı yaşamaq prinsiplərinin təmin olunmasına xidmət edir. Əgər Azərbaycan Qarabağda erməni əsilli insanların yaşaması üçün bütün lazımi tədbirləri görübsə, Ermənistanın Zəngəzur dəhlizindən imtina etməsi hansı məntiqlə izah oluna bilər. Zəngəzur dəhlizinin açılmasını ləngitməklə bağlı etdiyi manevrlər Ermənistanın, yumşaq desək, səmimi siyasət yürütmədyini bir daha göstərir. Lakin Zəngəzur dəhlizinin açılacağına heç şübhə yoxdur. Bu əminliyi yaradan Azərbaycan prezidentinin qətiyyətli mövqeyidir. O, bu barədə öz mövqeyini həm beynəlxalq təşkilatlara, bütün dövlətlərin və hökümətlərin başçılarına, həm də Azərbaycan xalqına bəyan edib. Bu dəhlizin açılması həm beynəlxalq hüququn Azərbaycana verdiyi imtiyazdır, həm də 10 noyabr 2020-ci il tarixli bəyanatın tələbidir. Ermənistanın bu tələbi yerinə yetirməkdən başqa yolu yoxdur.

- Prezident eyni zamanda, Ermənistana ciddi xəbərdarlıq etdi. Bir daha Ermənistanı ərazimizi tanımağa səslədi və tarixi gerçəkləri dilə gətirdi. Demək olar ki, sülh müqaviləsi üçün son çağırışını etdi və onlara altı ay vaxt verdi. Bu barədə düşüncələriniz necədir?

- Dünyada bütün dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanıması və bir-birinin daxili işlərinə qarışmaması beynəlxalq birliyin sabitlik və təhlükəsizlik şəraitində inkişafını təmin edən əsas şərtlərdən birirdir və BMT Nizamnaməsində də öz əksini tapıb. Bir qayda olaraq bütün dövlətlər bu şərtə sözsüz əməl edirlər. Ermənistan elə bir nadir ölkədir ki, bütün dünya tərəfindən qəbul olunmuş prinsipə qarşı saymazlıq edir. Millətçilik və işğalçılıq siyasəti Ermənistan ideoloqlarını o qədər heyran edib ki, onlar bu inadkarlığı ilə özlərini bütün dünyadan təcrid etdiklərinin və dalana dirəndiklərinin də fərqində deyillər. Mənə elə gəlir ki, 44 günlük müharibə bəzi erməni siyasətçilərinə bu həqiqətləri anlatdı. Amma hələ də erməni siyasi dairələrində və cəmiyyətində reallığı başa düşməyənlər çoxdur. Ümid etmək olar ki, zaman və Azərbaycanın qəti mövqeyi hər şeyi öz yoluna qoyacaq.

- İlham Əliyev babasının məzarı üzərində dediyi fikirlərə toxundu. Onun Zəngəzurda doğulduğunu, oradan etnik təmizləməyə məruz qaldığını bildirdi. Söylədi ki, biz əcdadlarımızın yolu ilə getməliyik...

- Səfəvilərin süqutundan sonra daim daralmaqda və kiçilməkdə olan Azərbaycan bu gün özünün ən güclü dövrünü yaşayır. Vətən torpaqlarını azad görmək, onu sevə-sevə çiçəkləndirmək, əlbəttə, hər bir insanın ən müqəddəs arzusudur. Zəngəzurun, Göyçənin, İrəvanın hansı şəraitdə və necə əlimizdən alındığı sirr deyil. Amma Azərbaycan müasir dünyanın qanunlarına uyğun şəkildə, ümumbəşəri dəyərlərə əsaslanan humanitar hüquq çərçivəsində öz torpaqlarına qayıtmaq missiyasını heç zaman unutmayıb. Prezidentin Zəngəzurla bağlı dediyi fikirlər də həm hüquqi, həm də mənəvi baxımdan müasir dünya reallıqları və imperativləri ilə səsləşən fikirlərdir və onların həyata keçəcəyinə heç şübhəm yoxdur.

- Ən maraqlı məqamlardan biri də Minsk Qrupunun fəaliyyətinə zarafatla cavab verməsi, eyni zamanda onlara yol gostərməsi oldu. Siz bu barədə nə deyə bilərsiniz?

- ATƏT-in Minsk Qrupu yalnız formal olaraq mövcuddur. Praktik həyatda biz onun fəaliyyətinin nəticələrini nə işğal zamanında, nə də müharibədən sonra görürük. Bu öz-özünü dəfn etmiş bir qurumdur və bizim Minsk Qrupundan heç bir gözləntimiz yoxdur. Minsk Qrupu Qarabağ münaqişəsi ilə bağlı öz fəaliyyəti və ya daha doğrusu, fəaliyyətsizliyi ilə hazırda dünyanın müxtəlif bölgələrində mövcud olan münaqişələrin də nə zamansa belə bir formatda həll oluna biləcəyinə inamı birdəfəlik məhv etdi. ATƏT-in Mİnsk Qrupu dünya siyasət tarixində ən səmərəsiz və zərərli bir presedent kimi qalacaq. Bu da 44 günlük Vətən müharibəsinin yaratdığı bir reallıqdır. Zənnimcə, Minsk Qrupunun həmsədrləri də bu reallığı qəbul edib, özlərini buraxmalıdır.