Müharibə istəmirik!

“Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bir daha bu məqamı böyük qürur hissi ilə qeyd etdi ki, müharibədə qalib gəlmək siyasi həyatının missiyası idi və uğurla başa çatdı. Müharibədə qalib gəldik, ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Eyni zamanda, bu çağırış da edildi ki, Ermənistan sülh istəyirsə, ona nail olacağıq. Çünki Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Onlara seçim hüququnu veririk. Çünki onlar heç bir hüquqi icazə olmadan ya Ermənistan vətəndaşları, ya da heç kim tərəfindən tanınmayan dırnaqarası “Dağlıq Qarabağ Respublikası”nın vətəndaşları olaraq bizim ərazidə necə yaşaya bilərlər? Bu yanaşma legitim yanaşmadır, beynəlxalq təcrübəyə uyğundur. Bu yanaşma, həmçinin separatizmə qarşı mübarizə aparan bir çox Avropa ölkələrində gördüyümüz təcrübəyə uyğundur.

Azərbaycan hər addımında sülh tərəfdarı olduğunu nümayiş etdirir. Ermənistan isə himayədarlarının dəstəyinə arxalanaraq 30 illik işğal dövründə yaşananların təkrarlanmasına çalışır. Belə ki, işğalçı dövlət ölkəmizin təklif etdiyi sülh müqaviləsinin imzalanması ilə bağlı keçirilən görüşlərdə sülh təklifini dəstəkləsə də, hələ də konkret addım atmaq istəmədiyi diqqətdən kənarda qalmır. Hansı ki, Azərbaycan sülh təklifinin uzun müddət masa üzərində qalmayacağını bəyan edib”.

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Deputatın sözlərinə görə, regionun inkişafında dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması əsasdır: “Bu baxımdan Ermənistan Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsünü dəstəkləməlidir. Prezident İlham Əliyev “Euronews” telekanalına müsahibəsində regionda baş verən proseslər, münasibətlərin normallaşdırılması, sülh üçün irəli sürülən təşəbbüslər haqqında geniş bəhs etdi. Bildirdi ki, əgər Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə, bəlkə də ilin sonunadək sülh variantını tapa bilərik”.

Əliabbas Salahzadə dövlət başçısı İlham Əliyevin “Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq” fikirlərinə söykənərək xalqımızın işğal dövründə yaşadığı faciələri, torpaqlarımızda törədilən vəhşilikləri, dağıntıları diqqətə çatdırıb: “Bütün tikililər dağıdılmış, tarixi və dini abidələrimiz yerlə-yeksan edilmişdir. İşğaldan azad edilmiş ərazilərimiz bu vəhşiliklərin təqdimatıdır. Hazırda bu ərazilərimizdə dağıntıları genişmiqyaslı bərpa-quruculuq işləri əvəz edir. Böyük Qayıdış proqramı uğurla həyata keçirilir. Soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışları davamlı xarakter daşıyır. Belə ki, Zəngilanın Ağalı və Tərtər rayonunun Talış kəndləri sakinlərinə qovuşub. Laçın şəhərinə soydaşlarımızın qayıdışı mərhələli şəkildə davam edir. Bütün bunlar Azərbaycan xalqının nə qədər qurucu xalq olduğunu, yenilməzliyini, məğrurluğunu nümayiş etdirir. 44 günlük İkinci Qarabağ müharibəsi ermənilərin yaratdığı bütün mifləri dağıtdı”.

Ə.Salahzadə onu da əlavə edib ki, dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində Ermənistandakı ermənilərə mesajlarını çatdırdı: “Qeyd etdi ki, onların dövləti ilə sülh istəyirik. Hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər. Əgər müharibə başlasa, onlar Bakıya gələcəklər, Azərbaycan öz torpaqları uğrunda döyüşməyəcək, azərbaycanlılar artıq işğalla barışıblar. Bütün bu hekayələr təbliğatdan başqa bir şey deyildi. Müharibə bu hekayələri məhv etdi. Həmçinin Ermənistanın çox sayda ideoloji sütunlarını dağıtdı. Ermənilər dərk etdilər ki, müharibəni uduzublar. İndi Azərbaycanın sülh istəyi zəiflik kimi qəbul edilə bilməz. Bu ona görədir ki, ölkəmiz tarixin bu qara səhifəsinin bağlanmasını istəyir. Azərbaycan nə bu gün, nə də gələcəkdə başqa bir müharibə istəmir”.

Deputat vurğulayıb ki, dövlət başçısı İlham Əliyev hər bir müsahibəsində dünyanın ikili standartlara əsaslanaan siyasətinə də diqqət yönəldir: “Əsas olan budur ki, dövlətimizin qətiyyəti, tarixi həqiqətlərə əsaslanan siyasəti nəticəsində ölkəmizə qarşı aparılan bütün təbliğatların əsassızlığı təsdiqlənir. Hazırda Azərbaycan regionun sülh və əməkdaşlıq məkanı kimi diqqətdədir. Bu gün sülhə əngəl olan məhz Ermənistandır. Baxmayaraq ki, işğalçı ölkə 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb, amma hələ də üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmir. Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində bu məqamları bir daha əsaslı şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Sülh sazişinin prinsiplərini müəyyən edən Azərbaycandır. Bu prinsiplər ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq səviyyədə tanınmış sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn məlum prinsipləridir”.