NAXÇIVANDA “SAZLI, SÖZLÜ KƏLAĞAYI GÜNLƏRİ” KEÇİRİLR

 Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi Kitabxanasında “Sazlı, Sözlü Kəlağayı Günləri” adlı ədəbi-bədii kompozisiya keçirildi.

Kitabxananın direktoru Xumar Məmmədova milli-mənəvi dəyərlərimizin gənc nəslə təbliğ olunması baxımından tədbirin əhəmiyyətini yüksək qiymətləndirildi.
"Mirvarid Dilbazi” Poeziya Məclisi İctimai Birliyinin sədri, “Kəlağayı Muzeyi”nin direktoru, şair, publisist Güllü Eldar Tomarlı milli dəyərlərin bir atributu kimi kəlağayının geniş təbliğ olunması istiqamətində görülən işlərdən söz açıb. Vurğulayıb ki, ictimai birliyin layihəsi olaraq 2022-ci ildə “Kəlağayı Muzeyi” yaradıldı.

Güllü Eldar Tomarlı sədri olduğu birliyin təşkilatçılığı nəşr olunmuş kəlağayını vəsf edən dörd kitabı  universitetin Elmi Kitabxanasına hədiyyə etdi.

 NDU-nun Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının dosenti, şair, folklorşünas Sədaqət Nemət, Azərbaycan tarixi kafedrasının professoru, “SEVİNC” QHT-nin təsisçisi Sevinc Abbasovanın çıxışları dinlənildi.

Kəlağayıya həsr olunmuş ədəbi-bədii kompozisiyada  bildirilib ki, kəlağayı ipək sapdan hazırlanmış qadınlara məxsus dördkünc formalı baş örtüyüdür, min illərdir Azərbaycan xanımlarına yaraşıq və gözıllik verən milli-mənəvi dəyərimizdir. Ölkəmizin Qərb bölgəsində ona “çarqat” deyirlər.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin tələbələri sazda ifa etdilər, tarix-filologiya fakultəsinin tələbələri kəlağayını təbliğ edən şeirlər səsləndirdilər.

Universitetin foyesində keçirilən qədim kəlağayılar nümayiş olunan sərgi müəllim və tələbələrin böyük marağına səbəb oldu.

Qeyd olunub ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə təşkilatın Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu il kəlağayının beynəlxalq miqyasda tanıdılmasının 10  illiyidir.

Sonda tələbələr şeirlər səsləndirdi, “Belkanto” vokal qrupunun ifasında musiqilər təqdim olundu. 

Naxçıvan Qızlar Liseyində keçirilən ədəbi-bədii kompozisiyada liseyin direktoru Naxçıvan Ali Məclisinin deputatı Aida Allahverdiyeva tədbir iştirakçılarını salamladı, belə tədbirlərin Qızlar liseyində keçirilməsini alqışladı. Kəlağayının ta qədim zamanlardan məişətimizdə tutduğu yer, rəng və naxış dünyası haqqında iştirakçıları məlumatlandırdı. 

Şagirdlər qonaqları milli adət-ənənəmizə uyğun olaraq liseyin girişində milli geyimdə, kəlağayıda armudu stəkanlara süzülmüş şərbətlə, milli rəqslərlə qarşıladılar. Sonra şəhidlərimizin əziz ruhu bir dəqiqə sükutla yad edildi. Daha sonra liseyin qızlarının əl işlərinin sərgisi nümayış olundu. Qonaqlar qızların əl işlərinə heyranlığını gizlədə bilmədilər.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisi üzvü, rəssam Ülviyyə Həmzəyevanın iştirakı və geniş əhatəli çıxışı maraqla qarşılandı. Ülviyyə xanım qeyd elədi ki. Azərbaycan xanımları dünyanın hər yerində milli geyimləri və baş örtüyü ilə tanınır. Neçə-neçə yüzillərdən bəri bizə qalan nənələrimizin kəlağayısı təkcə baş örtüyü yox, həm də mənəviyyat ölçüsüdür. Dava-dalaş, nəsillər arasında qan-qadanı yatıran ipək örpək namus, ismət rəmzidir. Nənələrimiz başına yaşına, getdiyi yerə - xeyir-şərə uyğun kəlağayı bağlayardılar. Kəlağayı toylarda ən dəyərli hədiyyə idi. İlin hər fəslində sağlamlığımızı qoruyur, soyuqda istilik, istidə sərinlik verir, bəzi xəstəlikləri müalicə edir.  

Güllü Eldar Tomarlı bu möhtəşəm tədbirə dəstək və təşkilatçı olanlara təşəkkür etdi. Bildirdi ki, belə tədbirlərin ölkəmizin əksər bölgələrində keçirilməsində məqsəd xalqımızın milli-mənəvi dəyərlərini gənc nəsillərə tanıtmaq, təbliğ etməkdir, adət-ənənələrimizin, sənətimizin, mədəniyyətimizin, mənəviyyatımızın yaşadılmasıdır.

Liseyin şagirdlərinin qonaqlara təqdim etdiyi ədəbi-bədii kompozisiyada tədbir iştirakçılarına kəlağayı haqqında zəngin informasiya və bilgilər verildi.

Naxçıvan şəhər 15 saylı tam orta məktəbdə də möhtəşəm tədbir düzənlənmişdi, milli mənəvi dəyərlərimizə aid zəngin sərgi çox möhtəşəm  idi, hamının çöhrəsində sevinc vardı.  Tədbir iştirakçıları sərgi ilə tanış oldular, şagirdlərin əl işlərindən ibarət kəlağayı kollajı hamının marağını özünə cəlb etdi. Məktəbin şagirdi Ələsgər Güllü Eldar Tomarlının kəlağayılı rəsmini tədbir boyu yaratdı və təqdim etdi, şagirdlər kəlağayı ornamentləri sistemində  ən çox rast gəldiyimiz buta naxışlarını və ürək rəsmini çəkdilər, Güllü Eldar Tomarlıya hədiyyə etdilər. O, şagirdlərə bu bacarıqlarına görə sonsuz təşəkkür etdi.

Tədbirdə şəhid Xansu Qurbanovun anası Yəmən Abbasova çıxış etdi və kəlağayımızın tarixindən, bu gün onun çox önəmli, vacib baş örpəyi olmağından, istifadəsinin vacibliyindən danışdı. Şəhid Xansu Qurbanov  Naxçıvan şəhər 5 saylı məktəbin məzunudu.

Bu məktəbin məzunu olmuş İslam Eyvazovun  anası Aytən Eyvazova  kəlağayının məsuliyətindən, sehrindən danışdı. O qeyd etdi ki, bu gün şəhid analarına rəngli kəlağayılar hədiyyə olunur. Mən də, Yəmən xanım da bu gün qara yox, yaşıl rəngli kəlağayılar örtmüşük. Bu bizim qadınlarımızın simvoludur, yaraşığıdır. Nə yaxşı ki, “Sazlı, Sözlü Kəlağayı Günləri” Naxçıvanda keçirilir. 

Naxçivan Universiteində “Sazlü, Sözlü Kəlağayı Günləri”nin davamı könülaçan oldu. Universitetin rektoru Anar Kazımov tədbirə uğurlar dilədi, kəlağayımızın keçmişindən, bu günündən danışdı. Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, dosent  Nurlana Əliyeva kəlağayının istehsalı, necə başa gəlməsi haqqında  geniş məlumat verdi. Zərif ipək baş örtüyümüzün qədim naxışlarının ötürdüyü informasiyanın tariximizin dərin qatlarından gəldiyini, kəlağayının tariximizi, adət-ənənələrimizi yaşatdığını qürurla vurğuladı. 

Kəlağayı sərgisinə tələbələrin marağı hamıya qürurlu anlar yaşatdı.

Gənc nəslin milli-mənəvi dəyərlərimizə böyük sevgisi, diqqəti onu təsdiq edir ki, gələcəyimiz, mənəvi dəyərlərimiz etibarlı əllərdədir.

Ordubad şəhəri 1 saylı tam orta  məktəbdə də kəlağayı sevinci yaşandı. Məktəbin direktoru Azərbaycan Respublikasının Əməkdar müəllimi Könül İsmayılova tədbiri açıq elan edib qonaqları salamlayandan sonra belə tədbirlərin ölkəmizin müxtəlif təhsil ocaqlarında, xüsusilə orta məktəblərdə keçirilməsinin tərbiyəvi əhəmiyyətini önə çəkdi. Mənəvi dəyərlərə, əxlaq normalarına layeyd münasibətin gələcək fəsadlarının qarşısını almaq üçün belə görüşlərin sayını artırmağın zəruriliyindən söhbət açdı.  Qədim kəlağayılar sandıqdan çıxmışdı, məktəbi al-əlvan etmişdi, hamı sevinirdi, xoşbəxt idi, kəlağayıda hamı gözəl, əzəmətli görünürdü. Xalça toxuyan, daraqda yun darayan, peşəkar xəmir açan, yerindəcə  buta rəsmi çəkən  məktəbli qızlarımız milliliyə köklənmişdilər. Hamısı milli paltarda, kəlağayıda idilər

Maraqlı bədii hissə oldu. Kəlağayı haqqında şeirlər, mahnılar, deyişmələr söylənildi. 

Kəngərli rayonu, Qarabağlar kənd 1 saylı tam orta məktəbində də “Sazlı, Sözlü Kəlağayı Günləri”nin davamı etdirildi. Tədbir iştirakçılarını məktəbin direktoru Dilguşə Qurbanova salamladı. Şagirdlər şeir söylədilər, mahnı oxudular, kəlağayı haqqında səhnəciklər göstərdilər.

Qədim-qayım yurdumuz Naxçıvanda keçirilən möhtəşəm “Sazlı, Sözlü Kəlağayı Günləri” coşquyla, sevinclə, qonaqpərvərliklə, hamının gözü, könlü gülə-gülə  qarşılandı və aprel ayının 19-a kimi davam edəcək.

Azərbaycan, Naxçıvan  televiziyaları bu tədbirləri işıqlandırdı, Naxçıvan televiziyası Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, “Kəlağayı Muzeyi”nin  direktoru Güllü Eldar Tomarlıdan  geniş müsahibə aldı. 

Xalqımizın bütün milli-mənəvi dəyərlərimizə, eləcə də Azərbaycan xanımlarının namus, ismət, abır-həya rəmzi kəlağayıya sevgisi bir daha sübut edir ki, kəlağayının şöhrəti heç vaxt azalmayacaq, özümüzü  tanıdıqca daha artacaq. 

Naxçıvanda “Sazlı, Sözlü Kəlağayı Günləri” layihəsi çərçivəsində təhsil ocaqlarında görüşlər gənclərin milli ruhda böyüməsinə, mədəniyyətimizi, şərəfli tariximizi daha dərindən tanımasına bir töhfə kimi dəyərləndirildi.