Azərbaycan və İsrail dövlətləri arasındakı möhkəm dostluq və etibarlı tərəfdaşlıq əlaqələrinin dərin tarixi kökləri vardır. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra dövlətimizi müstəqil dövlət kimi tanıyan ölkələrdən biri məhz İsrail olmuşdur. Azərbaycanda multikulturalizm dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycan, əsasən Bakıda və Quba rayonundakı Qırmızı Qəsəbədə yaşayan on minlərlə yəhudinin vətənidir. Dağ yəhudiləri 1500 ilə yaxındır Azərbaycanda yaşayırlar. Məlum olduğu kimi İsrail dövlətinin Prezidenti İsxak Hersoq bir neçə gün öncə Azərbaycana səfər edib. İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri İsrail-Azərbaycan münasibətlərində yeni mərhələdir. Əlbəttə ki, bizim dostluq əlaqələrimiz gələcək hədəflərimizin də müəyyən edilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir. Biz Vətən müharibəsində İsrail dövlətinin və xalqının Azərbaycanın haqq işini bir daha dəstəklədiyinin şahidi olduq. Bu isə təbii ki, möhkəm dostluq əlaqələrinin bariz nümunəsi idi İsrail Azərbaycanla daha sıx əlaqələri inkişaf etdirir və Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək edir. Görüş zamanı Azərbaycan və İsrail Prezidentləri mətbuata bəyanatla çıxış edib, bir daha möhkəm dostluq əlaqələrimizin bütün sahələr üzrə təzahür etdiyini ictimaiyyətin diqqətinə çatdırıblar. Cənab Prezident ikitərəfli əməkdaşlığmızın keçmişdə olduğu kimi gələcəkdə də bütün sahələrə müsbət təsir göstərəcəyini bildirib. İsraildə Azərbaycan səfirliyinin açılması, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq. Bəzi iqtisadi rəqəmlərə nəzər salarkən görürük ki, ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur, bu da böyük məbləğdir. Bizim, dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir. Bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximiz var. Müstəqil ölkə olaraq Azərbaycanın, sadəcə, 31 yaşı var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər. Beləliklə, bu, ölkələrimiz arasında, belə deyək, mədəni körpülərdir. Buna görə onların bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir.
Səfər çərçivəsində ölkələrimiz arasında bir sıra sahələri əhatə edən rəsmi sənədlər imzalanıb ki, bu da qarşılıqlı sıx əlaqələrimizin inkişafına böyük töhfə vermiş oldu. İsrail Prezidenti İsxak Hersoq Azərbaycan Prezidentinə ifadə etdi ki, "Siz atanızın yolunu davam etdirərək elə bir heyrətamiz ölkə yaratmısınız ki, bura bir çox məsələlərin mərkəzinə çevrilib".
Bu sözün tarixi və siyasi əhəmiyyəti çox böyükdür. Bəli, bizim yolumuz Heydər Əliyev yoludur-Haqq yoludur! Dahi Heydər Əliyevin yaratdığı müstəqil müasir Azərbaycan bu gün cənab İlham Əliyevin ali rəhbərliyi ilə saysız-hesabsız uğurlara imza atır. Azərbaycan Heydər Əliyev zəkasının işığı altında beynəlxalq münasibətlər sistemində layiqli yer tutan, güclü və etibarlı tərəfdaş ölkə kimi firavan gələcəyə doğru inamla addımlayan qüdrətli dövlətdir.
Rafiq Əliyev,
YAP Yevlax rayon təşkilatının sədri