15 iyun –Azərbaycan dövlətçiliyinin qurtuluş tarixidir. Müasir Azərbaycan dövlətinin banisi, Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmaqla ölkəmizin suverenliyini, müstəqilliyini xilas etdi. Azərbaycanı siyasi böhrandan, xaosdan, vətəndaş müharibəsindən, ağır iqtisadi vəziyyətdən qurtardı. Bu tarix Azərbaycanın müstəqil dövlət kimi inkişafının başlanğıcı oldu. Ölkəmiz tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu. Dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınaraq, beynəlxalq aləmin bərabər hüquqlu üzvünə çevrildi. Bütün bu uğurlara dahi şəxsiyyət Heydər Əliyevin müdrikliyi, zəngin idarəetmə təcrübəsi, uzaqgörən siyasəti sayəsində nail olundu.
Təbii ki, bu inkişafı təmin etmək heç də asan deyildi. Müstəqilliyin ilk illərində AXC-Müsavat iqtidarının səriştəsizliyi, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Ölkədə yaranmış ağır ictimai-siyasi vəziyyət işğalçı Ermənistanın Azərbaycana qarşı çirkin niyyətlərinə çatmasını asanlaşdırdı. Məhz AXC-Müsavat cütlüyünün bir illik naşı hakimiyyəti torpaqlarımızın işğalı ilə nəticələndi, Şuşa, Laçın, Kəlbəcər işğal altına düşdü. Azərbaycan xalqını belə bir ağır vəziyyətdən yalnız Ulu Öndər xilas edə bilərdi və etdi. Xilaskarlıq missiyasını öz üzərinə götürən dahi şəxsiyyət tez bir zamanda Azərbaycanı parçalanmaqdan xilas etdi. Ölkədə asayiş və qayda-qanun bərqərar edildi, nizami ordu yaradıldı. Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Ümummili Lider Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” ilə Azərbaycana nəhəng xarici sərmayələr cəlb edildi. İri neft-qaz layihələri ölkəyə iqtisadi və siyasi güc gətirdi. Bununla da Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Ölkədə ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi.
Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illər Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Ümummilli Liderin siyasətinin uğurlu davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən sürətli inkişaf dövrünü yaşayır. Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Bugünkü Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər, torpaqlarımızın 30 illik işğaldan azad edilməsi Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Bu gün güclü, qalib Azərbaycan azad edilmiş torpaqlarımızı yenidən qurur. Sürətli bərpa-quruculuq işləri, nəhəng infrastruktur layihələri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda ən yeni texnologiyalara əsaslanan müasir şəhərsalma yanaşmaları tətbiq edilir. Böyük Qayıdışa start verilərək, sakinlər uzun illər həsrət qaldığı öz doğma yurd-yuvalarına qaytarılır.
Təbii ki, bugünkü uğurlarımızın, Zəfərimizin bünövrəsi məhz 1993-cü il iyunun 15-də Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı və milli qurtuluş tariximizə əsaslanır. Artıq üçüncü ildir ki, bu şanlı tarixi ərazi bütövlüyünü bərpa etmiş, qalib dövlət kimi qeyd edirik. Azərbaycan xalqı heç vaxt Ulu Öndərin dövlətimiz qarşısında misilsiz xidmətlərini unutmayacaq. Ömrünü Azərbaycanın inkişafına həsr edən Ümummilli Lider Heydər Əliyev xalqımızın qəlbində daim yaşayacaq. Xalqımız Ulu Öndərin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Mən tam əminəm ki, nə qədər ki, Azərbaycan olacaq o qədər də Heydər Əliyev olacaq. Fürsətdən istifadə edərək, Azərbaycan xalqını 15 iyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edirəm. Bayramınız mübarək!
Emin Hacıyev,
Milli Məclisin deputatı