1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin ildə “Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi. Nəticədə Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Azərbaycanın neft-qaz sektorunda imkanları ildən-ilə genişlənir, yeni layihələrin icrası gündəmə gətirilir. “Əsrin müqaviləsi”nin imzalanmasından bu günədək əldə olunan uğurlara diqqət yetirsək, Azərbaycana artan inamın fonunda mühüm layihələrin həyata keçirildiyini görərik. Bu gün imkanlarımız nəinki ölkə daxilində, eyni zamanda, regionda və geniş mənada dünyada neft-qaz siyasətinin müəyyən edilməsində də öz rolunu oynayır.
Möhtərəm Prezident cənab İlham Əliyevin uğurlu inkişaf strategiyası nəticəsində, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər gün bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Ölkəmizdə neft-qaz sahəsində həyata keçirilən uğurlu siyasət dayanıqlı inkişafı, iqtisadi müstəqilliyi və nəticədə siyasi müstəqilliyi təmin etdi.
Cari ilin 31 may tarixində ölkə başçısı cənab İlham Əliyev 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimində iştirak etdi. Cənab Prezident İlham Əliyev tədbirdə çıxış edərək Azərbaycanın enerji sənayesinin dünya bazarında önəmli bir yer tutduğunu vurğuladı. Azərbaycanın müxtəlif enerji resurslarının zənginliyi və qənaətbəxş energetika siyasəti sayəsində, dünya enerji bazarında aktiv rol oynadığına diqqət çəkdi. Açılış mərasimindəki iştirakçılara Azərbaycanın enerji sənayesindəki son uğurlarını və irəliləyə yönlənən planlarını təqdim edərək, Azərbaycanın enerji sektorunda yeni inkişaflar üzərində işlədiyini bildirdi.
Cənab Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın Avropa qitəsində enerji daşıyıcıları sahəsində fəaliyyətini genişləndirməsinin həm ölkəmiz, həm də tərəfdaşlarımız üçün zəruri olduğunu deyərkən, məhz bu baxımdan Cənub Qaz Dəhlizinin böyük önəm daşıdığını vurğuladı. Dövlət başçımızın təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Enerji təhlükəsizliyindən danışarkən cənab Prezident bildirmişdir ki, bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur.
Ölkəmizin təşkilatçılığı ilə reallaşdırılan layihələr sayəsində Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Azərbaycan özünün zəngin neft və qaz resurslarının istehlakçılara şaxələndirilmiş marşrutlarla çatdırılması istiqamətində güclü siyasi iradə ortaya qoyur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən uğurlu enerji siyasəti ölkəmizin beynəlxalq statusunu artıran önəmli amillərdən birinə çevrilmişdir. Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır.
Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgiləri Azərbaycanın dünyada artan nüfuzunu nümayiş etdirir. Tədbirdə iştirakçılığın miqyası, ABŞ və Böyük Britaniya kimi dövlətlərin siyasi liderləri tərəfindən ünvanlanan məktublar, çıxışlarda səsləndirilən müsbət fikirlər Azərbaycanın artan nüfuzundan xəbər verir. Bu sərgi bir daha təsdiq edir ki, Azərbaycan ciddi enerji böhranı ilə üzləşmiş Avropa üçün olduqca vacib tərəfdaşdır.
Rövlan Heydərov,
YAP Naftalan şəhər təşkilatının sədri