Münhen Konfransı və qlobal sülh problemi

Münhen Təhlükəsizlik Konfransı 1963-cü ildən bəri hər il Almaniyada keçirilən və qlobal təhlükəsizlik məsələlərinə həsr edilən beynəlxalq Forumdur. 1992-ci ilə qədər “Ümumdünya Hərbi İşlər Konfransı” adı ilə tanınan bu platforma, 1993-cü ildən etibarən “Təhlükəsizlik Siyasəti Məsələləri” adı ilə fəaliyyət göstərmiş, 1998-ci ildən Almaniya dövlətinin patronajlığı ilə “Dialoq yolu ilə barışıq” devizi altında keçirilmişdir. 2008-ci ildən isə konfrans “Münxen Təhlükəsizlik Konfransı” kimi tanınmağa başlamışdır.

İlk dövrlərdə əsasən NATO dövlətlərinin hərbi və siyasi rəhbərləri, politoloqlar və media nümayəndələrinin, 1990-cı illərdən sonra Rusiyanın, 1995-ci ildən sonra isə Şərqi Avropa ölkələrinin, eyni zamanda, Çin, Hindistan və Yaponiya nümayəndələrinin də iştirakı ilə keçirilən konfrans sözün əsl mənasında qlobal təhlükəsizlik platformasına çevrilmişdir.

Konfransın əsas məqsədi dünyada sülhün təmin olunmasında beynəlxalq əməkdaşlığı gücləndirmək, münaqişələrin qeyri-hərbi həlli yollarını araşdırmaq, mövcud riskləri qiymətləndirmək və onların inkişaf ssenariləri haqqında təsəvvür yaratmaqdır. Uzun illər dünya birliyi qlobal sülhü liberal demokratiyanın, insan haqlarının, bazar iqtisadiyyatının və çoxtərəfli əməkdaşlığın inkişafı ilə təmin etməyə çalışmışdır.

Ancaq son illərdə dəyişən siyasi reallıqlarda Avropa bəlkə də ilk dəfə sülh və təhlükəsizliyin təmin olunması üçün daha çox güc amilinin tətbiqinin doğruluğuna inanmağa başlayıb. Rusiyanın Ukraynaya təcavüzü Avropanı və bütün dünyanı insan haqları, sülh və məkdaşlıq dəyərləri ilə hesablaşmayan Rusiya ilə üz-üzə gətirib.

Münhen Konfransında vacib müzakirələrdən biri də “Rəqəmsal təhlükəsizlik” mövzusuna həsr olunmuşdu. Yeni texnoloji alətlər ənənəvi qarşılıqlı fəaliyyət üsullarının dağılması, yerli ideologiyaların sındırılması və ənənəvi qaydalara əsaslanan beynəlxalq nizamın pozulması ilə lokal, regional və qlobal təhdidləri artırır. Xalqlar və cəmiyyətlər bu cür risklərin qarşısında zəif həssaslıq nümayiş etdirirlər. Odur ki, əsas məramı sülh naminə dialoq olan Münxen Təhlükəsizlik Konfransında iştirakçılar arasında dialoqa heç vaxt bu qədər böyük ehtiyac olmayıb. Prezident İlham Əliyev 63-cü Münhen Təhlükəsizlik Konfransında təkcə aid olduğumuz regionda deyil, qlobal səviyyədə sülhün və sabitliyin təmin olunması üçün səylərin və imkanların səfərbər olunması yönündə ciddi addımlar atan və digərlərini də bu istiqamətdə səfərbər edən təşəbbüslərin müəllifi kimi çıxış edir. Bu strategiya Azərbaycanın xarici siyasət konsepsiyasının vacib istiqamətverici elementlərindən biridir.

Son illər dünyada gedən proseslər bu qənaətə gəlməyə əsas verir ki, Münhen şəhərində keçirilən konfrans qlobal güc balansının və beynəlxalq münasibətlər sistemində transformasiyanın barometrinə çevrilmişdir. Bu mənada, 2026-cı il Konfransı xüsusilə həssas beynəlxalq şəraitdə baş tutdu: Transatlantik münasibətlərdə gərginlik, regional münaqişələrin dərinləşməsi, enerji təhlükəsizliyi ilə bağlı yeni çağırışlar və rəqəmsal təhlükəsizlik sahəsində təhdidlər beynəlxalq sistemin qeyri-müəyyən mərhələyə qədəm qoyduğunu göstərdi.

Çağdaş dövrdə rəqəmsal təhlükəsizlik artıq texniki deyil, strateji gündəlikdir. Süni intellekt, böyük məlumat bazaları, kiberhücumlar və dezinformasiya milli suverenliyə birbaşa təsir göstərir. Azərbaycan informasiya təhlükəsizliyi və suverenlik prinsipinə əsaslanan mövqeyini ardıcıl şəkildə müdafiə edir. Son illərdə Bakı beynəlxalq sistemdə etimad kapitalını əhəmiyyətli dərəcədə artırmış, ölkəmiz yalnız enerji ixracatçısı və tranzit ölkə deyil, həm də regional təhlükəsizlik və əməkdaşlığın əsas dayaqlarından birinə çevrilmişdir.

Bu gün ölkəmiz ərazi bütövlüyünü təmin etmiş, suverenliyini bərpa etmiş və postmünaqişə mərhələsində sülh gündəliyini formalaşdıran aktor kimi çıxış edir. Prezident İlham Əliyev Münxendə bəyan etdi ki, Cənubi Qafqazda təhlükəsizlik yalnız region dövlətlərinin məsuliyyəti və qarşılıqlı öhdəlikləri əsasında qurulmalıdır. Bu yanaşma postsovet məkanında uzun illər hökm sürmüş geosiyasi patronaj modelinə alternativ bir siyasi baxışdır.

Konfrans çərçivəsində Azərbaycanın enerji siyasəti də xüsusi vurğulandı. Avropanın dəyişən enerji xəritəsində Azərbaycan artıq etibarlı və sistemli tərəfdaş kimi qəbul edilir. Prezident İlham Əliyev çıxışlarında enerji layihələrinin yalnız iqtisadi deyil, həm də siyasi sabitlik amili olduğunu qeyd etdi. Dövlət başçısı bəyan etdi ki, marşrutların şaxələndirilməsi qlobal risklərin azaldılmasına xidmət edir və beynəlxalq təhlükəsizlik arxitekturasının mühüm komponentidir. Azərbaycanın təqdim etdiyi model ideoloji qarşıdurmalardan yox, funksional əməkdaşlıqdan ibarətdir.

Avrasiya məkanında yeni nəqliyyat və logistika xəritəsinin formalaşdırılması da Münhen gündəliyinin mühüm mövzularından oldu. Azərbaycanın əhəmiyyətli rol oynadığı Orta Dəhliz layihəsi qlobal təchizat zəncirlərinin təhlükəsiz və alternativ marşrut üzərində qurulmasının əsas elementinə çevrilmişdir. Hazırda Cənubi Qafqazın ən vacib layihəsi hesab olunan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsi isə iqtisadi və siyasi sabitlik üçün yeni inteqrasiya xətti yaradır.

Azərbaycan Prezidentinin Münhen Təhlükəsizlik Konfransında səsləndirdiyi mövqelər, apardığı təcrübə mübadiləsi və yeni təşəbbüslər postsovet məkanında sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasına real töhfə verir. Prezident İlham Əliyevin irəli sürdüyü yanaşma — milli maraqların qorunması ilə çoxtərəfli dialoqa açıq siyasət ölkəmizin nüfuzunu beynəlxalq siyasətdə məsuliyyətli aktor və qlobal arenada etibarlı tərəfdaş kimi möhkəmləndirir. Bu yanaşma yalnız Azərbaycanın deyil, həm də qlobal təhlükəsizlik və sabitlik mühitinin dayanıqlılığı üçün parlaq bir nümunədir.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı