Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açıldı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında gənc istedadlar müsabiqəsinin qalibi – gənc rəssamın fərdi sərgisi açıldı.

Gənc rəssam Fatimə Babazadə 132-134 №-li Təhsil Kompleksinin 11-ci sinif şagirdidir. 7 yaşından rəsmlə məşğul olmağa başlayıb. Vaqif Mustafazadə adına 2№-li Uşaq İncəsənət Məktəbini bitirib. O, daha çox fələsəfi janrda şəkillər çəkir, insanla təbiətin harmoniyasını əks etdirir. Bir çox respublika və Beynəlxalq sərgilərdə iştirak edib. COP29-la bağlı sərgidə də iştirak edib.

Onun “Xarıbülbül” əsəri 2025-ci ildə Londonda keçirilən gənc istedadların “Golden Time Talent” Festivalında 15-17 yaşlılar arasında 2-ci yerə layiq görülüb. Gənc rəssam çoxlu sayda diplom və sertifikatlarla təltif olunub.

Kitabxanada açılan sərgidə gənc rəssamın çəkdiyi 16 tablo nümayiş olunacaq.

Bu gün açılan sərgidə gənc rəssamın çəkdiyi “Göygöl”, “Günəşin qürubu” “Ağ yelkənli gəmi”, “Ovalıq” və s. rəsmləri nümayiş olunur. “Trio qızlar” əsəri böyük maraq doğurur. Burada insan, xəyallar, insanın ruhani halı əks olunur. Rəssamın Van Qoqun motivləri əsasında çəkdiyi rəsmlər özünəməxsusluğu ilə seçilir.

Sərgidə Londonda 2-ci yer qazanmış “Xarıbülbül” əsəri də Van Qoq stilindədir.

Bu sərgilər “Gənclərin asudə vaxtının səmərəli təşkilinə dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar təşkil olunur.

Sərgi kitabxanada 2 ay davam edəcək.